Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənməlidir
Siyasət

Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənməlidir

Cənubi Qafqaz regionu strateji cəhətdən bir çox ölkə üçün əhəmiyyətlidir. Tarix boyu böyük dövlətlər burada söz sahibi olmaq və siyasi üstünlük əldə etmək istəyiblər. Xüsusilə də, Qərb ölkələri Ermənistanın əli ilə bölgəyə müdaxilə etmək niyyətində olublar. Ermənistan hər zaman iqtisadi və hərbi cəhətdən böyük dövlətlərin gücünə ehtiyac duyub. Azərbaycanın qələbəsi ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra da böyük güclər regiona müdaxilələr etməyə çalışıb və sülh müqaviləsinin imzalanması prosesini gecikdirib. Bu ölkələrin müdaxiləsi regionun sabitliyinə və təhlükəsizliyinə mənfi təsir göstərib və bölgədə gərginliyin artmasına, humanitar hüququn pozulmasına səbəb olub.

Ötən gün Prezident İlham Əliyev çıxışında deyib: "Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!".

Bölgədə strateji maraqları olan dövlətlərdən biri də rəsmi Parisdir. Müharibə dövründə və sonrakı mərhələdə Azərbaycana qarşı yalan iddialarla, sanksiyalarla çıxış edən Makron hakimiyyəti məsələnin sülh yolu ilə həllinə imkan verməyib. Fransa Afrikadakı neokolonial siyasətini Cənubi Qafqazda Ermənistan vasitəsilə həyata keçirmək istəyib. Keçmiş Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərə uyğun hərəkət etdiyini, həm Ermənistanın, həm də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, münaqişənin dialoq yolu ilə həllini dəstəklədiyini iddia etsə də, hər kəsə bəllidir ki, Fransa hər zaman Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləyib.

İlham Əliyev xalqa müraciətində da qeyd edib ki: "Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin".

Argentina Prezidenti Alberto Fernandes sentyabrın 10-da Yeni Dehli şəhərində G20 Sammiti zamanı ölkəmizə qarşı qərəzli fikirlər səsləndirib. Ölkənin ağır sosial-iqtisadi məsələləri, yoxsulluq, korrupsiya kimi problemləri olmasına baxmayaraq, hökumət anti-Azərbaycan siyasəti ilə məşğuldur. Litva və Estoniyanın Azərbaycana qarşı əsassız fikirlər səsləndirməsi təəssüf doğurur.

30 il müddətində "vasitəçi"lərin yarıtmaz fəaliyyəti səbəbilə həllini tapmayan münaqişə İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı zəfəri ilə sona çatdı. Lakin, bundan sonra da regiona müdaxilə cəhdləri səngimədi və gərginlik süni şəkildə artırıldı. Nəticədə, ölkəmiz antiterror tədbirləri keçirməyə məcbur oldu. Antiterror tədbirləri zamanı Azərbaycan öz daxili məsələlərini həll etməyə qadir olduğunu bir daha göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Qarabağ məsələsi ölkəmizin daxili işidir və heç kim bizə təsir edə bilməz. Antiterror tədbirləri nəticəsində bir gündə təmin olunan qələbə bunun sübutudur. Uğurlu antiterror tədbirləri Cənubi Qafqazda yeni reallıq yaradacaq və uzunmüddətli sülh təmin olunacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".