COP29-a ev sahibliyi etməsi ölkəmizin təhlükəsiz gələcəyə töhfəsidir
İqtisadiyyat

COP29-a ev sahibliyi etməsi ölkəmizin təhlükəsiz gələcəyə töhfəsidir

İqlim dəyişmələrinin yaratdığı fəsadlar insanların sağlamlığına böyük zərbə vurur, dünyanın qlobal bəlasına çevrilir. Bu da iqlim dəyişmələri istiqamətində düşünməyi və birgə tədbirlər həyata keçirməyi labüd edir. Məsələnin həlli üçün həyata keçirilən ən təqdirəlayiq tədbirlərdən biri də Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır (COP). Belə ki, COP iqlim dəyişmələri ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq konfranslardandır. Bu ilin sonunda Bakı məhz belə bir mühüm, dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının keçirilməsi üçün ölkəmizin paytaxtının seçilməsi Azərbaycanın bütün dünyaya dayanıqlı və təhlükəsiz gələcəyə töhfəsi olmaqla, həm də respublikamızın beynəlxalq nüfuzunu da göstərir.

Azərbaycan işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi üçün "yaşıl enerji zonası", "yaşıl kənd təsərrüfatı", "yaşıl nəqliyyat", "ağıllı şəhər"lər, "ağıllı kənd"lər kimi yanaşmaları tətbiq edib. Minlərlə hektar sahədə meşələr bərpa olunub. Müasir texnologiyaların tətbiqi bu ərazilərin dayanıqlı inkişafına töhfə verməklə iqlim dəyişmələrinin təsirlərinin yüngülləşdirilməsi kimi hədəflərə nail olmağa imkan verib. Prezident İlham Əliyev ötən ilin 15 dekabr tarixində COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə səsləndirdiyi fikirlər bu mənada xüsusilə diqqət çəkir: "Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar".

Bu gün Azərbaycanda dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı baxımından maraq doğurur. Nəzərə alaq ki, COP29 kimi mötəbər bir tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi yekdil qərarla təsdiqlənib, bunu mühüm tarixi hadisə kimi qiymətləndirmək olar. Tədbirin əsas əhəmiyyəti ondadır ki, bu qərar antiterror tədbirlərindən iki ay yarım sonra qəbul olunmuş və beləliklə, bütün dünya ictimaiyyəti bir daha Azərbaycana öz etimadını ifadə etmişdir. Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilib. Sərəncama əsasən, tədbirlə əlaqədar yaradılmış Təşkilat Komitəsinə yeni üzvlər əlavə olunub. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, deyə bilərik ki, ölkəmizdə 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz və 2050-ci ilə qədər isə 40 faiz azaldılması hədəflənib.

Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır: "Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 qiqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq".

Bu gün iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ölkəmizə son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb, xarici borcun səviyyəsi hər il azalır. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Alternativ enerji mənbələrinin yaradılması, "yaşıl enerji" sektorunda reallaşdırılan dünya miqyaslı layihələr ölkəmizin gücünü daha da artırır. Azərbaycan zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir. Azərbaycan "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tutur.

Kamran BAYRAMOV,

Milli Məclisin Deputatı.