Ölkəmiz Mərkəzi Asiya üçün yeni inteqrasiya imkanları yaradır
"Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışı zamanı söyləyib. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dialoqun fəal olduğunu bildirən Prezident qeyd edib ki, bu, çox müsbət dinamikadır: "...Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir", - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə dinamik inkişaf edən əlaqələr qurub. Bu əlaqələrin möhkəmlənməsi Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə yanaşı, həm də bütün türk dünyası üçün önəmlidir. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri münasibətlərin daha da genişləndirilməsində müstəsna rol oynayır, regionlar arasındakı əməkdaşlığın dərinləşməsinə təkan verir. Ümumiyyətlə, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq. Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, dövlətimizin başçısının isə Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstana səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiya ölkələri ilə əlaqələrimizin gələcək konturlarını müəyyənləşdirir.
Bu prosesdə dünyada formalaşan yeni və daha fərqli tranzit, nəqliyyat-kommunikasiya şəbəkəsi mühüm rol oynayır. Ölkəmiz isə geostrateji mövqeyi və daha da genişlənən tranzit imkanları ilə bu prosesdə vacib həlqəyə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilməkdədir. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb. Ölkəmiz mövcud imkanlardan bəhrələnərək bölgədə tranzit potensialını möhkəmləndirməyə, Şərqlə Qərb arasında körpü rolunu oynamağa davam edir. Azərbaycan Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tranzit əlaqələrini genişləndirmək, yükdaşımaların həcmini artırmaq üçün paralel olaraq Türkiyə və Gürcüstanla da sıx müzakirələr aparır. Təsadüfi deyil ki, ötən il hər üç ölkənin gömrük və nəqliyyat sahələrinə məsul nazirlərinin Tbilisidə keçirilən görüşlərində avtomobil yolları, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcminin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib.
Prezident İlham Əliyev həm ölkə daxilində, həm də ölkə xaricində balanslaşdırılmış siyasət yürüdür. Məhz buna görə də son illərə nəzər yetirsək, görərik ki, Azərbaycanın beynəlxalq arenada dostluq etdiyi ölkələrin sayı durmadan çoxalır. Ölkəmizin tərəfdaşlarının artması isə dövlətimizin nüfuzunu yüksəldir. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər ölkələri birgə əməkdaşlığa səsləyir. Zamanın bu tələbinə əməl edən ölkələr isə geniş əməkdaşlığa üstünlük verirlər. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər bunun bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışlarında indiki geosiyasi vəziyyətdə dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq, ümumi maraqlar ətrafında daha sıx birləşməyin vacib olduğunu bildirir.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, o cümlədən Çindən Avropaya gedən ən tez və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir ki, bu da Azərbaycana marağı getdikcə artırır.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirməyi qarşısına hədəf qoyub. Həmin dövlətlərlə əlaqələr Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Bu dövlətlərin və Azərbaycanın maraqları təkcə ümumi tarixi və mədəni köklərə malik olduqlarına görə deyil, həm də sıx iqtisadi və siyasi əlaqələr baxımından da üst-üstə düşür. Azərbaycan Mərkəzi Asiya üçün Avropa bazarlarına gedən yolu strateji baxımdan da təmin edir. Son illərdə Mərkəzi Asiya ölkələrinin bütün dünya üçün əhəmiyyəti Ukraynada müharibənin başlamasından sonra daha da artıb. Azərbaycan regionda yerləşən Qırğızıstan, Özbəkistan və Qazaxıstanla strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində də Azərbaycan Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq edir, eyni zamanda ölkələr beynəlxalq müstəvidə bir-birlərinin mövqeyini dəstəkləyirlər.
Onu da xüsusi qeyd etmək lazımdır ki, son 3 ildə Azərbaycan Prezidenti Mərkəzi Asiyaya 10 dəfə səfər edib. Təkcə 2022-ci ildə dövlət başçısı 7 dəfə bu regionda yerləşən ölkələrdə səfərdə olub. Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının da Azərbaycana səfərlərində də artım müşahidə olunur. Münasibətlərin inkişaf etməsində iqtisadi amillərin də böyük rolu var. Aparılan təhlillər göstərir ki, Ukraynada müharibənin başlamasından sonra Orta Dəhlizin cəlbediciliyi xeyli artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi tanınan Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən yaradılıb və daha sonra Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutlardan biri hesab edilir. Türkmənistan və Azərbaycan arasında Xəzər dənizinin dibindəki neft yataqlarının birgə istismarına dair razılıq əldə edilməsi, eyni zamanda "Özbəknefteqaz" və SOCAR-ın karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı üzrə birgə layihələrin işlənib hazırlanması, təcrübə mübadiləsi, qarşılıqlı investisiyaların və özəlləşdirmələrin təşviqi kimi məsələlərdə fəal əməkdaşlıq Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə yol açıb.
Ölkə başçısının regionda uzunmüddətli sülhün, təhlükəsizliyin və stabilliyin təmin olunması istiqamətində göstərdiyi səylər uzunmüddətli və davamlı strateji əməkdaşlığın qurulması üçün möhkəm təməl yaradır. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında başlayan geniş bərpa-quruculuq işləri yeni nəqliyyat əlaqələrinin formalaşmasına, ölkəmizin qarşılıqlı səmərəli əməkdaşlıq məkanına çevrilməsinə zəmin yaradacaq.
Mustafa KAMAL,
"Respublika".