Cəbrayıl yenidən qurulur
Region

Cəbrayıl yenidən qurulur

İndi kimin bu tərəflərə yolu düşürsə, genişmiqyaslı yenidənqurma, quruculuq işlərinin şahidi olur. Yol infrastrukturu yenidən qurulur, dəmiryolu bərpa edilir,  elektrik enerjisi, su təchizatı sistemləri  həyat vəsiqəsi alır.   Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra digər bölgələrimiz kimi, qısa bir zamanda Cəbrayıl rayonunda da bərpa-təmir,  abadlıq və quruculuq işlərinə start verilib.   Bu gün artıq ərazilərimizdə  yenidənqurma işləri intensiv şəkildə reallaşır.   Dövlət başçısının işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində yeni layihələr həyata keçirilir.  İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə,  ilkin olaraq,  pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq edilir.  Həyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir ki,  işğaldan azad olunan bütün ərazilərimizdə, o cümlədən Cəbrayılda dini-mədəniyyət abidələrimiz,  dağıdılmış infrastrukturlar tezliklə yenidən qurulacaqdır.

Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma,  abadlıq və quruculuq işlərinin aparılması məqsədilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə tezliklə yeni işıqlı həyat başlanacaq.   Azərbaycan sosial layihələri uğurla reallaşdırır və işğaldan azad olunan ərazilərdə silsilə və kompleks tədbirlər həyata keçirilir.  Cəbrayılda da Azərbaycanın işğaldan azad olunan ərazilərində olduğu kimi,  yaşayış məskənləri dağıdılıb,  tarixi-memarlıq abidələri erməni vandalizminə məruz qalıb.  "Bu vəhşilik,  bu vandallıq işğal dövründə törədildi.  Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi",  - deyə cənab Prezident bildirib.  Dövlət başçısı qeyd edib ki,  işğal dövründə ermənilər bütün evləri,  binaları kərpic-kərpic sökərək talançılıqla,  soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu.  Bunu görən beynəlxalq təşkilatlar,  bunu görən Ermənistanın havadarları buna,  sadəcə olaraq  biganə qalırdılar,  göz yumurdular.  Bu gün Cəbrayıl şəhəri demək olar ki,  yerlə-yeksan olub.  Dövlət başçısının vurğuladığı kimi,  cəmi beşmərtəbəli iki bina qalıbdır,  onlardan da erməni hərbçiləri istifadə edirdilər və keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər.

Cənab Prezidentin Cəbrayıla səfəri çərçivəsində dövlət başçısının iştirakı ilə Cəbrayıl yarımstansiyası  istifadəyə verildi.  Eləcə də  Cəbrayılda ilk çoxmənzilli yaşayış məhəlləsinin,  rayon Mərkəzi Xəstəxanasının,  akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməli qoyuldu.  

Bəli,  el arasında deyildiyi kimi, həyat davam edir. Dünyanın gözü Azərbaycandadır. Qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı işlər yaxşı mənada əsl heyrət doğurur. Cəbrayıl şəhəri, onun kənd və qəsəbələri tezliklə bütün rahatlıqları özündə ehtiva edən müasir yaşayış məkanına çevriləcəkdir.

Tofiq HÜSEYN,

“Respublika”.