Bəşəriyyət mədəniyyətlə yüksələcək
Mədəniyyət

Bəşəriyyət mədəniyyətlə yüksələcək

15 Aprel Beynəlxalq Mədəniyyət Günüdür

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Hüseyn CAVİD.

“Mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür”. Bu fikirləri Prezident İlham Əliyev 2019-cu il mart ayının 1-də ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bildirib. Bu tarixi görüş Azərbaycan dövlətinin mədəniyyətimizə həqiqi münasibətini ortaya qoymaqla yanaşı, onun inkişafı üçün yeni üfüqlərin açılmasında mühüm rol oynadı.

Mədəniyyətimizin hərtərəfli inkişafı, beynəlxalq aləmdə tanınması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən başlayaraq, ölkə həyatının bütün sahələri kimi, mədəniyyətimiz də intibah dövrünü yaşamışdır. Ölkənin hər yerində kinoteatr, klub, mədəniyyət evləri, kitabxana və muzeylər inşa edilmiş, kino, musiqi, teatr, rəssamlıq və digər sahələrdə nailiyyətlər əldə olunmuşdur. Ötən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəlində yaranan ictimai-siyasi böhran mədəniyyət aləminə də təsirsiz qalmadı. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan mədəniyyətinə də yeni nəfəs gəldi. Sonrakı illərdə sənətə, sənətkara diqqət artdı, görkəmli mədəniyyət xadimlərinin fəxri adlara, Prezident təqaüdünə, müxtəlif mükafatlara layiq görülməsi, bir sözlə, Azərbaycan mədəniyyətinin inkişafı naminə çox mühüm qərarlar qəbul edildi.

2003-cü ildə hakimiyyətə gələn İlham Əliyev ulu öndərin əsasını qoyduğu uğurlu inkişaf strategiyasını davam etdirərək həyatın bütün sahələrində inkişafa nail oldu. Bu inkişaf mədəniyyət sahəsində də yeni layihələrin, Dövlət proqramlarının həyata keçirilməsində, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılmasında, yaradıcı fəaliyyətə stimul verilməsində özünü qabarıq göstərdi.

Dövlət başçısı ötən illər ərzində mədəniyyət sahəsilə bağlı 650-dən çox fərman və sərəncam imzalayıb.

Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında, təbliğində Heydər Əliyev Fondunun fəaliyyəti əvəzsizdir. Bu istiqamətdə Fond ilk olaraq Azərbaycan muğamının təqdimatını ön plana çəkdi. Fondun prezidenti Mehriban Əliyevanın muğamla əlaqədar həyata keçirdiyi layihələr misilsiz uğur qazandı.

“Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır”, - deyən Mehriban xanım Əliyevanın Azərbaycan musiqisinin inciləri olan muğamların öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti çoxşaxəlidir. Bu istiqamətdə ilk nailiyyətlərdən biri “Qarabağ xanəndələri” adlı albom nəfis tərtibatla hazırlanaraq dinləyicilərin ixtiyarına verildi. Bu albom “Azərbaycan Mədəniyyətinin Dostları” və Heydər Əliyev Fondunun həyata keçirdiyi “Muğam-irs” layihəsinin ilk albomudur. Mehriban xanım Əliyeva “Qarabağ xanəndələri” layihəsi haqqında danışarkən deyirdi: “Balaca muğam ifaçılarını adətən “Qarabağ bülbülləri” adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağı lazımdır”.

Bu fikri Mehriban xanım təxminən 20 il əvvəl söyləmişdi, Qarabağın işğal altında olduğu zamanlarda. İndi azaddır Qarabağ, onun sakinləri illərin həsrətindən sonra doğma torpaqlarına qayıdır, qurub-yaradırlar. Yeni kəndlər, yaşayış məskənləri salınır, xəstəxanalar tikilir. Tikilən yeni məktəblər öz kiçik sakinlərini qoynuna alır, bərpa olunan məscidlərimizdən azan səsi yüksəlir. Bir vaxt çadır şəhərciklərində dünyaya göz açan uşaqlar da o torpaqlara qayıdır, Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağından ruhlanaraq xoş avazla oxuyurlar:

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

“Qarabağın şikəstəsi!”

Zümrüd QURBANQIZI,

“Respublika”.