Cəfa çəkməyən səfa görməz...
Region

Cəfa çəkməyən səfa görməz...

Bar-bərəkətli payız fəsli hər tərəfi qızılı rəngə boyayıb, ruzisi torpaqdan çıxan kəndlilər aylardan bəri çəkilən zəhmətə yekun vurur, gəlir-çıxarlarını hesablayır, gələn il haqqında düşünürlər. Payız eyni zamanda, insanın qəlbində həzin, kövrək duyğular yaradır, xatirələri oyadır, ötən günlər yada düşür. Belə bir ovqatda fermer Etibar Şirinovla məhsulu son qozasınadək yığılmış pambıq tarlasının kənarında görüşdük. Üzündəki təbəssümdən hiss etdik ki, əmək adamı ili uğurla başa vurur. Fikrimizi duyan fermer builki məhsuldan razılıq edir, qiymətlərin sərfəli olduğunu deyir və səmimiyyətlə bildirir ki, dövlətimizin qayğısı, köməyi sayəsində biz yüksəkkeyfiyyətli məhsul istehsal edərək təhvil vermişik. Həyatına və taleyinə xoş günlər bəxş edən, güzəranını yaxşılaşdıran, bar-bərəkət mənbəyi torpağa münasibət haqqında Etibar əminliklə, inamla danışaraq deyir ki, gərək torpağın dilini biləsən. Necə deyərlər, onun nazını çəkəsən, vaxtlı-vaxtında becərəsən, suvarasan, tər axıdasan, onda da torpaq öz ruzisini əkinçidən əsirgəmir, hər şey halallıq üstündə başa gəlir.

Qeyd edək ki, təkcə Etibar deyil, bütün ağcabədili fermerlər, xüsusi mülkiyyətçilər bu adi həqiqəti daha yaxşı bilirlər. Ona görə də rayonda yeni pambıqçılar nəsli yetişir, onlar torpağın qədrini uca tuturlar, ata-babalarının şərəfli yolunu uğurla davam etdirirlər. Uzun illərdir ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Pambıqçılığın inkişafına verilən davamlı dövlət dəstəyi rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. İndi Ağcabədi respublikada ən çox pambıq istehsal edən rayonlardan biridir.

Regional inkişafa dair Dövlət proqramları bölgələrin sosial-iqtisadi həyatında köklü dəyişikliklərə, yeni iş yerlərinin açılmasına, həyat şəraitinin yaxşılaşmasına, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, su mənbələrindən səmərəli istifadə edilməsinə, müasir texnologiyaların tətbiqinə yeni bir stimul yaradıb. Bu, Ağcabədi rayonunda daha çox hiss olunur. Rayonun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında, o cümlədən pambıqçılıqda uğurlu nəticələr əldə edilir. Dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, texnika almaq imkanlarına malik olması, əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq üçün subsidiya verilməsi kənd təsərrüfatının inkişafına, sözün həqiqi mənasında, güclü təkan verib.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən əldə etdiyimiz məlumata nəzər salanda aydın olur ki, ölkədə pambıqçılığın inkişafında dönüş ili kimi qəbul edilən 2016-cı illə müqayisədə rayonda pambıq istehsalı faizlə yox, dəfələrlə artıb. Xatırladaq ki, 2016-cı ildə rayonun təsərrüfatlarında 3661 hektarda pambıq əkilib-becərilib, 8852 ton məhsul istehsal edilib, hər hektarın məhsuldarlığı 24,2 sentner olub. Cari ilin göstəriciləri isə belədir: 11838 hektarda pambıq əkilib, aqrotexniki tələblərə ciddi əməl edilməsi hesabına tarlalarda bol məhsul yetişdirilib. Mövsümün əvvəlindən, məhsulun tez və itkisiz yığılıb tədarük edilməsi üçün bütün qüvvələr bacarıqla səfərbər edilib və indiyədək rayonun fermerləri tədarük məntəqələrinə 38317 ton pambıq təhvil veriblər. Hər hektarın orta məhsuldarlığı 32,4 sentnerə çatdırılıb. Heç şübhəsiz, belə uğurlu nəticə işə səmərəli münasibət, gərgin zəhmət sayəsində qazanılıb. Respublikanın ən çox pambıq əkilən rayonlarından olan Ağcabədi hər hektardan orta məhsuldarlıq göstəricisinə görə də qabaqcıllar sırasındadır.

Qeyd edək ki, pambıq əkinlərinin 4974,6 hektarı "MKT İstehsalat Kommersiya", 4200 hektarı "Azərpambıq", 2200 hektarı "P-Agro" MMC, 1632,27 hektarı isə "Cotton Trade" MMC-ləri ilə müqavilə əsasında aparılıb. Ağcabədili "ağ qızıl" ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulu son qozasınadək yığmağa nail olublar. Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonun zəhmət adamlarını daha uğurlu nəticələr qazanmağa ruhlandırıb. Yeri gəlmişkən xatırladaq ki, ötən il rayonda 11 min hektar sahədə pambıq əkilib, 33 min 517,213 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,47 sentner olub. Göründüyü kimi, hər hektarın məhsuldarlığı bu il iki faizə qədər artıb.

Qarabağ iqtisadi rayonunda ən iri kənd təsərrüfatı məhsullarının istehsalçılarından olan Ağcabədidə son illərdə aqrar sahədə müasir təsərrüfatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılıb, dövlət qayğısı sayəsində fermerlər keyfiyyətli məhsul istehsalını artırıblar. Rayonda fəaliyyət göstərən aqropark və digər təsərrüfatların əldə etdiyi yüksək məhsuldarlıq fermerlərin innovativ becərmə üsullarına marağının artmasına səbəb olur. İri fermer təsərrüfatlarında tətbiq olunan müasir əkinçilik metodları ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Qeyd edək ki, rayon təkcə pambıqçılıqda fərqlənmir, Ağcabədidə taxılçılığın da inkişafına xüsusi diqqət verilir. Cari təsərrüfat ilinin nəticələrinə görə, 19655 hektardan 80701 ton buğda (məhsuldarlıq 41,1 sentner), 8544 hektardan 33113 ton arpa (məhsuldarlıq  38,8 sentner) biçilib. Hazırda gələn ilin məhsulu üçün taxıl səpini aparılır. Rayonda ənənəvi kənd təsərrüfatı sahəsi olan baramaçılığın inkişafı da diqqət mərkəzindədir. Bu məqsədlə təsərrüfatlarda yeni kümxanalar inşa olunur, məhsuldarlığı yüksək olan çəkil bağları salınır. Bu il rayonun təsərrüfatlarında 884 qutu ipəkqurdundan 33061 kiloqram yüksəkkeyfiyyətli barama istehsal olunub.

Ağcabədililər 2022-ci ili kənd təsərrüfatının bütün sahələrində əldə etdikləri yüksək nailiyyətlərlə başa vururlar, hədəfləri isə daha keyfiyyətli və bol məhsul yetişdirməkdir. Atalar yaxşı deyib, cəfa çəkməyən səfa görməz...

Salman ALIOĞLU,

"Respublika".