BÖYÜK ALİM, VƏTƏNDAŞ
Sosial həyat

BÖYÜK ALİM, VƏTƏNDAŞ

"Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Sovet İttifaqı Qəhrəmanı, dövlət mükafatı laureatı, Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi, akademik Ziya Musa oğlu Bünyadov fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yaymışdır. O, dünyada orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi tanınmış, geniş oxucu kütlələrinin rəğbət və məhəbbətini qazanmışdır.

Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olmuşdur. On altı yaşında ikən Göyçay şəhərində orta məktəbi bitirmiş və Bakı Hərbi Piyadalar Məktəbinə qəbul olunmuşdur. 1941-ci ildə hərbi məktəbi bitirdikdən sonra leytenant Z.Bünyadov alman faşizminə qarşı vuruşmuş, Ukrayna, Moldova, Qafqaz, Belarus, Polşa və Berlin şəhərləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, ağır döyüşlərdə iki dəfə yaralanmış, hərbi tapşırığı yerinə yetirərkən göstərdiyi şücaətə, qəhrəmanlıq və igidliyə görə 1945-ci il fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

 Bir il Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi kimi şəhərin təsərrüfat və mədəni həyatının bərpa edilməsində yaxından iştirakına görə keçmiş ADR hökuməti Ziya Bünyadovun xidmətini yüksək qiymətləndirərək onu "Vaffenbrudersaft", "Artur Bekker" qızıl medalları və "fəxri çekist" adı ilə təltif etmişdir. 1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra Z.Bünyadov N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olmuşdur. Tələbəlik illərində görkəmli sovet ərəbşünası, professor Y.A.Belyayev onun müəllimi olmuş və böyük şərqşünasla yaxınlıq Ziya Bünyadovun sonrakı fəaliyyətində, onun ərəbşünas və mediyevist kimi formalaşmasında həlledici rol oynamışdır. 1954-cü ildə Y.A.Belyayevin rəhbərlik etdiyi kafedrada Z.Bünyadov ilk tədqiqat işi olan "Afrikada İtaliya imperializmi" adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

O, 1954-cü ildə Bakıya qayıtmış və Azərbaycan EA Tarix İnstitutunda böyük elmi işçi, 1958-1959-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi olmuşdur. 1964-1981-ci illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunda Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik etmiş, 1981-1986-cı illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdir.

Ziya Bünyadovun elmi yaradıcılığı iki istiqamətdə inkişaf etmişdir: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi və Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsrlərdə yaşayan müəlliflərin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri.

1964-cü ildə Z.Bünyadov tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Azərbaycan VII-IX əsrlərdə" mövzusunda dissertasiya müdafiə etmiş, 1965-ci ildə isə Ali Attestasiya Komissiyası tərəfindən professor adına layiq görülmüşdür.

1965-ci ildə çap olunan "Azərbaycan VII-IX əsrlərdə" kitabı Ziya Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçısı və mütəxəssisi kimi şöhrət qazandırmışdır.

1967-ci ildə Ziya Bünyadov Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 1970-ci ildə "Azərbaycan SSRİ Elmlər Akademiyasının xəbərləri. İctimai elmlər seriyası (tarix, fəlsəfə və hüquq seriyası)" jurnalının baş redaktoru təyin olunmuşdur.

1978-ci ildə Ziya Bünyadov "Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)" adlı monoqrafiyasını nəşr etdirmişdir. Alimin çoxillik əməyinin məhsulu olan bu sanballı tədqiqat işində səlcuq dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılmışdır. Kitabda Azərbaycanın o dövrdəki siyasi tarixi məsələləri ilə yanaşı, XII əsrin ikinci yarısı - XIII əsrin birinci rübündə Orta Şərqin feodal sülalələrinə mənsub hökmdarların qurduğu dövlətlərin, o cümlədən Azərbaycan Eldəniz Atabəyləri dövlətinin dövrün siyasi və mədəni həyatında mühüm rol oynadığı göstərilmişdir. Əsərdə, həmçinin o dövrdə Qafqazda siyasi şəraiti xarakterizə edən bir çox qiymətli və ilk dəfə elmi dövriyyəyə daxil edilmiş materiallar yerləşdirilmişdir. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

1982-ci ildə Ziya Bünyadov Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adı almış, elə həmin il türk xalqları tarixinin öyrənilməsində böyük xidmətlərinə görə Türk Tarix Qurumunun müxbir üzvü seçilmişdir. 1986-cı ilin yanvarından 1988-ci ilin mayınadək Azərbaycan SSR Şərqşünaslıq İnstitutunun Şərqin orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1986-cı ildə Moskvada "Nauka" nəşriyyatı tərəfindən alimin "Xarəzmşahlar-Anuştəginlər dövləti 1097-1231-ci illər" adlı monoqrafiyası nəşr edilmişdir.

Ziya Bünyadov 1988-ci ilin mayından 1990-cı ilədək Azərbaycan SSR EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə, Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. 1992-ci ilin oktyabrında yenidən Şərqşünaslıq İnstitutuna rəhbər təyin edilmiş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.

Ziya müəllimin elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmırdı, alimi Vətənin yaxın keçmişi də maraqlandırırdı. O, əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələr, ADR-in fəaliyyəti, Bakı Kommunası və s. mövzulara bir sıra məqalələr həsr etmişdir. 1930-cu illərin repressiyalarından isə alimin çoxsaylı arxiv sənədləri əsasında yazdığı "Qırmızı terror" kitabında ətraflı bəhs olunmuşdur.

Ötən əsrin 90-cı illərin əvvəllərindən başlayaraq, alim elmi fəaliyyətinin bir istiqamətini də xalq tərəfindən islam dininin doğru-dürüst öyrənilməsinə yönəltmişdir. O, professor V.Məmmədəliyevlə birgə müqəddəs "Qurani-Kərim"i dilimizə çevirmiş, ona şərhlər yazmışdır. Bunun ardınca isə "Dinlər, təriqətlər, məzhəblər" adlı irihəcmli soraq kitabını hazırlamışdır. "İndi xalq öz dininə qayıdır, lakin dininə, imanına qayıtması üçün nə dərsliklər, nə elmi ədəbiyyat, nə soraq kitabçaları, nə də başqa vəsait vardır", - yazan müəllif yaranmış boşluğu bu kitabla doldurmağa çalışmışdır. Kitab alimin vəfatından sonra 1997-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində işıq üzü görmüşdür.

Bir çox beynəlxalq elmi konfransların iştirakçısı olan akademik Z.Bünyadov Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. Türk Tarix Qurumunun VI-XII konqreslərində, Bağdadda tarixçilərin beynəlxalq konqresində, Tokioda şərqşünasların XXXI beynəlxalq konqresində, İranda Təbərinin 1100 illiyinə, Füzulinin 500 illiyinə, Misirdə məşhur tarixçi əs-Süyutinin yubileyinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edərək sanballı məruzələrlə çıxış etmişdi.

İnstitutun direktoru kimi Ziya müəllim böyük elmi-təşkilati iş aparırdı. O, Azərbaycan şərqşünaslıq elminin tərəqqisi, institutumuzun keçmiş İttifaqın digər şərqşünaslıq institutları və xarici ölkələrin şərqşünaslıq mərkəzləri ilə elmi əlaqələrinin möhkəmlənməsi və genişlənməsi üçün səylərini əsirgəmirdi.

1992-ci ildə Z.Bünyadov Yeni Azərbaycan Partiyasının sədr müavini seçilmiş, 1993-cü ildə "Astaranın fəxri vətəndaşı", 1994-cü ildə isə "Göyçayın fəxri vətəndaşı" adına layiq görülmüşdür. 12 noyabr 1995-ci ildə isə Milli Məclisin deputatı seçilmişdir.

Akademik Z.Bünyadovun Vətən qarşısında xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, SSRİ-nin bir sıra orden və medalları, həmçinin Oktyabr inqilabı ordeni ilə təltif edilmişdir. 1983-cü ildə ona elmin inkişafında əldə etdiyi nailiyyətlərə görə SSRİ XTNS-in gümüş medalı, 1985-ci ildə isə faşist Almaniyası üzərində qələbənin 40 illiyi münasibətilə orden verilmişdir.

Ziya müəllimin elmi irsi, həyatı və işıqlı şəxsiyyəti haqda bir çox fikirlər söylənilib, məqalələr yazılıb. Onların fövqündə isə akademik Z.Bünyadovla vida mərasimində ulu öndərimiz Heydər Əliyevin söylədiyi nitq dayanır: "Ermənistanın millətçi və separatçı qüvvələri tərəfindən Qafqaz tarixinə aid, o cümlədən Ermənistan-Azərbaycan tarixinə aid cürbəcür və tariximizi təhrif edən, saxtalaşdıran, Ermənistanda meydana çıxmış müxtəlif yazıların, məqalələrin əleyhinə ilk dəfə səsini qaldıran və onlara əsaslı, dəlilli və tarixi mənbələrə istinadla cavab verən, onların qarşısını alan alim Ziya Bünyadov idi.

...Xatirimdədir, 60-cı illərin ikinci yarısında Azərbaycanın 150 il öncə Rusiyaya könüllü surətdə qəbul olunması haqqında elmi mübahisələr gedirdi. Məlumdur ki, 1964-cü ildə qərar qəbul edilmişdi ki, 150 il öncə Azərbaycan könüllü surətdə Rusiyanın tərkibinə daxil olmuşdu. Amma Ziya Bünyadov bir alim kimi heç nədən qorxmayaraq, heç kəsdən çəkinməyərək öz elmi fikirlərini söyləyirdi. 67-68-ci illərdə Ziya Bünyadov bu barədə artıq bir neçə dəfə açıq bildirmişdi ki, doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olubdur. Amma bu, könüllü olmayıbdır. Odur ki, tarixi həqiqəti demək lazımdır".

1998-ci ildə Ziya Bünyadov vəfatından sonra Azərbaycanın ən yüksək mükafatı - "İstiqlal" ordeninə layiq görülmüşdür.

Görkəmli alimin zəngin biliyi, geniş dünyagörüşü, hədsiz zəhmətsevərliyi və böyük tədqiqatçı istedadı onun hər bir əsərində özünü büruzə verir. Alimin saysız-hesabsız məqalələrindən hər biri - istər orta əsr yaşayış məntəqələrinin müəyyən edilməsinə və geneoloji cədvəllərin dəqiqləşdirilməsinə, istərsə də Azərbaycanın xilafət dövrü mərhələsinin və qonşu ölkələrlə əlaqələrinin öyrənilməsinə və ya bütün orta əsrlər müsəlman dünyasının siyasi, sosial-iqtisadi və mədəni tarixinə həsr olunmuş hər bir tədqiqat əsəri və ya tibb, astronomiya, seysmologiya və s. sahələrə aid orta əsr qaynaqlarından əxz edilmiş məlumatların şərhinə, yeni məxəzlərin üzə çıxarılması və əldə olunmuş məlumatların elmi dövriyyəyə daxil edilməsinə yönəldilmiş tədqiqat işi gərgin axtarışların, tükənməz səbir və əməyin nəticəsidir. Bütün bunlar akademikin dərin düşüncə tərzinin, dəqiq və mükəmməl təhlil metodunun, incə və sərraf tədqiqatçı məharətinin göstəricisidir.

Z.Bünyadov ixtisaslı şərqşünas kadrların hazırlanmasında da böyük xidmətlər göstərmişdir. O, Azərbaycanda mediyevist tarixçi ərəbşünaslar məktəbinin banisi və rəhbəri olmuş, İraq və Suriya Ərəb Respublikaları üçün yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynamışdır. 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olmuşdur.

İllər ötəcək, Azərbaycan xalqının böyük oğlu, ölkəmizin cəfakeş vətəndaşı Ziya Musa oğlu Bünyadovun əziz xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Onun insanlara bilik, ziya bəxş edən ölməz əsərlərindəki ruhu qəlbləri təlatümə gətirəcək, hər kəsi vətəndaşlıq borcuna - Vətəni sevməyə, ona vicdanla və sədaqətlə xidmət etməyə çağıracaq.

Gövhər BAXŞƏLİYEVA,

Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru,

millət vəkili.