Bişkekdə İnformşuranın iclası
Digər xəbərlər

Bişkekdə İnformşuranın iclası

Sentyabrın 12-də Bişkekdə MDB ölkələri Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXIX iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclas "Ala-Arça" iqamətgahında Qırğızıstanın KABAR xəbər agentliyi tərəfindən təşkil olunub.

İclasda AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Rusiyanın TASS agentliyinin baş direktoru Andrey Kondraşov və birinci müavini Mixail Qusman, Qırğızıstanın KABAR agentliyinin baş direktoru Mederbek Şermetaliyev, Belarusun BelTA agentliyinin baş direktoru İrina Akulina, həmçinin UzA (Özbəkistan) və TDH (Türkmənistan) agentliklərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Qırğızıstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Erbol Sultanbayev informasiya məkanında baş verən dəyişiklikləri qeyd edərək bu baxımdan aparıcı xəbər agentliklərinin sıx əməkdaşlığının önəminin artdığını vurğulayıb.

İnformşuranın sədri, TASS agentliyinin baş direktoru Andrey Kondraşov qurum üzvlərinin feyk xəbərlərlə mübarizədə səylərini birləşdirmələrinin vacib olduğunu söyləyib. O, bu məqsədlə vahid mexanizmin yaradılacağını və bunun üçün süni intellektdən istifadə olunacağını bildirib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev agentliyin beynəlxalq əlaqələrindən danışıb, tərəfdaşlarla xəbər mübadiləsini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O, həmçinin iclas iştirakçılarını agentliyin yeni loqosu və veb-saytı barədə məlumatlandırıb.

İclasda üzvlər qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səyləri artırmaq barədə razılığa gəliblər, MDB ölkələrində keçiriləcək tədbirlərə informasiya dəstəyinin verilməsinə hazır olduqlarını bildiriblər.