Cini şüşədən buraxıblar
Digər xəbərlər

Cini şüşədən buraxıblar

Qarabağa qeyri-qanuni gələnə qədər adı çirkli biznes qalmaqallarında hallanan, Rusiyada milyarder oliqarx kimi "tanınan", ermənilərə özünü "xeyriyyəçi" kimi sırıyan R.Vardanyan əslində, nağıllarda deyildiyi kimi, şüşəyə salınmış bir cindir  və onun hansı niyyətlə bu torpaqlara göndərildiyinin əsas niyyətini gizlədiblər.

Azərbaycanın əzəli ərazisi olan, qədim tariximizi özündə yaşadan Xankəndiyə humanitar yardımlar üçün gəldiyini bildirən Vardanyan Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində "Artsax təhlükəsizlik və inkişaf fondu"nu yaratdı. Heç vaxt bu torpaqlarda yaşamayan, İkinci Qarabağ müharibəsində haralardasa gizlənən bu hiyləgər erməni Rusiya sülhməramlılarının bölgəyə gəlişindən sonra "xeyriyyəçi" kimi Xankəndidə peyda oldu. Humanitar "mələk" obrazında çox davam gətirə bilməyən Vardanyan oyuncaq rejimin "dövlət naziri" postuna sahib çıxdı. Xankəndidə yaşayan ermənilərin müdafiəsindən, onların müqqədəratını təyinetmədən, "müstəqillik"dən, silahlı qarşıdurmadan, "min illər"dir ki, burada yaşayan ermənilərə "azadlıq" verilməsindən danışmağa başladı. Əsl mahiyyət ortalığa çıxdı. Necə deyərlər, sahibləri cini şüşədən buraxdılar. Və dərhal Vardanyan Azərbaycana, iki aya yaxındır ki, Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən ekofəallara böhtan və çamur atmağa başladı. O, "blokada" haqqında əsassız fikirlər səsləndirir, bölgədə baş verən prosesləri başqa səmtə yönəltməyə cəhd edir.

Almaniyada nəşr olunan "Politico" qəzetindəki məqalə R.Vardanyanın əsl simasını açıb göstərir. Həmin məqalədə qeyd edilir ki, Qarabağda yaşayan dinc erməni əhalisi anlamalıdır ki, regiona göndərilən Ruben Vardanyana bu torpaqda sülh lazım deyil. Nə vaxtsa Rusiyaya qaçmış erməni əsilli milyarderin Xankəndiyə məhz bu vaxt gəlişi maraq doğurur. Rusiya vətəndaşlığından imtina edən Vardanyan təbiətcə opportunist olduğundan, məhz Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasında qalan Azərbaycan torpaqlarında gəlir əldə etmək imkanını görüb. Onun gəlişindən cəmi bir neçə həftə sonra fəaliyyətsiz qalan iki qızıl mədəni  yenidən fəaliyyətə başlayıb. Vardanyan hesab edirdi ki, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını istismar edəcək, talançılıqla məşğul olaraq varlanacaq.

Qəzetdəki məqalədə haqlı olaraq qeyd edilir ki, o, niyə  məhz Azərbaycanın regionun erməni əhalisi ilə danışıqlara başladığı bir  vaxtda gəldi. Halbuki, bu əhali rəsmi Bakıya öz müqəddəratını Azərbaycan daxilində qorunan azlıq qismində gördüyünə dair siqnallar göndərirdi. Doğrudan da bu müraciətlər olub. Üçtərəfli Bəyanata əsasən Azərbaycan tərəfi yeni Laçın yolunun çəkilişində həmin ərazidə yaşayan ermənilərin yol işçiləri ilə xoş münasibəti, hətta onlara kömək etmələri dərhal xarici qüvvələri ciddi narahat etdi. Ermənilərin yaxınlaşması haqqında dövlətimizin başçısı da öz çıxışlarında məlumat verirdi. Görünən odur ki, erməniləri əllərində alət edən bəzi dövlətlər Azərbaycanı öz ərazisində yaşayan erməni əhalisinə sahib çıxmağa mane olur, bölgədə gərginliyin yaranmasında maraqlıdırlar.

Adıçəkilən məqalədə əsas narahatlıq doğuran məsələnin Vardanyanın Qarabağın erməni icmasının ictimai fikrini sülhə qarşı yönəltmək istiqamətində öz imkanlarından istifadə edəcəyi və bunun region, ilk növbədə isə İrəvanın maraqları üçün faciə ilə nəticələnəcəyi deyilir: "Burada təhlükə ondan ibarətdir ki, bütün bunlar digər qərəzli subyektlərdə atəşkəs və sülhün dəstəklənməsi haqqında Rusiya razılaşmasının şərtlərinin heç bir dəyərinin olmadığına dair fikir formalaşdıra bilər. Vardanyanın bu bölgəyə gəlişi ona hesablanıb ki, Xankəndi və digər ərazilər "müstəqil" olacaq, Azərbaycan torpaqlarında ikinci "erməni dövləti" yaradılacaq, ermənilər süd gölündə üzəcəklər kimi boş və mənasız fikirlər daha geniş yayılsın, qarşıdurma yaransın və Azərbaycan öz erməni vətəndaşlarına qarşı hərbi əməliyyatlar keçirsin". Qarabağdakı ermənilərin çoxu bu qorxulu və şər niyyətli prosesi yaxşı anlayırlar. Düşmən ölkənin sosial mediasında yayılan məlumatlarda qeyd olunur ki, Ermənistan hakimiyyəti və Xankəndidəki oyuncaq rejim boş sözlər deməkdən başqa heç nəyə qadir deyil. Onların apardığı düşmənçilik və etnik təmizləmə siyasəti erməni xalqını yeni faciələrə düçar edəcək. Məhz Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı da bu məqsədlə başlanıldı.

Qeyd edək ki, 2022-ci il 3 və 7 dekabr tarixlərində rus sülhməramlı kontingentinin komandanlığı ilə keçirilən danışıqların nəticələrinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin mütəxəssislərindən ibarət qrup dekabrın 10-da müvəqqəti olaraq rus sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın ilkin monitorinqinə başlamağa hazırlaşırdı. Lakin qrup Rusiya sülhməramlılarının müşayiəti ilə monitorinqin keçiriləcəyi əraziyə gəldikdə hər iki istiqamətdə təxribatlarla qarşılaşdı. Vardanyan adlı cini şüşədən buraxanların məqsədi də məhz bu idi ki, qarşıdurma yaransın, itkilər olsun, Azərbaycan yeni müharibəyə cəlb edilsin. Lakin bu cinin sahibləri unutdular ki, sülhü və sabitliyi dəstəkləyən Azərbaycan bu təxribatlara getməyəcək, ərazilərimizdəki faydalı qazıntı yataqlarının qanunsuz istismarını dinc yolla, etiraz aksiyaları ilə dayandıracaq. Son məlumatlara diqqət yetirək: Ötən gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə  məxsus 4 avtomobilin hərəkət etməsinə şərait yaradılıb və nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkəti təmin olunub. Belə ki, 3 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə hərəkət edib və avtomobillərin içərisində 19 erməni əsilli şəxs olub.

"Blokada"dan, "həyat yolu"ndan danışmağa və böhtan atmağa vərdiş edən R.Vardanyana Qarabağdakı ermənilər sual veriblər ki, "ölkə"nin təhlükəsizliyi və "gələcəyi" necə olacaq?! Bu barədə Azərbaycan ərazisində gizlənən talançı və şüşədən buraxılan cin Vardanyan deyib ki, mübarizə müharibə anlamı daşımır və əlavə edib ki, mübarizə bizim Azərbaycanın təklif etdiyi yoldan, yəni sülhdən imtina etməyimizdir. Bütün çətinliklərə baxmayaraq, biz "öz vətən"imizdən getməyəcəyik. Şüşədən buraxılan cin artıq şübhələnir ki, ermənilər bu yerlərdən gedə bilərlər. Əlbəttə, razılaşmayanlar mütləq gedəcəklər, qalan erməni ailələrini isə Azərbaycanda xoşbəxt gələcək, firavan həyat gözləyir.

Salman ALIOĞLU,

"Respublika".