COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması vacib məsələdir
Səhiyyə

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması vacib məsələdir

2019-2020-ci illərdə bütün dünya SARS-CoV-2 koronavirusunun səbəb olduğu yeni yoluxucu xəstəlik olan COVID-19 ilə qarşılaşdı. 2019-cu il dekabrın sonlarında Çin hökuməti Uxan şəhərində SARS-CoV-2 virusunun səbəb olduğu pnevmoniya barədə elan verdi. Ehtimallara görə virusun bütün dünyaya yayılması da elə buradan başlayıb.

Azərbaycanda isə ilk yoluxma 2020-ci il fevral ayının 28-də qeydə alınıb.  Mart ayının 11-də isə Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya adlandırdı. 2020-ci il dekabrın əvvəllərində bütün dünyada COVID-19-a yoluxmuş insanların sayı 65 milyonu keçdi.

2019-cu ilin sonlarından etibarən sürətlə yayılan SARS-CoV-2 virusu əksər ölkələrin iqtisadiyyatında və səhiyyəsində itkilərin baş verməsinə səbəb oldu. Təcrid, qadağa, qoruyucu və digər tədbirlərin müəyyən dərəcədə təsiri olsa da, virusun kütləvi yayılmasının qarşısını almaq mümkün olmadı. Koronavirusla xəstələnmə məsələsinin kardinal pozitiv həll edilməsi üçün kollektiv immunitetin yaranması vacib idi. Lakin yaranmış epidemioloji vəziyyətdə COVID-19 ilə mübarizədə ən effektli üsul isə vaksinasiya hesab olunurdu. Yalnız bu yolla kütləvi yoluxmanın qarşısını almaq, yaxud da xəstəliyə tutulduqda virusun təsir gücünü azaltmaq mümkün idi. Ona görə də Qərbi Avropa, Rusiya, ABŞ, Çin, Yaponiya və digər ölkələr koronavirus vaksininin hazırlanmasına qərar verdilər. Dünyada təxminən 35 laboratoriyada koronavirus əleyhinə vaksin hazırlamağa başlanıldı.

Artıq üç ildir ki, bütün dünya COVID-19 infeksiyası ilə mübarizə aparır. Azərbaycan virusun ölkədə yayılmasının qarşısını almaq məqsədilə dərhal ciddi tədbirlərə başlayaraq xüsusi karantin rejimi tətbiq edib. 2021-ci il yanvar ayının 18-dən etibarən isə ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesinə başlanmışdır. Respublika ərazisində peyvəndləmə prosesi 2021-ci il yanvarın 16-da təsdiqlənmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” na əsasən həyata keçirilir. İlk növbədə xüsusi risk qrupuna aid vətəndaşlar və yaşı 65-dən yuxarı olanlar, daha sonra isə müvafiq olaraq yaşı 50-dən, 40-dan, həmin ilin mayın 10-dan başlayaraq isə yaşı 18-dən yuxarı olan şəxslər peyvəndlənməyə cəlb edilib. Dünya təcrübəsinə əsaslanaraq bir müddət sonra--2021-ci il sentyabrın 7-dən etibarən 16-18 yaşlı yeniyetmələrin, oktyabrın 5-dən isə 12-15 yaşlıların vaksinasiyasına başlanmışdır. 2021-ci ilin avqust ayından, həmçinin iki doza vaksinasiyadan 5-6 ay vaxt keçmiş vətəndaşların, xüsusilə də risk qrupuna aid şəxslərin qüvvətləndirici-"buster" doza ilə peyvəndlənməsi ölkənin səhiyyə qurumları tərəfindən tövsiyə edilib.

Onu da qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz üzrə peyvəndləməyə başlayan ilk ölkədir. Dövlətimiz pandemiyanın ilk günlərindən beynəlxalq təşkilatlarla müvafiq əməkdaşlığa başlamışdır. COVID-19 pandemiyası əleyhinə iki doza vaksin vurduranlara “peyvənd sertifikatı”, xəstəliyə yoluxub sağalanlara isə “immunitet sertifikatı” təqdim edilib. Azərbaycan Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla ümumilikdə 30-dan çox ölkəyə pandemiya ilə mübarizə çərçivəsində humanitar və maliyyə yardımı  da göstərib. Eyni zamanda,  Azərbaycan könüllü olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində yardım edib. Belə çətin bir dövrdə bəzi ölkələr pandemiya səbəbindən sosial-iqtisadi problemlərlə üzləşdiyi üçün Azərbaycan onlara da dəstəyini əsirgəməyib. Ölkəmiz tərəfindən Qırğızıstan, Özbəkistan və Tacikistana, həmçinin Türk Dövlətləri Təşkilatı vasitəçiliyi ilə Afrika ölkələrinə humanitar yardım kimi vaksinlər verib.

COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumların rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycanın bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Ötən müddət ərzində bütün profilaktiki tədbirlərlə yanaşı, həm də peyvəndlənmə prosesi də uğurla həyata keçirilib. Görülən işlərin nəticəsidir ki,  Azərbaycan koronavirus səbəbindən ən az itki verən ölkələr sırasındadır. Həmçinin Azərbaycanın bu istiqamətdə apardığı profilaktik tədbirlər, vaksinasiya siyasəti ÜST tərəfindən təqdir olunub. Dövlət başçısı İlham Əliyev pandemiya ilə bağlı vəziyyəti daim nəzarətdə saxlayaraq demişdir: “Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

Ramidə YAQUBQIZI,

“Respublika”.