Mədəniyyət

"Bir arzu gerçəkləşir"

İncəsənət həyatın hər sahəsində əhəmiyyətli rol oynayır və sənətkarlar tarix boyu duyğularını, düşüncələrini ifadə etmək üçün fərqli yollardan istifadə edirlər. İncəsənət hər hansı bir dövrün yaşayış tərzini, inanclarını və mədəni dəyərlərini əks etdirməklə yanaşı, fəlsəfi və estetik anlayışları da ifadə edir.

Cəmiyyət dəyərləri baxımından incəsənət insanları bir araya gətirən, duyğularımızı ifadə etməyə imkan verən və ortaq dil formalaşdıran bir vasitədir. Bununla yanaşı, incəsənət bəzi hallarda mövcud estetik ahəngə qarşı çıxaraq müstəqil ifadə tərzi də nümayiş etdirir. Hər bir sənətkar dünyanı fərqli baxış bucaqlarından izah edir. Belə sənətkarlardan biri də tanınmış azərbaycanlı rəssam Aida Mahmudovadır.

Aida Mahmudova ''YARAT'' Müasir İncəsənət Mərkəzinin təsisçisidir. 2011-ci ildə Bakıda fəaliyyətə başlayan ''YARAT'' vasitəsilə tədbirlər təşkil edib. Tanınmış rəssam Sent-Martin adına İncəsənət və Dizayn Mərkəzi kollecinin təsviri incəsənət üzrə bakalavr dərəcəsinə malikdir. Müxtəlif texnika və vasitələrdən istifadə edən rəssamın əsərləri beynəlxalq səviyyədə sərgilənir. Aida Mahmudova bu günə kimi Belçika, London, Roma, Nyu-York, Moskva, Tbilisi və Bakı kimi şəhərlərdə beynəlxalq fərdi sərgilər təşkil edib.

Rəssamın aprel ayının 22-də İstanbulun Beşiktaş rayonunda "Bir arzu gerçəkləşir" adlı fərdi sərgisi açılıb. "Vision Art Platform"da təşkil olunan sərgidə Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva, diplomatik korpusun əməkdaşları, tanınmış rəssamlar, media nümayəndələri və qardaş ölkənin digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan sənətşünas Fırat Arapoğlu rəssamın materialların mahiyyətinə vararaq konkret obrazlar, abstrakt və yarıabstrakt formalar vasitəsilə dünyanın sirrini açmağa çalışdığını vurğulayıb: ''Aida Mahmudova yaradılışın mahiyyəti ilə bağlı araşdırmalarını bir filosof kimi davam etdirir və bütün qaranlıq məqamları aşkara çıxarmaq üçün ciddi cəhd göstərir. Onun fəaliyyəti qeyri-adi kitabdakı fəsillər kimidir, hər bir əsər və yeni mərhələ yaradıcılığının yeni-yeni məziyyətlərini ortaya çıxarır''.

F.Arapoğlu deyib ki, tanınmış rəssamın fəaliyyəti təbiətin möhtəşəm gözəlliyini ifadə etmək üçün yazılan şeiri xatırladır. Uilyam Vordsvortun həzin duyğulu xatirələri kimi Aida xanımın da əsərləri dərin təfəkkürə sövq edir və insanlar onun kompozisiyalarının dərinliklərində özlərini unudaraq sənətin sehrinə qapılırlar.

Sənətkar əsla səthi ifadə tərzi ilə kifayətlənmir və görünməyən reallıqları təsvir etməyə çalışır. Aida Mahmudova material və avadanlıqları ifadə etməklə, istilik, işıq, rəng və maddə ilə həyata keçirdiyi təcrübələr vasitəsilə çox dərin məna çalarlarına malik əsərlər ərsəyə gətirir və beləcə, insanlar və əsərlər arasında instinktiv əlaqələrin yaradılmasına rəvac verilir. Bu nöqteyi-nəzərdən, Aida Mahmudovanın əsərləri innovativ materiallar və yanaşmalarla səciyyələnir və avanqard düşüncə tərzi konkretləşir. Sənətkar dərin ifadələr yaratmaq üçün innovativ metodlardan istifadə edir. Bunların funksionallığına nail olmaq üçün manipulyasiyalar həyata keçirir və nəticədə incəsənət və real dünya arasında sərhəd tam mənası ilə dərk edilmir.

Onun əsərləri insanı incəsənətlə bağlı düşüncələrini yenidən nəzərdən keçirməyə sövq edir və dünyanı fərqli bir baxış bucağından dərk etməyə səsləyir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.