DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN ÖLKƏSİNDƏKİ SİLAHLI İNSİDENTLƏRİ ABŞ-IN “EPİDEMİYASI” ADLANDIRIB

ABŞ prezidenti Cozef Bayden Missisipi ştatında baş verən atışmadan sonra silahlı zorakılığı “epidemiya” adlandırıb. “Report”un məlumatına görə, Amerika lideri Konqresi bununla “artıq indi” mübarizə aparmaq üçün addımlar atmağa çağırıb.

“Bu ilin əvvəlindən 48 gün keçir və ölkəmiz artıq ən azı 73 kütləvi atışma ilə üzləşib. Düşüncələr və dualar kifayət deyil. Silah zorakılığı epidemiyadır və Konqres indi hərəkətə keçməlidir”, - deyə Bayden bildirib.

Dövlət başçısı həmçinin Missisipidə atışma baş verəndən bu günədək federal hüquq-mühafizə orqanlarının ştat hakimiyyəti ilə sıx əlaqədə olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, Cozef Baydenin sözlərinə görə, o, yerli administrasiyaya federal hakimiyyət orqanları tərəfindən tam dəstək verilməsini əmr edib.

 

HULUSİ AKAR: TÜRK ORDUSU FƏLAKƏTİN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASINA MÜHÜM DƏSTƏK VERİR

Türkiyənin milli müdafiə naziri Hulusi Akar episentri Kahramanmaraş vilayətində olan iki dağıdıcı zəlzələdən zərər çəkən ölkənin bölgələrinin tezliklə bərpasına ümid etdiyini bildirib. “Trend” agentliyinin məlumatına görə, bu barədə nazir quru qoşunları komandanı Musa Avsever ilə birlikdə Türkiyə ordusunun uçuşların koordinasiya  mərkəzini ziyarət edən zamanı bəyan edib.

Nazir qeyd edib ki, zəlzələlərdən dərhal sonra Türkiyə Silahlı Qüvvələri fəlakət zonasına xilasedicilər, həkimlər və humanitar yardımların çatdırıldığı “hava yardım dəhlizi” yaradıb. Bu da, öz növbəsində, yaralıların sürətli şəkildə təxliyəsinə kömək edib.

“Fevralın 6-dan indiyədək təbii fəlakət zonasında 65 təyyarə və 66 helikopter, eləcə də 41 PUA-nın iştirakı ilə 2602 uçuş qeydə alınıb. Bu, təsiredici rəqəmdir. 32 qəsəbəyə, 152 kəndə yardım paylamaq mümkün olub”, - deyə Hulusi Akar vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin desant gəmiləri olan “TCG Sancaktar” və “TCG Bayraktar” xəstəxanalara çevrilərək zərərçəkənlərə tibbi xidmət göstərir.

 

İRAN PUA-LARLA İSRAİL TANKERİNƏ HÜCUM EDİB

Ərəbistan dənizində İsrailin azı bir gəmisi  hücuma məruz qalıb və bu hücum İran tərəfindən həyata keçirilib. “Report”un verdiyi xəbərə görə, bu barədə “BBC” agentliyi məlumat yayıb.

Bildirilir ki, Böyük Britaniyanın dənizdə təhlükəsizlik üzrə şirkəti “Ambrey Intelligence” Ərəbistan dənizində üç gəminin pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qaldığını bildirib.

Verilən xəbərə görə, İsrail gəmisinə PUA-larla hücumu İslam İnqilabı Keşikçiləri Korpusunun bölməsi həyata keçirib.

Məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində israilli iş adamı Eyal Oferə məxsus “Campo Square” tankerinə “Şahed” PUA-ları ilə hücum edib. Pentaqon və digər müdafiə nazirliklərindəki mənbələr bu məlumatı təsdiqləyib.

Eyni zamanda, mənbələrin bildirdiyinə görə, eyni bölgədə “Pacific Zicron” və “Mercer Street” tankerləri də hücuma məruz qalıb.

 

“TİKTOK” SOSIAL ŞƏBƏKƏSI AVROPADA İKİ MƏRKƏZ AÇMAQ NİYYƏTİNDƏDİR

Çinin “TikTok” sosial şəbəkəsi Avropada məlumat emalı üzrə daha iki mərkəz açmaq və avropalı istifadəçilərin məlumatlarını ora ötürmək qərarına gəlib. “Trend”in verdiyi xəbərə görə, bu barədə şirkətin Avropa şöbəsinin rəhbəri Riçard Uotervort sosial şəbəkənin saytında xəbər verib.

“Cəmiyyətimizin böyüməsi ilə əlaqədar olaraq Avropada məlumatların saxlanması imkanlarını genişləndirməyə çalışırıq. İrlandiyada məlumat emalı üzrə mərkəzin yaradılması planının hazırlanması bitmək üzrədir”, - deyə Riçard Uotervort vurğulayıb.

Bununla yanaşı, Riçard Uotervort “TikTok”un avropalı istifadəçilərinin məlumatlarının ötürülməsinin bu il başlayacağını və 2024-cü ilədək davam edəcəyini bildirib. Hazırda istifadəçilər haqqında məlumatlar Sinqapur və ABŞ-da saxlanılır.

Məlumat üçün qeyd edək ki, qısa videolar yükləməyə imkan verən “TikTok” sosial şəbəkəsi 2017-ci ildə istifadəyə verilib. Sosial şəbəkənin Avropa ölkələrində istifadəçilərinin sayı 150 milyonu keçib.

 

ALMANİYADAN UKRAYNA İLƏ BAĞLI YENİ ADDIM

Almaniya Ukraynaya dəstək məqsədilə yeni addım atıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, ölkə hökuməti silah sənayesi üçün 100 milyard avroluq əlavə paket ayırıb.

“Biz başa düşməliyik ki, təhlükəsizliyimiz üçün ən mühüm silah və sursatların istehsalını artırmalıyıq”, - deyə Almaniya kansleri Olaf Şotlz vurğulayıb.

Kanslerin sözlərinə görə, artıq müdafiə qabiliyyətinin gücləndirilməsi, eyni zamanda Ukraynaya yardımın artırılması istiqamətində addımlar atılır. “Xüsusilə, bir neçə onilliklər əvvəl dayandırılmış “Leopard” özüyeriyən texnikaları üçün döyüş sursatlarının istehsalı bərpa olunur. Bu məsələ tanklar üçün döyüş sursatlarına da aiddir”, - deyə kansler diqqətə çatıdırıb.

Eyni zamanda, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya silah tədarükü üçün vəsaitin əhəmiyyətli dərəcədə artırılmasını zəruri hesab edib: “Maliyyə Nazirliyi ilə danışıqlar zamanı hərbi idarənin planlaşdırıcıları cari büdcəyə kəskin əlavənin ehtiyac olduğunu bildirdilər. Bu, 2023-cü ildə təxminən ikidən altı milyard avroya qədər artmalıdır”.

 

ABŞ-DAN TÜRKİYƏYƏ 380 TON HUMANİTAR YARDIM GÖNDƏRİLİB

Amerika Birləşmiş Ştatları  zəlzələdən zərər çəkən Türkiyəyə humanitar yardımlar göndərməyə davam edir. “Report” agentliyinin ABŞ bürosu xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfirliyində qurulan humanitar yardım məntəqəsinə hər gün 60 tona yaxın yardımlar göndərilir.

Məlumata əsasən, Birləşmiş Ştatlardan humanitar yardımların toplanılması üçün səfərbər olan Türkiyə səfirliyinin inzibati binasına sadəcə paytaxt Vaşinqtondan deyil, ətraf şəhər və ştatlardan da yardımlar göndərilir. Təbii fəlakətdən sonra ABŞ-dan zəlzələ bölgəsinə ümumilikdə 380 ton humanitar yardım yola salınıb.

Bununla yanaşı, gün ərizində fasiləsiz çalışan səfirlik əməkdaşlarına türk icmasının fəalları və amerikalı könüllülər də köməklik göstərirlər.

Verilən xəbərə görə, humanitar məntəqəyə göndərilən yardımlar gün ərzində könüllülər tərəfindən qablaşdırılır və hər gün karqo təyyarələri, gəmilər vasitəsilə ABŞ-dan zəlzələ bölgəsinə yola salınır.

Bildirilir ki, humanitar məntəqəyə daha çox təbii fəlakət bölgəsində xüsusi ehtiyac duyulan qalın geyimlər, ayaqqabılar, quru qidalar, çadırlar göndərilir. Bağlamaların içindən zəlzələ qurbanlarına ünvanlanmış xoş arzuların və duaların yazıldığı mesajlar da çıxır.

 

TACİKİSTANDA BAŞ VERƏN QAR UÇQUNU ZAMANI ÖLƏNLƏRIN SAYI ARTIB

Xilasedicilər Tacikistanda  baş verən qar uçqunu nəticəsində daha bir qurbanın cəsədini tapıblar. Bununla da fəlakət nəticəsində ölənlərin ümumi sayı 18 nəfərə çatıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, respublikanın Xoroq şəhərində qarın altından yerli universitetin iki qız tələbəsindən birinin cəsədi tapılıb.

Bununla yanaşı, ölkənin xilasetmə idarəsi vətəndaşları yaxın üç gün ərzində yeni uçqunun ola biləcəyi barədə xəbərdar edib.

Xilasedicilər həmçinin əhalini bu günlərdə dağlarda gəzintidən, ovdan, balıq tutmaqdan və mal-qara otarmaqdan imtina etməyə çağırıblar.

Qeyd edək ki, çərşənbə günü Tacikistanın Dağlıq Bədəxşan vilayətində və Varzob rayonunda bir neçə güclü qar uçqunu baş verib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.