Dünənin, bu günün və gələcəyin partiyası
Siyasət

Dünənin, bu günün və gələcəyin partiyası

Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyətli hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.

1990-cı illərin əvvəllərində müstəqilliyini yeni bərpa etmiş gənc Azərbaycan Respublikası çətin günlərini yaşayırdı. Ölkəmizin ərazi bütövlüyünün pozulması, daxili və siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqil yaşamasını sual altına qoymuşdu. Məhz o zaman dövlət müstəqilliyinin qorunub saxlanması üçün qətiyyətli və iradəli liderin ölkə rəhbərliyinə gətirilməsi zərurəti yaranmışdı. Xalq öz nicatını yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Elə həmin vaxtlar xalqını, dövlətini düşünən 91 nəfər Azərbaycan ziyalısının Ulu Öndər Heydər Əliyevə müraciəti bütövlükdə xalqın çağırışı idi. Müraciətdə Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş olunurdu. Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə cavabında deyilirdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın tarixində unudulmaz və möhtəşəm bir hadisənin baş verdiyi həmin əlamətdar gün respublikamızın ictimai-siyasi həyatında yeni dövrün əsasını qoydu.

Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa zaman kəsiyində xalqımızın etimadını qazanaraq ən mütərəqqi ziyalıları ətrafına toplamağı bacardı. Partiya tez bir zamanda bütün rayonlarda öz təşkilatlarını yaradaraq bölgə əhalisinin taleyüklü problemlərinin həllində əsas rol oynamağa başladı. Partiya liderinin vətənpərvərliyi, təəssübkeşliyi, məntiqi mühakimə aparmaq bacarığı, qayğıkeşliyi nəticəsində xalqımız ulu öndərin ətrafında sıx toplaşdı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təşəkkül tapan YAP qısa müddətdə Azərbaycan dövlətinin siyasi, iqtisadi və sosial simasını dəyişərək ona yeni və ən müasir inkişaf tendensiyası gətirdi. Digər tərəfdən, partiya xalqın mənəvi gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyası Ulu Öndərin azərbaycançılıq ideologiyası, demokratiya prinsiplərinə sadiqliyi və siyasətdə liberalizmi özünün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirdi, yarandığı ilk gündən mürəkkəb ictimai-siyasi prosesləri dəqiq qiymətləndirən, onlara elmi münasibət bildirən siyasi təşkilat kimi fəaliyyətə başladı. Təşkilatın timsalında xalqımız siyasi mübarizənin sivil, demokratik yollarını və vəzifələrini aydın şəkildə müəyyənləşdirmək imkanı qazandı.

Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olan YAP dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək cəmiyyətdə nüfuzunu daha da artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Azərbaycanın siyasi mənzərəsinə yeni ab-hava gətirən partiyamızın sıralarının getdikcə genişlənməsi xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin bariz nümunəsidir. 

Yeni Azərbaycan Partiyası 31 illik fəaliyyəti dövründə zəngin və şərəfli inkişaf yolu keçib. Bu gün Heydər Əliyev ideyaları əsasında fəaliyyətini davam etdirən YAP Azərbaycanın inkişafına müstəsna töhfələr verir.

YAP-ın məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası dövlətimizin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Bir sözlə, ulu öndər Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Hazırda ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan YAP öz sıralarında 800 minə yaxın üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir.

Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifələrdən ən başlıcası ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, dünyanın qüdrətli dövlətləri sırasında öz yerini qorumaqdır.

Ötən 31 il ərzində cəmiyyətin hakim və öncül partiyası olan YAP-ın ölkənin ictimai-siyasi həyatına gətirdiyi yeniliklər və novator addımlar müstəqil Azərbaycanın daha güclü olması beynəlxalq aləmdə nüfuz və etimad qazanması üçün yeni imkanlar yaradacaq.

M.MİRZƏ,

"Respublika".