Xalqımızın mənəvi dünyası naxışlarda yaşayır
Mədəniyyət

Xalqımızın mənəvi dünyası naxışlarda yaşayır

5 May Xalçaçı Günüdür

Arxeoloji materiallar və yazılı mənbələr göstərir ki, ölkəmizdə xalçaçılıqla hələ Tunc dövründən məşğul olmağa başlamışlar. Eramızdan əvvəl birinci və ikinci minilliklərdə aşkar edilmiş bəzi tapıntılar Azərbaycanda xalça sənətinin qədim tarixə malik olduğunu göstərir. Həmçinin arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilmişdir. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən xalçalarımız XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə ixrac edilirdi. Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Və həmin dövrdə Azərbaycan xalça sənəti bir neçə istiqamətdə inkişaf edərək, çoxcəhətli xarakter daşımışdır. Respublikamızın müxtəlif rayon və kəndlərində bu sənətin ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev bu sahənin inkişafı ilə bağlı bir çox qərarlar qəbul edib. Ölkə başçısı 7 dekabr 2004-cü il tarixində "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Bu qanunun təsdiqindən az sonra, 2005-ci il fevralın 7-də "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq etdirilməsi barədə Fərman imzalayıb. Bu sənədlər Azərbaycanda xalçaçılığın inkişafına xüsusi diqqətin göstəricisidir. Azərbaycan Prezidentinin 2016-cı il 5 may tarixli Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətin məqsədi xalçaçılığı inkişaf etdirərək ölkədə bu istiqamətdə güclü sənaye potensialının yaradılması və bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. "Azərxalça"nın sex və emalatxanalarında toxunan xalçalarda istifadə edilən ənənəvi naxışlar klassik xalça kompozisiyalarının sayını artırır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq olub.

Ölkəmizdə yüz illərdən bəri xalça toxunsa da, xalçaçıların öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə hər il may ayının 5-i "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - "Xalçaçı günü" kimi qeyd olunur. Bu gün artıq "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin 20-dən çox filialı fəaliyyət göstərir.

Birinci vitse-prezident Mehriban Əliyeva milli mədəniyyətimizin inkişafında böyük rolu olan xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olmuşdur. Belə ki, onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs nümunələri siyahısına daxil edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, xalçaçılığın çox böyük potensialı var: "Dövlət vəsait ayırıb, bütün bu fabriklər dövlət hesabına tikilir, həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq".

Qeyd etmək lazımdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət və qayğı yoxdur. Xalçaçılıqla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də gələcək nəsillərə ötürülür.

Röya RÜSTƏMLİ,

"Respublika".