Bu il Azərbaycanda ağır cinayətlər törədən 178 cinayətkar qrup zərərsizləşdirilib
Digər xəbərlər

Bu il Azərbaycanda ağır cinayətlər törədən 178 cinayətkar qrup zərərsizləşdirilib

Oktyabrın 27-də Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunan onlayn formatda Kollegiya iclası keçirilib.

Giriş nitqi ilə çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hər üç məsələnin fundamental insan hüquqlarının müdafiəsində, vətəndaş məmnunluğunun təmin edilməsində, hər bir şəxsin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Müzakirələrdən əvvəl nazir V.Eyvazov Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların bu il sentyabr ayının 19-da partlaması nəticəsində daha 6 nəfərin, o cümlədən polis əməkdaşlarının həlak olması, həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirlərində iştirak edən Daxili İşlər Nazirliyinin şəxsi heyətindən 20 nəfərin şəhid olmasını və 24 nəfərin yaralanmasını, ümumilikdə isə Vətən müharibəsi də nəzərə alınmaqla Daxili Qoşunların və polisin 78 şəhid verdiyini və 370 nəfərin yaralandığını diqqətə çatdırıb. Bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vilayət Eyvazov oktyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Prezident İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradıldığını, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd etdi. Bütövlükdə polisin və Daxili Qoşunların Qarabağın bütün ərazisində xidməti vəzifələri böyük məsuliyyətlə, peşəkarlıqla yerinə yetirdiyini, təhlükəsizliyi qoruduğunu, bu prosesin davamlı olacağını vurğuladı.

Nazir bildirib ki, daxili işlər orqanları və Daxili Qoşunlar qanunla müəyyən edilmiş vəzifələri cari ilin 9 ayında da layiqincə yerinə yetirib. Ümumi cinayətlərin açılması 86,8 faiz təşkil edib, nazirlik və prokurorluq üzrə qeydə alınan 26 min 778 cinayətin 88,6 faizi açılıb.

Baş Prokurorluqla birgə görülmüş tədbirlərlə keçmiş illərdən bağlı qalan 336, o cümlədən bir neçə xüsusilə ağır cinayətin açılması təmin edilib.

Ağır və xüsusilə ağır cinayətlər törədən 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib. Axtarılan təqsirləndirilən şəxslərin 83,3 faizi tutulub. Törədilmiş cinayətlər nəticəsində vətəndaşlara dəymiş maddi ziyanın 79, xırda talamalar nəticəsində vurulmuş ziyanın 93,1 faizi ödətdirilib.

Ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də nəzarətdə saxlanılıb. Qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 19 kiloqram çox - yəni 4 ton 18 kiloqram narkotik vasitə və 343 kiloqram psixotrop maddə çıxarılıb, 244 nəfərdən ibarət 110 cinayətkar qrup zərərsizləşdirilib və bu cinayətlərə görə ümumilikdə 6 min 344 nəfər məhkəmə məsuliyyətinə verilib. Antinarkotik təbliğat sahəsində işlər də davamlı olmaqla təhsil müəssisələrində 1028 maarifləndirmə tədbiri keçirilib.

Yol hərəkəti təhlükəsizliyinin təmini və təşkili, qəzaların qarşısının alınması, sürücü intizamının artırılması məqsədilə davam etdirilən tədbirlərlə respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 55 fakt, qəzalar nəticəsində xəsarət alanların sayı 65 nəfər azalıb. Müəyyən edilmiş yol hərəkəti qayda pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyondan çox artaraq 5,1 milyona çatıb və onların 64 faizi xüsusi texniki vasitələrlə aşkarlanıb.

Vətəndaşların müraciətlərinə baxılması, qəbulların keçirilməsi, şikayətlərə çevik reaksiya verilməsi sahəsində görülən işlər ötən 9 ayda da gündəlik nəzarətdə qalmaqla daxil olmuş 75 min 146 müraciətə baxılıb, habelə bu mühüm işə paralel olaraq kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 9 şəhər və rayonunda 3 minə yaxın vətəndaşın qəbulu həyata keçirilib. Qaldırılan problemlərin həlli təmin edilib, təşəbbüskarlardan 2 min 500-dən çox minnətdarlıq məktubları alınıb.

Gündəlikdəki məsələlər üzrə nazirliyin aidiyyəti baş idarələrinin və bir sıra ərazi orqanlarının rəisləri görülmüş işlər, əldə edilmiş nəticələr, fəaliyyətin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məruzə ediblər.

Nazir V.Eyvazov cari ilin 9 ayında cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmini sahəsində qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini vurğulayıb.

Vətəndaş məmnunluğunun təmin edilməsində, dövlətə inam və etimadın güclənməsində böyük əhəmiyyət kəsb edən müraciətlərə baxılması işinə xüsusi diqqət çəkən nazir V.Eyvazov şikayətlərə çevik reaksiya verilməsi işinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün əlavə tapşırıqlar verib.

Nazir bəzi ərazi orqanlarının fəaliyyətində olan müəyyən nöqsan və çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlığının bundan sonra da etibarlı qorunmasını, bütövlükdə vətəndaş məmnunluğunun davamlı surətdə təmin olunmasını, şəxsi heyətin etik davranış qaydalarına daim riayət etməsini, qanunçuluğun möhkəmləndirilməsini və peşəkarlıq səviyyəsinin günbəgün artırılmasını tələb edib.

Kollegiya iştirakçılarının diqqətini ötən illər ərzində beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə baş tutmuş görüşlərə də yönəldən nazir V.Eyvazov ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq qeyd edib ki, bu sahədə fəaliyyətin effektivliyinin artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi üzrə aparılan müzakirələr və görülmüş işlər çox faydalı olub.

Nazirlik tərəfindən həyata keçirilən qətiyyətli tədbirlərin məntiqi nəticəsi kimi şəxsi heyət arasında neqativ halların minimuma endiyi, ötən 5 ildə xidməti intizam və etik davranış qaydalarını pozmuş 1286 əməkdaş barəsində araşdırmalar aparılaraq 121 nəfərin xidmətdən xaric edildiyi, 139 nəfərin tutduğu vəzifədən azad olunduğu, 1026 nəfər haqqında başqa növ məsuliyyət tədbirləri görüldüyü, cari ilin ötən dövründə isə polisə gətirilmiş şəxslərə qarşı kobudluğa yol vermiş 7 əməkdaşın xidmətdən xaric edildiyi, 16 əməkdaşın tutduğu vəzifədən azad olunduğu, daha 21 əməkdaşa başqa növ intizam tənbehlərinin verildiyi qeyd edilib.

Nazir bütün ərazi polis orqanlarının rəislərindən insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin, xüsusən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasını tələb edib, onlara qarşı kobudluğun, hər hansı formada pis rəftarın yolverilməzliyini, qanundankənar davranışın ciddi məsuliyyət doğuracağını, normativ-hüquqi aktların tələblərinə dönmədən riayət olunmasının vacibliyini xatırladıb, bu istiqamətlərdə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.

Bütövlükdə Daxili İşlər Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini, qarşılıqlı əlaqələrin gələcəkdə də konstruktiv şəkildə həyata keçiriləcəyini ifadə edib.

Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya, şəxsi heyətinin fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da böyük əzm və qətiyyətlə davam etdiriləcək.

“Respublika”.