Neokolonializmə qarşı qlobal mübarizə güclənir
Siyasət

Neokolonializmə qarşı qlobal mübarizə güclənir

Azərbaycan müasir dövrdə Fransanın davam etdirmək istədiyi neokolonializm siyasətinə qarşı mübarizədə ön sıradadır.

İlk dövrlərdə Qoşulmama Hərəkatına sədrliyimiz dövründə başladılan xoşməramlı kampaniya Bakı Təşəbbüs Qrupu ilə şaxələndi, bu gün isə geniş vüsət alıb. BMT prinsiplərindən uzaq idarə edilən 17 müstəmləkə ada var və ölkəmizin mütəşəkkil təşkil etdiyi tədbirlər bilavasitə orada yaşayan xalqların mübarizə simvoluna çevrilib. Buna ən bariz nümunə həmin müstəmləkələrdə neokolonizalizmə qarşı keçirilən aksiyalarda qaldırılan Azərbaycan bayrağıdır.

Fevralın 24-də İstanbulda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən "Dekolonizasiya: İntibahın oyanışı" ("Decolonization: Awakening of the Renaissance") adlı beynəlxalq konfrans keçirilib. Əsas məqsədi müstəmləkəçilikdən zərər çəkən bölgələrin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması olan tədbir öz məqsədinə nail olub. Tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə iştirak edib. Məhz BTQ-nin sayəsində dünya Fransanın müstəmləkə bölgələrində törətdiyi vəhşiliklərin şahidi olub. Konfransda Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Karlil Korbin, Fransız Qvianası Assambleyasının (Parlament) vitse-prezidenti Samanta Fransua Siriak, Yeni Kaledoniyanın xarici işlər, mədəniyyət, gənclər və idman naziri Mikael Forrest, BMT-nin idarəcilik üzrə eksperti, Martinika Assambleyasının deputatı Lük Fransız Karol, Fransız Polineziyası parlamentində Avropa və xarici işlər Komissiyasının sədri More Maamaatuaiahutapu, Korsika parlamentinin sabiq prezidenti Jan-Qi Talamoni, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jan-Jakop Bisep, Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun tədqiqatçısı (SETA) Tunç Demirtaş və başqaları çıxış ediblər.

Aparılan müzakirələrdən sonra iştirakçılar adından Fransa prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb. Məktubda Fransa prezidentinə BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək 60 ildən çoxdur qəbul olunan sənədlərə baxılması və Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların üzləşdiyi çətinliklərin aradan qaldırılması (Fransa hökuməti tərəfindən törədilən müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən mane törədilməsi, yerli əhalinin pestisidlərlə zəhərləndirilməsi və bunun fəsadlarından əziyyət çəkməsi, yerli əhalinin məcburən emiqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də davam etməsi, ərazilərdə kolonial məhkəmə sistemlərinin tətbiq edilməsi və s.) fonunda bütün qanunsuz hərəkətlərin dayandırılması ilə bağlı çağırış edilib. Konfransın yekununda Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq daşınan 100 mindən artıq maddi və mədəni sərvətlərin geri qaytarılması üçün petisiyaya start verilib. Bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək. Ümumilikdə, bu, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi 7-ci beynəlxalq konfransdır. BTQ Fransa müstəmləkəsi altında yaşayan xalqlarla həmrəyliyini ifadə edir və onların azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə hər zaman dəstək verəcəyini bəyan edir.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində deyib ki, neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün Azərbaycan öz dəstəyini göstərir və bundan sonra da göstərəcək. Ölkə başçısı vurğulayıb ki, Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması" mövzusunda keçirilən konfransın yekunlarına əsasən Bakı Təşəbbüs Qrupunun yaradılması bu məsələdə mühüm əhəmiyyət kəsb edir. Parisin çirkin müstəmləkə, pozuculuq siyasətinə, cəzasız qalan cinayətinə qarşı, nəhayət ki, ciddi reaksiya verilir, beynəlxalq müstəvidə yeni və kəsərli mübarizə başlayır.

XXI əsrdə bir çox ölkə qlobal problemlərlə məşğul olarkən, Fransa müstəmləkəçi dövlət statusunu qoruyub saxlamağa çalışır. Xüsusən də son vaxtlarda müstəmləkələrində etiraz dalğasının yüksəlməsinə baxmayaraq, Yelisey sarayı məkrli maraqlarından əl çəkmir. Makron hökumətinin Cənubi Qafqazda Ermənistandan alət kimi istifadə etməsi də məhz neokolonialist maraqların təzahürüdür.

Fransanın müstəmləkəçilik siyasəti ilə bir çox ölkənin iqdisadiyyatı iflic hala düşüb. Amerika, Afrika və Cənub-Şərqi Asiyanın bəzi hissələri Fransanın istismarına məruz qalıb. Paris öz müstəmləkələrinin təbii ehtiyatlarını öz sənayelərinin xeyrinə, çox vaxt yerli əhaliyə adekvat kompensasiya və ya fayda vermədən istismar edib. Yelisey sarayı yerli əhaliyə məcburi əmək sistemləri tətbiq edib. Bu, insan hüquqlarının geniş şəkildə pozulmasına və yerli işçi qüvvəsinin istismarına səbəb olub. Fransa həmçinin mədəni assimilyasiyaya yönəlmiş siyasət həyata keçirərək, yerli əhaliyə fransız dilini, mədəniyyətini və s. tətbiq etməyə çalışıb. Bu, yerli dillərin, adət-ənənələrin və kimliklərin sıxışdırılmasına gətirib çıxarıb.  Koloniyalarda yerli əhali daim fransız vətəndaşları ilə müqayisədə ayrı-seçkiliyə məruz qalıb. Bu isə bölgələrdə sosial və iqtisadi bərabərsizliklər yaradıb. Fransanın müstəmləkəçilik siyasəti Birləşmiş Millətlər Təşkilatının müdafiə etdiyi bərabərlik, ədalət və insan hüquqlarına hörmət prinsiplərinə uyğun gəlmir.

Tacir SADIQOV,

"Respubllika".