Fransanın regionda yeni müharibə planı
Siyasət

Fransanın regionda yeni müharibə planı

Hələ İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl baş nazir Nikol Paşinyan davamlı olaraq yerli və xarici mətbuata verdiyi müsahibələrdə Azərbaycanın Ermənistanın üzərinə hücum edəcəyi barəsində böhtan xarakterli ittihamlar səsləndirirdi. Lakin çox keçmədi ki, elə media resurslarında Ermənistanın böyük müharibəyə hazırlaşması görüntüləri yer aldı. Xüsusilə terrorçu qruplaşmalarının işğal altında olan ərazilərimizdən şəkillər çəkib paylaşması Paşinyanın əsl simasını ortaya çıxardı. Erməni baş nazirinin söylədiyinin əksinə olaraq 2020-ci il sentyabrın 27-də Ordumuz üzərinə hücuma keçən Ermənistan bir daha işğalçı olduğunu göstərdi. Amma Birinci Qarabağ müharibəsinin əksinə bu dəfə itirən tərəf haylar oldu.

Regionun bugünkü mənzərəsi dörd il bundan əvvəlkindən heç də fərqli deyil. Yenə Nikol Paşinyan Qərb mediasında anti-Azərbaycan çıxışlar edir və baş verəcək müharibədən danışır. Qeyd edək ki, Ermənistan rəsmisinin bu cür yanaşması, ilk növbədə, sülhə ən böyük əngəldir. Çünki Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və Qarabağ münaqişəsinin tarixin zibilliyinə atılmasından sonra iki ölkə arasında hər hansısa bir müharibə ehtimalından söhbət belə gedə bilməz. Ən əsası da odur ki, Prezident İlham Əliyev və Nikol Paşinyan Praqa görüşündə qarşıqlıqlı olaraq ölkələrin ərazi bütövlüyünü tanıyıb. Bəs yeni müharibədə məqsəd nədir?

Qərbin Cənubi Qafqazdakı maraqları bölgədə yeni müharibə riskinin yaranmasına ən böyük səbəbdir. Fransanın rəhbərliyilə Ermənistanın silahlandırılması da bundan xəbər verir. Ötən həftə İrəvana səfər edən Fransanın müdafiə naziri Sebastyan Lekornu iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair bir sıra sənədlərə imza atıb. Erməni həmkarı Suren Papikyanla görüşdən dərhal sonra fransalı nazir Ermənistan hökumətində daimi hərbi məsləhətçiləri olacağını bildirib. Xatırladaq ki, artıq bir müddət əvvəl Fransadan "Bastion" zirehli texnikalarının Ermənistana idxalı baş tutub.

Sebastyan Lekornunun İrəvana səfəri, fransız istehsalı olan silahların Ermənistana verilməsi yeni müharibənin qığılcımları hesab oluna bilər. Ona görə də tez-tez Qərb kütləvi informasiya vasitələri Bakı ilə İrəvanın müharibə meydanında qarşı-qarşıya gələcəyi barəsində xəbərlər yayımlayır. Burada da əsas "günahkar" kimi heç şübhəsiz Azərbaycan göstərilir. Yalnız bu cür qarayaxma kampaniyası Ermənistanın silahlandırılmasını pərdələyə bilər.

Fransa təkcə erməni hərbçilərinə silah-sursat tədarük etməklə kifayətlənmir. Demək olar ki, ölkəmizə qarşı dolayı yolla müharibə də aparır. Ötən il şərti sərhəddə baş verən qarşıdurmada fransız hərbçisinin video görüntülərə yaxalanması buna əyani sübutdur. Hazırda da bu proses davam etməkdədir. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Fransanın regiondakı pozuculuq fəaliyyətinə münasibət bildirmiş və qeyd etmişdi ki, bizə qarşı olan mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar: "Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum".

Hazırda bölgədə Fransanın simasında Qərb və Rusiya qarşıdurması daha aydın görünür. Ermənistana göndərilən Aİ-nin "mülki missiyası" da sırf Qərbin çirkin maraqlarına xidmət edir. Həmin missonerlərin Azərbaycanla şərti sərhədə göndərilməsinin əsas məqsədi həm Rusiya hərbçilərinin avropalı pensionerlərlə əvəzlənməsi, həm də kəşfiyyat məlumatlarının toplanma funksiyasını yerinə yetirməkdir. Rəsmi Bakının "binokl diplomatiyası" adlandırdığı bu missiya şərti sərhəddə sülhü təmin etməsilə deyil, anti-Azərbaycan fəaliyyətilə yadda qalır. Belə ki, fevralın əvvəlində Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi əraziyə baş çəkmişdi ki, bu da rəsmi Parisin Cənubi Qafqazda militarizasiya siyasətinin açıq-aşkar göstəricisidir. Bütün bunlar deməyə əsas verir ki, Fransa Ermənistanı revanşa hazırlayır. Məqsəd Azərbaycana hücum edib, az da olsa, torpaq almaqdır. Təxminən 4-5 aydan sonra yenidən atəşkəsin Ermənistan tərəfindən pozulması da buna xidmət edir. Sülh danışıqlarının intensivləşdiyi və regionda barışıq üçün münbit şərait yarandığı bir ərəfədə Fransanın təhrikilə ermənilərin silahlı qarşıdurma cəhdləri hazırlanmış ssenarinin bir hissəni təşkil edir. Amma Azərbaycan Ordusunun bu təxribatlara cavab verməməsi dövlətimizin sülh prosesinə sadiqliyini göstərir.

Ermənilər hər zaman olduğu kimi, bu gün də yaşadığı regionda yalnız fitnə-fəsad törətməklə məşğul olur. Necə ki, bir zamanlar Osmanlı dövlətinin çörəyini yeyib, suyunu içib sonda onlara xəyanət etdilər, indi də həmin xislətlərinə uyğun hərəkət edirlər. Əgər XX əsrin əvvəllərində Qərb onları Osmanlıya qarşı qaldırmışdısa, bu gün eyni hal Cənubi Qafqazda baş verir. Amma ermənilərin bu cür davranışları onlar üçün heç də yaxşı sonluq gətirməyə bilər. Necə ki, Ermənistan 30 il ərzində Azərbaycanın barışıq çağırışlarına cavab vermədi və axırda biabırçı məğlubiyyətlə üzləşdi. Ona görə də Ermənistan Fransa kimi dövlətlərin maraqları naminə öz gələcəyini qurban verməməlidir. Bölgədə gərginlik yaratmaq Ermənistanın sadəcə özünə ziyan vuracaq.

Musa BaĞırlı,

"Respublika".