Sakinlərin məmnunluğu əsasdır
Region

Sakinlərin məmnunluğu əsasdır

Azərbaycan Prezidentinin tapşırığına əsasən sakinlərin sosial qayğılarının və qarşılaşdıqları problemlərin həlli üçün rəhbər şəxslər tərəfindən ölkəmizin bütün ərazisində keçirilən səyyar qəbullar artıq ənənəvi olub. Balakən rayonunun Katex kəndində iştirak etdiyim növbəti görüş qeyri-adiliyi ilə diqqəti cəlb etdi. Belə ki, qəbul son dərəcə səmimi və işgüzar şəraitdə keçməklə bütün iştirakçıların ürəyincə olub.

Balakən rayonunun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinlərinin iştirak etdiyi qəbulda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev əvvəlcə dövlət  başçısı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edərək, ölkəmizin sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərə nəzər salıb, rayonda görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Rayon rəhbəri kənd sakinlərinin rahatlığını və vaxtını nəzərə alaraq elektron müraciət məsələlərinə də toxunub. Bildirib ki, istənilən müraciətlərinizi rayon icra hakimiyyətinin elektron ünvanına göndərə bilərsiniz. Bu barədə ətraflı məlumat verib və tam əminliklə bildirib ki, bütün müraciətləriniz operativ surətdə qeydə alınacaq və onların həlli barədə sizlərə məlumat göndəriləcək. 

Kənd sakinlərindən Əzizət Şoranova, Mehman Vociyev və Ramil Hotolov çıxış edərək Godobqara ərazisində yağış sularının axıdılması üçün işlərin görülməsinə, Katex çayında payız-yaz yağıntı mövsümü ilə əlaqədar sahil-bərkitmə işlərinin aparılmasına, həmçinin kənddaxili yola asfalt döşənməsinə köməklik göstərilməsini xahiş ediblər.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb və bir sıra müraciətlər yerindəcə həll olunub. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb. Kənd sakinləri növbəti müraciətlərini elektron formada edəcəklərini vurğuladılar.

M.NƏRİMANOĞLU,

"Respublika".