Ceyhun Bayramov: İranın iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük
Siyasət

Ceyhun Bayramov: İranın iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük

Azərbaycan həmişə İranla münasibətlərin müsbət inkişafında maraqlı olub.

"Respublika" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Son zamanlar iki ölkə arasında münasibətlərdə ciddi gərginliklərin yaşandığını bildirən nazir deyib: “Bunun çox ciddi səbəbləri var idi. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkəmizə səfərini, xüsusilə Prezident İlham Əliyevlə görüşünü müsbət qiymətləndiririk. Görüş zamanı münasibətləri açıq şəkildə müzakirə etmək imkanı oldu. İranın iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük və hiss edirik. Belə olan təqdirdə, Azərbaycan tərəfi də adekvat addımlar atacaq”.

XİN rəhbəri, həmçinin iki ölkə arasında iqtisadi sahədə çoxsaylı layihələrin olduğunu qeyd edib və yaxın günlərdə Azərbaycan-İran Hökumətlərarası Komissiyasının həmsədrlərinin İran Astarasında görüşünün planlaşdırıldığını diqqətə çatdırıb.

Bildirilib ki, görüş əsnasında nəqliyyat, energetika, su resurslarının birgə istifadəsi və bir sıra digər istiqamətlər üzrə danışıqlar aparılacaq.