Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Mahmudlu Babək Süleyman oğlunun xatirəsi ehtiramla anıldı.
Qəhrəman şəhidimizin anım mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Mərasim iştirakçıları şəhid Babək Mahmudlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, üzərinə tər çiçəklər düzdülər. Sonra şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşdülər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anıldı. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Babək Mahmudlunun təltif olunduğu "Şuşanın azad olunmasına görə" medalı şəhidin atasına təqdim olundu. Sonra yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.
Mahmudlu Babək Süleyman oğlu - 1995-ci ilin noyabrın 27-də, Biləsuvar şəhərində anadan olmuşdur. 2011-ci ildə Biləsuvar şəhər Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olub. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Manqa komandiri Babək Mahmudlu “İstiqlal” snayper kursunu da müvəffəqiyyətlə başa vurmuşdur. Naxçıvanda Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə etmişdir.
27 sentyabr tarixindən torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşcü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, xeyli düşmən əsgərini “İstiqlal”ı ilə məhv etmişdir. Babək Mahmudlu Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 1 noyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar şəhərində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Babək Süleyman oğlu Mahmudlu ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Ərəstun ABDULOV,
“Respublika”.