BAŞINI DİK TUT, ŞƏHİD ATASI
Sosial həyat

BAŞINI DİK TUT, ŞƏHİD ATASI

Xalqımızın hərb tarixinə böyük qələbə, şanlı zəfər kəlmələri ilə həkk olunmuş 44 günlük Vətən müharibəsindən üç il keçir. Döyüş meydanlarında düşmənin başına od yağdıran, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlər bir an da unudulmur, əziz xatirələri daim ürəklərdə yaşayır.

Vətənin belə igid, mərd, qeyrətli oğullarından biri - Cavanşir Namiq oğlu Həmidli Lerik rayonunun Çayrud kəndindən cəbhəyə yola düşüb. Şəhadətə yetişəndə cəmi 23 yaşı olub. Qısa, lakin nəsillərə örnək olan bir ömür yaşayıb.

 Cavanşir 1997-ci ilin oktyabr ayının 20-də Lerik rayonunun Çayrud kəndində ziyalı ailəsində dünyaya göz açıb. Uşaqlıq, məktəb illəri doğma kənddə keçib. Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alıb.

2019-cu ilin iyul ayında Cavanşir həqiqi hərbi xidmətə çağırılıb. "N" saylı hərbi hissənin "Həmlə" Əlahiddə Əməliyyat Taborunda xüsusi təyinatlı əsgər kimi xidmət edib. Təlimlərdə hərbi texnikanın və silahların istifadəsində nümunə göstərdiyinə, yüksək döyüş qabiliyyəti nümayiş etdirdiyinə görə komandirlərin rəğbətini qazanıb.

Vətən müharibəsi başlayanda Cavanşir ön cəbhəyə göndərilməsi barədə hərbi hissə komandirinə raportla müraciət edib. Ən qaynar nöqtələrdə xidmətə başlayıb. Düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə misilsiz şücaət, qəhrəmanlıq göstərib.

Tərtər, Ağdərə, Talış və Suqovuşan istiqamətlərində strateji yüksəkliklərin alınmasında, Füzuli və Cəbrayıl rayonlarının mərkəzi də daxil olmaqla bir sıra yaşayış məntəqələrinin azad olunmasında igidlik, qəhrəmanlıqla dolu döyüş yolu keçib. Düşmənin xeyli canlı qüvvəsini, texnikasını məhv edib. Dəfələrlə yaralı yoldaşlarını döyüş meydanından çıxarıb, özü yenidən döyüşə atılıb.

Cavanşir Həmidli Vətən, torpaq və müqəddəs üçrəngli Bayrağımız uğrunda hər an canını fəda etməyə hazır idi. Elə müharibənin onuncu günü Cəbrayıl rayonunun Nuzgər kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Atası Namiq Həmidov sonuncu dəfə oğlunu müharibədən bir neçə ay əvvəl görüb. Xidmətdə olduğu hərbi hissəyə gedib. Oğlunun döyüş meydanına yollandığını eşidib.

Cavanşir mərd, cəsarətli, qorxmaz bir oğul idi. Hərbi xidmətini başa vurmasına cəmi iki ay qalırdı, - deyə Namiq söhbətə başlayır. Vətəni canından artıq sevirdi. İlk vətənpərvərlik dərsini əmisi, tanınmış hərbi həkim, Birinci Qarabağ müharibəsinin iştirakçısı, məşhur travmatoloq-ortoped Əbülfət Həmidovdan alıb. Əbülfət Vətən müharibəsinə oğlu, ürək-damar cərrahı Anarla birlikdə könüllü gedərək yüzlərlə əsgər və zabitin həyatını xilas edib, ayaqlarını amputasiya etmədən müalicə ilə sağaldıb.

Cavanşir sonuncu dəfə valideynləri ilə Cəbrayıl rayonu alınanda danışıb. Atası Namiq, anası Aybəniz xanım onun qəhrəmanlığı ilə fəxr etdiklərini, qürur duyduqlarını deyirlər.

Cavanşir ailə həyatı qurmağı da planlaşdırıb. Hərbi xidmət dövründə məzuniyyətə gələndə anasına sevdiyi qız barədə danışıb, elçi getməsini istəyib. Lakin arzusu yarımçıq qalıb. Sevdiyi, könül bağladığı qız Çayrud kəndinə gələrək onun məzarını ziyarət edib.

Dayısı Nəsrəddin Rzayev xalqımıza qələbə sevincini yaşadan, ölkəmizi qalib ölkə kimi dünyaya tanıtdıran Cavanşir kimi igidlərin, qəhrəmanların bugünkü və gələcək nəsillərə nümunə olduğunu deyir. Qarabağ müharibəsində Çayruddan 5 nəfərin şəhid olduğunu, kəndin mərkəzində şəhidlərin xatirəsi şərəfinə abidə ucaldıldığını, bulaq tikildiyini bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçusu, əsgər Cavanşir Namiq oğlu Həmidli ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Bu günlərdə qəhrəman şəhidin uyuduğu doğma Çayrud kəndində anım mərasimi keçirilib. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhidin ailə üzvləri, qohumları, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, kənd sakinləri şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra ehsan süfrəsi açılıb, Cavanşir Həmidlinin ruhuna dualar oxunub, parlaq xatirəsi ehtiramla yad edilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".