Çiyid   səpini   başlandı
Region

Çiyid   səpini   başlandı

“Ağ   qızıl” — 2023

Pambıqçılıq  Azərbaycanın   ənənəvi   kənd  təsərrüfatı sahələrindəndir. Hələ  100 il  bundan  öncə  ölkəmizdə  pambığın  böyük  ərazilərdə   əkildiyi, becərildiyi  və  bol   məhsul   əldə   olunduğu  məlumdur. Azərbaycan  Xalq   Cümhuriyyəti  dövründə pambıq  zavodları  ölkənin   əsas   sənaye  müəssisələrindən  sayılırdı, on   minlərlə   fəhlə   bu  sahədə çalışır, mahlıc istehsal  edirdilər. Lakin hər hektardan  məhsuldarlıq  göstəriciləri  çox  aşağı   idi, ona  görə  də   pambıqçılıq   kütləvi    xarakter   daşımırdı.

Sahənin əsl   yüksəlişi    isə  ulu  öndər  Heydər  Əliyev dövrü  ilə  bağlıdır. Məhz   ötən   əsrin 70-ci   illərində   pambıqçılıq   öz  inkişafının  ən   yüksək   zirvəsinə   çatdı.  Ölkəmizdə  ilk  dəfə  olaraq   “ağ   qızıl”   istehsalı  1   milyon   tona   qalxdı, hər   hektardan   məhsuldarlıq  artdı.

Azərbaycan Prezidenti  İlham   Əliyev    dövründə   də  pambıqçılığın  inkişafına   ciddi   qayğı   göstərilir. Pambıqçılığın   inkişafına  həsr   olunmuş   Sabirabad, Saatlı, Bərdə   müşavirələri  bu   sahədə  önəmli   rol   oynadı. Məhz   Prezidentin  qayğı   və   dəstəyi  sayəsində  pambıqçılıq  ən  müasir   maşın   və   mexanizmlərlə  təmin   olundu. Sahədə  çalışan  fermerlərə  güzəştli   kreditlər   ayrıldı, dövlət   onlara   subsidiyalar   verməyə   başladı. Məhz  dövlətin   dəstəyi  ilə şirkətlər  pambığın fermerlərdən   alış   qiymətlərini   hər  il  artırırlar.

Elə  məhz  bu  cür  qayğı   sayəsində  2016-cı   ildən  etibarən pambıqçılıq öz   keçmiş  şöhrətini  bərpa etdi, sonrakı  illərdə   isə  inkişaf   etməyə  başladı. Ötən il   respublikamızda 322   min   tona   yaxın  məhsul  istehsal   olundu, hər   hektardan   məhsuldarlıq isə 31 sentnerə yaxınlaşdı. Bu, ondan əvvəlki 2021-ci ilin   göstəricisindən 35   min  ton  artıq  idi, hər    hektardan   məhsuldarlıq   isə  2,5   sentner  çoxdur.

Ötən  il   pambığın   əkin   sahəsi  104,3  min   hektar   idi. Ümumiyyətlə, Bərdə   müşavirəsində   qəbul   edilən  qərara  görə bundan   sonra istehsal yalnız  məhsuldarlıq hesabına   inkişaf   etdiriləcəkdir. Yəni  əkin  sahələri artırılmadan yalnız  məhsuldarlığa   fikir    veriləcəkdir. Ona   görə  bu  il   də   pambıq   əkini   sahələrinin    təxminən   100  min  hektar  civarında   olacağı   gözlənilir.

Artıq   respublikamızda  çiyid səpininə başlanılıb. Hələlik   kütləvi   xarakter   almasa   da, bəzi   fermerlər   bu   işə   start   veriblər. Xatırladaq   ki, ölkənin   20-dən  artıq rayonunda  pambıq  əkilir   və  bu   proses   mayın   əvvəllərinədək  davam   edir.

Nəriman  CAVADOV,

“Respublika”.