Cənubi Qafqazda sülhü və sabitliyi pozmaq üçün yeni planlar qurulur
Siyasət

Cənubi Qafqazda sülhü və sabitliyi pozmaq üçün yeni planlar qurulur

Qarabağ münaqişəsi artıq bitib, lakin Qərbin planları bitmir ki, bitmir. Yenə də tarix təkrar olunur, yenə də ermənilərdən oyuncaq kimi istifadə edilir. Belə ki, Fransa Ermənistanı silahlandırmaq üçün yeni "yol xəritəsi" hazırlayıb. Makron hökumətinin planına görə yeni hərbi texnika Gürcüstan və İran üzərindən Ermənistana çatdırılacaq. Təbii ki, bu məsələdə Hindistanın da imkanları yaddan çıxarılmayıb. Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahların Ermənistana ötürülməsi, fransız hərbçilərin Ermənistanda təlimlər keçirməsi də Makronun planlarına daxildir. Bu azmış kimi fransalı nazir Lekornu erməni həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Fransanın  İrəvana müdafiə silahları göndərdiyini də açıqlayıb: "Yaxın vaxtlarda "Bastion" zirehli texnikaları tədarük ediləcək. Lazım olarsa, qısa, orta və uzaqmənzilli raketlər də verəcəyik". S.Papikyan isə bildirib ki, hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır.

Bütün bunlar onu göstərir ki, Fransa Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyası reallıqla barışa bilmir. Parisin bölgəni silahlandırmaq istəməsi onun gələcək çirkin niyyətlərindən xəbər verir. Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaqda da Qərb Fransanı dəstəkləyir. Sadəcə, Qərbin Cənubi Qafqazdakı çirkin planının "moderatoru" Fransadır. Belə olmasa idi, Aİ özünün 400-dən artıq müşahidəçisini Azərbaycanla sərhəddə yerləşdirməzdi. Həmin "müşahidəçilər" Azərbaycan haqda kəşfiyyat məlumatlarını toplamaqla yanaşı, şərti sərhəddə gərginliyin artmasında da rol oynayırlar. Təbii ki, Qərb bu məsələdə analoqu olmayan "binokl diplomatiyası"ndan və "turist"lərdən də istifadə edir.

"Ötən ilin oktyabr ayında Paris və İrəvan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb. Ermənistan sürətlə silahlandırılır. Xüsusilə, HHM sistemləri, radarlar, zirehli texnika verilməsinə diqqət yetirilir. Bunlar əksər hallarda Qara dəniz və Gürcüstan, bəzən isə İran üzərindən İrəvana göndərilir. Paşinyanın  Parisə,  Lekornunun İrəvana son səfərləri ilə hərbi əməkdaşlıq daha da dərinləşdirildi. Yaxın vaxtlarda Fransanın Ermənistanda hərbi bazasını açması gözlənilir. Fransanın rabitə, kəşfiyyat, müşahidə apara bilən çoxlu hərbi peykləri var. Burada ən çox diqqətçəkən məqam Fransanın İran, Azərbaycan, Türkiyə və Rusiya haqqında və xüsusilə sərhəd ərazilərində hərbi hərəkətlərlə bağlı peyk məlumatlarını Ermənistana ötürməyi öz üzərinə götürməsidir. Yəni rəsmi Paris İrəvana yardım pərdəsi altında bölgəni qarışdırmaq istəyir. Əlbəttə ki, bu, odla oynamaqdır və çox təhlükəlidir. Bu, Ermənistana sülh və sabitlik, əmin-amanlıq gətirməyəcək, əksinə, onu Fransanın müstəmləkəsi edəcək". Bu fikri mövzu ilə bağlı açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Ermənistanın yeni müharibə cəhdinə cavabın çox kəskin olacağını da vurğulayıb: "Fransa və Hindistan kimi ölkələr Ermənistanı əsasən İran üzərindən silahlandırırlar. Yəni Tehran İrəvana göndərilən silahların bir gün ona qarşı tuşlanacağını dərk etməlidir. Ermənistanı silahlandırmaq və öz təhlükəsizlik maraqlarını Türkiyə ilə Rusiyadan ayrı tutmaqla bölgədə sabitliyi təmin etmək mümkün deyil. Ermənistan isə Fransaya bel bağlayıb Türkiyə və Azərbaycana qarşı addımlardan çəkinməlidir. Ankara və Bakı arasında imzalanan Şuşa Bəyannaməsi sadəcə kağız üzərində yazılan bir sənəd deyil. Fransa və digərlərinin fitnəsi ilə bizə qarşı hansısa hərbi hərəkət olsa, əllərindəki kəşfiyyat məlumatlarından istifadə etməyə bir an belə imkanları olmayacaq. Bunu unutmamalıdırlar.

Budəfəki silah tədarükünün Qara dəniz üzərindən göndəriləcəyi söylənilsə də, bunun baş tutması mümkün deyil. Çünki Türkiyə hər vəchlə buna mane olaraq bölgədə sülhə qarşı yaradılan maneələrin qarşısını kəsmək iqtidarındadır. Digər tədarük variantı kimi İran göstərilir. Mənə görə Tehran da bu məkrli plana qarşı çıxacaq. Çünki İranın kəşfiyyat qurumları Fransanın Ermənistanda hərbi bazalar qurması ilə bağlı məlumatlar əldə edib və Tehran hakimiyyəti də öz sərhədlərində NATO-nun mövcudluğunu istəməyəcək.

Xatırladaq ki, Paşinyanın Parisə səfərindən sonra Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi ilə Ermənistan kəşfiyyatı arasında Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub. Fransa Ermənistana xüsusilə sərhədlər boyunca mövcud hərbi vəziyyətlə bağlı peyk məlumatlarını göndərməyi üzərinə götürüb.

Lakin tarixi təcrübə də göstərir ki, bu cəhdlər əbəsdir. Azərbaycan regionun əsas gücü olduqca, Qərbin çirkin planlarının həyata keçməsi mümkün olmayacaq.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.