Böyük güclərin
Siyasət

Böyük güclərin "təcrübə dovşanı"

Cənubi Qafqazın "şımarık çocuğu" Ermənistan yeni fərqli sınaqlar yoxlayır. Qərb və Rusiya arasında siyasi seçimə yekun qərarın verilə bilməməsi və ya balansın qorunması fonunda balanssızlıq şəraitinin ortaya çıxması erməniləri müşkül duruma salır. Öz ərazisində, Rusiyanın Gümrüdə yerləşən 102-ci bazasının yaxınlığında Pentaqon tərəfindən hərbi-bioloji bazanın tikilməsinə icazə vermək ölkəni birbaşa kollapsa sürükləmək deməkdir. Amma deyəsən, infaktil siyasət yürüdən "saqqallı uşaq" Nikol Paşinyan bunu hələ də dərk etmir.

Ermənistanın "Fakt" qəzeti müdafiə naziri Suren Papikyanın ötən həftə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri ilə bu barədə müqavilə imzaladığını bildirib. Bu isə ABŞ-ın Ermənistanda bu tipli 13-cü laboratoriyası olacaq. Mütəxəssislər bu addımı birmənalı qarşılamayıblar. Onların fikrincə, hərbi-bioloji laboratoriyalarda müxtəlif patogen vasitələrdən istifadə olunduğuna görə, yaxınlıqdakı məktəblərdə işləyənlər və oxuyanların sağlamlığı üçün ciddi təhlükə yarana bilər. Həm siyasi, həm də insan həyatı baxımından bu səhv gediş böyük etirazla qarşılanıb. Cənubi Qafqazın divarlarında cızmaqara edən həmin "saqqallı uşaq" ölkəsində ABŞ-Rusiya rəqabəti yaratmaqla hər iki tərəfin imtiyazlarından faydalanmaq istəyir. Bu isə təbii ki həm ölkə, həm də region üçün böyük təhlükə yarada bilər. Bu gün aparılan siyasət yalnız bir istiqamətə - Azərbaycanla yekun sülh müqaviləsinə yönəlməlidir. Hazırkı vəziyyətdə İrəvandakı mövcud hakimiyyət isə bunun tam əksini edərək hələ də prosesi yubadır.

Sözügedən hərbi-bioloji laboratoriya isə böyük fəsadlar törədə bilər. Belə ki, bu tipli laboratoriyanın yerləşdiyi Ermənistanın Vanadzor şəhərində 2022-ci ildə çiçək xəstəliyi yayılmışdı. Koronavirusun da məhz bioloji laboratoriyalardan yayıldığı məlum olmuşdu. Vaşinqtonun ölkə sərhədlərindən kənarda ən çox laboratoriya tikdiyi ərazilərdən biri də Ermənistandır. Bu da Cənubi Qafqazda çox təhlükəli yoluxucu xəstəliyin yaranmasına səbəb ola bilər ki, Qərbin regionu asılı hala çevirmək və Rusiyanın bölgədə təsirini azaltmaq üçün hazırladığı məkrli planlardan biri də budur.

ABŞ-ın Ermənistanda laboratoriyalarının sayını artırmağının digər bir səbəbi də yürütdüyü gizli fəaliyyətdir. Belə ki, Pentaqonun həmin hərbi-bioloji laboratoriyalarda silah istehsalı ilə məşğul olduğu ehtimal edilir. Ağ Evin qara planları Cənubi Qafqaz üçün də keçərlidir. Müharibələr dövründə ölkələrə silah satmaq və borc verməklə məşğul olan Amerika növbəti münaqişəni alovlandırmaq və qazanmaq istəyir. Təəssüf ki, qərb qonşumuz hələ də bu cür xain xisləti anlamaqda çətinlik çəkir.

Amerikanın bioloji laboratoriyalarında həm açıq, həm də qapalı şöbələr var ki, onlara hətta yerli kadrların da daxil olmasına icazə verilmir. Bura yalnız amerikalı mütəxəssislər daxil ola bilərlər. Bu obyektlərin ərazisində amerikalı və avropalı hərbi bioloqlar tədqiqat işləri aparırlar. Bu da həmin qapalı şöbələr barədə bəzi suallar yaradır. Belə ki, rus mediası iddia edir ki, orada ölümcül virus ştamları inkişaf etdirilir, o cümlədən onların insan immun sisteminə təsiri öyrənilir. ABŞ bu laboratoriyalardan "virus bankı" kimi istifadə edir.

Bioloji silahlar kütləvi qırğın silahının bir növü kimi bütün dünyada təsdiqlənib. Bioloji silahdan istifadə 1972-ci ildə qəbul olunan və 1975-ci ildə qüvvəyə minən müvafiq beynəlxalq konvensiya ilə qəti surətdə qadağan olunub. Hazırda həmin konvensiyaya qoşulan 184 ölkə var ki, ölkəmiz də bura 2004-cü ildə qoşulub. Məhz həmin ildə BMT Təhlükəsizlik Şurası qurumun üzv ölkələrinin kimyəvi, bioloji, radioloji silahlar və nüvə silahı əleyhinə öz qanunvericiliklərini təkmilləşdirmələrini tələb edən və müvafiq silahların istifadəsini qadağan edən qətnamə qəbul edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da əsas gündəmi olan bu məsələnin bölgə üçün ciddi faciələrə yol aça biləcəyi geniş müzakirə olunub.

Beləliklə, Qərbin "təcrübə dovşanı" olan Ermənistan hər vəchlə avropalı səyyahları öz ölkəsinə gətirməyə can atır. Əliboş gəlməyəcək Qərbin özü ilə gətirəcəyi sürprizin nə olacağı isə hələ bilinmir. Bu "sovqat" Ermənistanın dövlət kimi mövcudluğunu sual altına qoya bilər. Yəqin ki "saqqallı uşaq" Nikol bu ssenarini hələ də anlaya bilmir.

Tacir SADIQOV,

"Respublika".