BOKSÇULARIMIZIN BEYNƏLXALQ ARENADA QAZANDIQLARI QƏLƏBƏLƏR ÖLKƏMİZDƏ BU İDMAN NÖVÜNÜN İNKİŞAFINDAN XƏBƏR VERİR
İdman

BOKSÇULARIMIZIN BEYNƏLXALQ ARENADA QAZANDIQLARI QƏLƏBƏLƏR ÖLKƏMİZDƏ BU İDMAN NÖVÜNÜN İNKİŞAFINDAN XƏBƏR VERİR

2011-ci ildə boks üzrə XVI dünya çempionatı möhtəşəm idman hadisəsi kimi yadda qaldı

İdmanın insanın fiziki və mənəvi tərbiyəsində oynadığı müstəsna rolu nəzərə alan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sosial-iqtisadi həyatın başqa sahələri kimi, idmanın inkişafını da daim diqqətdə saxlayıb, gənclərin sağlamlığına, fiziki hazırlığına xüsusi qayğı ilə yanaşıb.

Ulu Öndərin bu mütərəqqi münasibəti və başladığı məqsədyönlü idman siyasəti bu gün dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının idmanın inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz beynəlxalq idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə olimpiya hərəkatı ildən-ilə geniş vüsət alır. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında idmançılarımızın parlaq qələbələri buna əyani sübutdur. Dövlətimizin başçısının idman sahəsinə göstərdiyi böyük qayğı idmançılarımızın da yarışlara daha inamla, əzmlə qatılmasına böyük təkan verir.

Azərbaycanda gənclərin sevimli idman növlərindən biri də Olimpiya yarışlarına daxil edilən boks idman növüdür. Azərbaycan boksunun zəngin tarixi ənənələri, beynəlxalq səviyyədə ciddi uğurları vardır. Məhz bu ənənələrə yiyələnən, uğurlardan ruhlanan boksçularımız beynəlxalq yarışlarda və turnirlərdə müvəffəqiyyətlə çıxış edir, vətənimizin idman şərəfini uca tuturlar. Dövlət qayğısı sayəsində boksçularımız üçün müasir standartlara cavab verən təlim-məşq qurğularının tikilib istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli beynəlxalq yarışların və turnirlərin keçirilməsi, boksçularımızın dünya arenasında qazandıqları qələbələr idmanın bu növünün də ölkəmizdə uğurlu inkişafından xəbər verir.

Bütün bunların nəticəsidir ki, Azərbaycanda idmanın boks növünə diqqət və maraq daha da artıb. Boks Federasiyasının səmərəli fəaliyyəti, yaradıcılıq axtarışları nəticəsində bu gün boks idman növü özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Qeyd edək ki, boks idman növü hələ 5000 il bundan əvvəl Misir və Babilistanda mövcud olub. Boks demək olar ki, cəmiyyətin yarandığı ilk dövrlərdən dünya xalqları arasında yayılmağa başlayıb. Bu idman növü yumruq döyüşü əsasında inkişaf edib. Müasir boksa bənzəyən yumruq döyüşləri qədim Yunanıstanda da təşkil olunurdu. Eramızdan əvvəl 688-ci ildə boks antik Olimpiya Oyunlarının proqramına daxil edilmişdi. Məşhur riyaziyyatçı və filosof Pifaqor da boks üzrə antik Olimpiya oyunlarının qaliblərindən olmuşdur. Arxeoloji qazıntılar nəticəsində Əlcazairdə tapılan vaza üzərindəki rəsmlər onu göstərir ki, boks (yumruq döyüşü) qədim dövrlərdə Afrikanın cənubunda da özünə pərəstişkarlar tapıb.

Müasir boks XVIII əsrin əvvəllərində İngiltərədə təşəkkül tapıb. Vətənimiz Azərbaycanda isə ötən əsrin 20-ci illərində paytaxt Bakıda həvəskar boksçuların ilk döyüşlərinin keçirilməsiylə başlayıb. 1924-cü ildə Azərbaycan Boks Federasiyası təsis edilib. Azərbaycan idmançılarının beynəlxalq döyüşləri isə 20-ci illərin sonlarına təsadüf edir. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilib və ölkənin ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak edib və qalib olublar.

1999-cu ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq Bakıda yeniyetmələr arasında (15-16 yaşlılar) Avropa çempionatı keçirilib. Həmin yarışda boksçularımız qitənin əksər güclü komandalarını qabaqlayaraq, Rusiyadan sonra 2-ci yeri tutublar. Olimpiya oyunlarında isə boksçularımızın ilk uğuru 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasında qazanıblar.

Davamlı olaraq keçirilən boks yarışlarının yaddaqalanlarından biri 2010-cu ildə böyüklər arasında Avropa Çempionatı Rusiyanın paytaxtı Moskvada təşkil olunmuşdu. Yarışa tam heyətlə yollanan boksçularımızdan 48 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə 2-ci yerin sahibi oldu. O, finala kimi Pusiya komandasının üzvü David Ayrapetyan və erməni boksçu Novanes Danielyan üzərində qələbə qazanmışdı. Elvin yarımfinalda Danielyanı 8:1 hesabı ilə məğlub etmişdi.

Bildiyimiz kimi, respublikamız mötəbər tədbirləri keçirmək təcrübəsinə malikdir. Azərbaycan boksunun son illərdəki ən böyük uğurlarından biri 2011-ci ildə keçirilən böyüklər arasında Dünya Çempionatının Bakıya həvalə edilməsi oldu. Sentyabrın 25-də Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir. Tədbirdə Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu deyib ki, Bakı olduqca gözəl bir şəhərdir: “Bakıda - Azərbaycanın paytaxtında bir çox beynəlxalq idman tədbirləri keçirilib. Bunların sırasında biz gənclər arasında dünya çempionatını xüsusi xatırlatmaq istəyirik. Bu gün isə Bakıda boks üzrə dünya çempionatı keçirilir. Əslində bu, bizim idman sahəsində apardığımız işin çox mühüm bir hissəsidir. Çünki bu, ixtisaslaşmış idman turniri olacaq, 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına açılan bir yoldur. 2006-cı ildən etibarən bizim Beynəlxalq Boks Assosiasiyası (AİBA) çərçivəsində bir çox islahatlar həyata keçirilib, təşkilati dəyişikliklər aparılıb. Bizim üçün ən yüksək tutduğumuz amallar - təmiz iş, dəqiqlik, şəffaflıqdır”. Həmçinin, Çin-Kuo Vu Azərbaycan Prezidenti İlham Əliyevə boksun, eləcə də idmanın digər sahələrinin inkişafına verdiyi dəstəyə görə Beynəlxalq Boks Assosiasiyası adından minnətdarlığını bildirmişdi.

Sentyabrın 26-dan oktyabrın 8-dək davam edən boks üzrə dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparırdı. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstərici idi. Bakı çempionatında, həmçinin Azərbaycanın paytaxtına gəlmiş dünyanın ən güclü boksçuları 2012-ci il London Olimpiya Oyunlarına Lisenziya uğrunda mübarizə aparıb və dünya birinciliyində dörddəbir finala çıxan boksçular Olimpiya lisenziyaları əldə etdilər. Bu beynəlxalq yarışda Azərbaycan boksçuları 1 qızıl və 1 gümüş medala layiq görüldülər.

Əminliklə deyə bilərik ki, bu gün idmanla yanaşı, bütün sahələrdə Azərbaycan Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Prezident İlham Əliyev tərəfindən xalqın milli maraqlarına əsaslanan siyasi xəttin nəticəsidir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.