Nə tökərsən aşına, o da çıxar qaşığına
Siyasət

Nə tökərsən aşına, o da çıxar qaşığına

Ayağımızın altını qazanların indi də öz tifaqları dağılır

Tarix boyu Cənubi Qafqaz dünya güclərinin diqqət mərkəzində olub. Həmin qüvvələr regionda sülhün, əmin-amanlığın hökm sürməsini qətiyyən istəmirlər. Elə bu səbəbdən də regionda geopolitik situasiyanın gərginləşməsindən ötrü əllərindən gələni edirlər. Bu qüvvələr arasında ABŞ və Fransa xüsusilə fərqlənir və onlar sıralarını genişləndirməkdədirlər. Son vaxtlar Almaniya da fəallaşıb. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycana qarşı ikili standartlar nümayiş etdirən bu qüvvələr demokratiya, insan hüquqları və s. kimi dəyərlərdən çox-çox uzaq olduqlarını bir daha təsdiqlədilər.

Yeri gəlmişkən, onu qeyd edək ki, ABŞ və Fransa ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri olublar və Qarabağ münaqişəsinin həlli üçün ötən 28 il ərzində heç bir iş görməyiblər. Elə bu gün də ölkəmizə qarşı eyni münasibəti sərgiləyirlər. Azərbaycanı törətmədiyi cinayətlərə görə ittiham edir, ölkəmizə qara yaxır, onun dünyada artan nüfuzuna xələl gətirməyə çalışırlar. Əslində isə onların buna haqqı çatmır, hər şeydən əvvəl ona görə ki, özlərini demokratiyanın beşiyi adlandıran ABŞ və Fransanın problemləri kifayət qədərdir. Xüsusilə Fransa artıq uzun onilliklərdir ki, analoji problemlə mübarizə aparmaqdadır. Belə ki, Fransanın tərkibinə daxil olan Korsika adasında müstəqillik uğrunda 200 ilə yaxındır mübarizə davam edir. Rəsmi Paris Korsika adası ətrafında baş verənləri Fransanın ərazi bütövlüyünə qarşı separatizm fəaliyyəti kimi dəyərləndirir, erməni separatçılarını dəstəkləyir.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən sonra bölgədə separatçıların kökünün kəsilməsi ABŞ və Fransanı Ermənistandan daha çox narahat etdi. AŞPA-nın Azərbaycan əleyhinə qərar qəbul etməsinin əsas səbəblərindən biri kimi guya ölkəmizin erməniləri zor gücünə çıxarması faktı göstərilir. Halbuki Qarabağın erməni əsilli sakinləri pasportunu daşıdıqları ölkəyə rahat, təhlükəsiz şəkildə qayıdıblar. Onların bölgədən sərbəst şəkildə çıxması üçün Azərbaycan tərəfi hər cür şərait yaradıb. Antiterror tədbirlərində isə yerli əhaliyə, onların mülkiyyətinə heç bir ziyan dəyməyib. Bunu BMT missiyası bölgəyə səfərlərindən sonra hazırladığı hesabatlarda da təsdiqləyib.

Bu gün Korsika məsələsinə Fransa mətbuatında da fərqli münasibət var. Məsələn, "Mediapart" yazır ki, prezident Makronun məsələyə yanaşması qüsurludur: "Əvvəla, ona görə ki, millətçilərin tələbləri illərdir bilinsə və hər seçkidə təsdiqlənsə də, hökumət konkret həll yolu müəyyənləşdirməyib, vaxt uzatmaqla məşğul olub. Ta ki zorakılıqlar baş verənə qədər... Prezident beş il ərzində millətçi çoxluğun tələblərinə məhəl qoymadı və indi prezident seçkilərinə bir neçə həftə qalmış böhrana son qoymaq üçün tələsik həll yolu tapmağa çalışır. Bununla da hökumət özünü ayağından vurur". Fransanın digər bir mətbuat orqanı "Le Monde" qəzeti isə bir qədər də irəli gedərək yazır ki, korsikalıların hüquqlarını heçə sayan hakimiyyət başqa ölkələrdə eyni iddia və ideyalara dəstək verir. "Le Figaro" nəşri isə vurğulayır ki, korsikalı millətçilər tam müstəqillik tələbi irəli sürmürlər, onlar maddi cəhətdən asılı olduqları Fransadan sadəcə öz hüquqlarının artırılmasını istəyirlər: "Paris isə hətta bu tələblərə belə dözümsüz yanaşır".

Bütün bunlar isə onu göstərir ki, hər zaman Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən, insan haqları ilə bağlı dünyaya dərs keçmək iddiasında olan Fransa öz daxilində də bu dəyərləri kobud şəkildə pozur. İnsanları həbsxanalara salır, işgəncə verir, onların demokratik istəklərini boğur. Milli mənsubiyyətinə görə 1,5 milyon əlcəzairlini qətlə yetirən Fransanın küçələrində polis açıq şəkildə yenə də müsəlmanları gülləyə tutur, həyatlarına son qoyur. Ancaq hər şeyin də sonu var. Səbir kasası dolub-daşanda insanlar da bir gün öz haqlarının müdafiəsinə qalxır, haqq-hesab sorurlar. Necə ki, bu gün Fransa küçələrində etiraz aksiyaları baş alıb gedir. Makron hakimiyyətindən, onun yeritdiyi siyasətdən, haqsızlıqlardan təngə gələn vətəndaşlar, demokrat fransızlar mədəni bir xalqa yaraşmasa da, öz prezidentlərini ən yaxşı halda yumurta atəşinə tutur, cızığından çıxan "lider"lərinin ipini çəkmək istəyirlər. Çünki onun öz xalqını nüfuzdan saldığını, Fransa tarixinə ləkə gətirdiyini yaxşı başa düşürlər. Necə deyərlər, xalqın canı boğazına yığılıb. Bir məsəldə deyildiyi kimi: "Su boğaza yığılanda meymun öz balasını ayağının altına alır". Amerika Birləşmiş Ştatları da qalmaqallardan hali deyil, yəni dünyaya ağalıq etmək istəyən bu dövlətin də öz problemləri var. Belə ki, bir gün bir yerə toplaşan ştatların hər biri, yaxud təkcə biri bu birlikdən çıxsa, o dövlətin çökməsi asanlıqla reallaşacaq. Cəmi 200 illik tarixi olan ABŞ da indi bu problemlə üz-üzədir, bölünmək, parçalanmaq təhlükəsi başının üstünü kəsdirib.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsinin bağlanması prosesinə vasitəçilik etmək istəyən ABŞ, son zamanlar atdığı addımlarla ona göstərilən etimada ciddi zərbə vurdu. ABŞ Qarabağ ermənilərinin oradan zorla çıxarıldığını, onlara soyqırımı törədildiyini iddia edir ki, bu da Azərbaycan tərəfindən qəbuledilməzdir. Demokratiya, azadlıq, bərabərlik, insan haqları... gözəl dəyərlərdir, əlbəttə, onun əsl mahiyyətini dərk edənlər, bu yolla gedənlər üçün. Azərbaycan demokratik, hüquqi dövlətdir və qeyd etdiyimiz dəyərlərə də hörmətlə yanaşır. Öz torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına qarşı çıxan, o torpaqların 30 illik işğalına son qoyan, separatizmin kökünü kəsən Azərbaycanı haqlı ikən haqsız duruma salanlar indi öz cəzalarını çəkirlər. ABŞ, Fransa bütövlüyünü qorumaq üçün yollar axtarmalıdır, çünki başqalarına etdikləri başlarına gəlib. Yəni "Nə tökərsən aşına, o da çıxar qaşığına".

Zümrüd QURBANQIZI,

"Respublika".