Birinci xanımların səmimi münasibəti ölkələrimizin yaxınlığından xəbər verir
Türk dünyası

Birinci xanımların səmimi münasibəti ölkələrimizin yaxınlığından xəbər verir

Birinci xanım statusunu insanların problemlərinə kömək üçün fürsət kimi dəyərləndirən Mehriban Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Onun ölkəmizdə səfərdə olan dövlət başçılarının xanımları ilə görüşləri ölkələr arasında münasibətlərin müsbətə doğru istiqamət almasında böyük rol oynayır. Bu baxımdan da Mehriban xanımın şəxsiyyəti və fəaliyyəti dünyanın diqqətindədir. O, siyasət adamıdır, amma onun üçün ən böyük siyasət insanların xoşbəxtliyi yolunda fədakarlıq göstərməkdir. Özünün dediyi kimi, ən böyük mükafat isə insanların hörməti və sevgisidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həmkarlarına, birinci xanımlara olan münasibəti digər ölkələrin birinci xanımlarına örnəkdir.

Onun içdən gələn, daxili mədəniyyətinin təzahürü olan bu münasibətləri Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğana qarşı daha səmimidir. Əminə xanımla Mehriban xanımın isti, doğma münasibətləri dövlətlərimiz arasındakı yaxınlığı nümayiş etdirir. Bu həm də Türk dövlətlərinin birliyi, həmrəyliyi və dostluğu fonunda hazırkı dövrün reallıqlarından biridir. Azərbaycan bütün türk dünyasını əhatə edən dövlətlərlə yaxın dost münasibətlər qurmuşdur. Bunun nəticəsi olaraq bu dost münasibətlər həm də həmrəyliyin möhkəmlənməsinə təkan verir. Biz, bu həmrəyliyin ən bariz nümunəsini 44 günlük Vətən müharibəsi zamanı daha açıq şəkildə gördük. Türk dünyasının aparıcı dövlətləri Azərbaycanın haqq işini dəstəklədi və mənəvi cəhətdən yanımızda oldu. Belə dost, qardaş dövlətlərdən biri də Mərkəzi Asiyanın böyük və inkişaf etmiş ölkələrindən olan Özbəkistandır. Özbəkistanın Xivə şəhəri ilə Şuşa şəhəri arasında "Qardaşlaşmış şəhərlər" haqqında müqavilə imzalanıb.

Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə gəldi. Bu, bir dövlət başçısının gəlişindən çox, dost gəlişi idi. Dost gəlişi bayram olar deyiblər. Səfər zamanı qardaş ölkənin başçısı işğaldan azad edilmiş ərazilərdə də oldu. Onu da qeyd edək ki, o, işğaldan azad edilmiş ərazilərə Rəcəb Tayyib Ərdoğandan sonra səfər edən ilk türk lideri idi. Həmçinin Şavkat Mirziyoyev prezident seçildikdən sonra ilk səfərini də Azərbaycana etmişdir. Prezident Şavkat Mirziyoyev ilə yanaşı, xanımı Ziroatxon Mirziyoyeva da təşrif buyurmuşdu. Avqustun 22-də birinci xanımı Mehriban Əliyeva birinci xanımı Ziroatxon Mirziyoyeva arasında da görüş oldu. "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın şərəfinə dövlət ziyafəti verildi.

Birinci xanımların görüşü zamanı vacib məsələlərin müzakirəsilə yanaşı, səmimiyyətləri, doğmalıqları da diqqəti çəkdi. Səfər çərçivəsində Özbəkistan Prezidentinin Füzuli rayonuna gəlməsi, məhz özünün təşəbbüsü ilə Füzulidə inşa olunan və Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakı da möhkəm təmələ əsaslanan dostluğumuzun, qardaşlığımızın uğurlu gələcəyinin əyani təsdiqidir.

Özbəkistan Prezidenti və birinci xanımın Azərbaycana səfəri bir sıra maraqlı məqamlarla yadda qaldı. Azərbaycana səfər çərçivəsində Füzulidə və Şuşada oldular, tarixi Zəfərimizdən sonra bu ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış oldular. Füzuli Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qarşılanması mühüm tarixi hadisə idi. İşğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq statusa malik 3 aeroportun tikilməsi bu ərazilərimizin əhəmiyyətini, coğrafi mövqeyini nümayiş etdirir. Füzuli Beynəlxalq Hava Limanında qarşılanma mərasimindən sonra qonaqların da iştirakı ilə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzulidə tikilən məktəbin açılışında iştirak etdilər. İkinci Qarabağ müharibəsində Qələbəmizdən sonra Özbəkistan Prezidentinin şəxsi təşəbbüsü ilə inşa edilən həmin məktəb işğaldan azad edildikdən sonra Füzulidə istifadəyə veriləcək ilk təhsil ocağı olacaq.

Ziroatxon Mirziyoyevanı böyük sevinc hissilə Füzulidə qarşılayan Mehriban Əliyeva və hər iki dövlət başçıları daha sonra Füzuli şəhərindəki MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşdülər. Sakinlərlə olan səmimi söhbət hər iki dövlət başçısı və birinci xanımlarda məmnunluq hissi yaratdı. Ardınca isə Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər ediblər. Şuşada Saatlı məscidində olan qonaqlara işğal dövründə ermənilərin şəhərdə törətdikləri vəhşi əməllər barədə məlumat verilib. Heydər Əliyev Fondu tərəfindən bərpaedilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" adlı sərgiyə də baxıblar. Daha sonra qonaqlara Şuşanın işğalı zamanı ermənilərin güllələyərək xaricə satmağa cəhd etdikləri Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün heykəlləri haqqında da geniş məlumat verilib. Şuşa gəzintisi qonaqların böyük təəssüratına səbəb olub. Cıdır düzündə olan Özbəkistan Prezidenti və xanımı Qarabağın gözəlliklərinə heyran qaldıqlarını vurğulayıblar.

Ramidə YAQUBQIZI,

"Respublika".