Dadlı və keyfiyyətli meyvələrimiz
İQTİSADİYYAT

Dadlı və keyfiyyətli meyvələrimiz

Azərbaycan ta qədimdən əkinçilik ölkəsidir. İqlim qurşaqlarının çoxluğu, isti günəş havası, torpaqların münbitliyi, suyun əlçatan olması burada ən müxtəlif bitkilər yetişdirməyə imkan verir. Azərbaycanda yetişən meyvə və giləmeyvələr həm də keyfiyyətli, saf, dadlı olması ilə diqqət çəkir. Ümumiyyətlə, bütün MDB məkanında bizim keyfiyyətli, dadlı, ekoloji cəhətdən sağlam məhsullarımızın rəqibi yoxdur.

Bu məsələyə xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyev ötən ilin avqustunda "Azbadam" MMC-nin açılış mərasimində öz dəyərli tövsiyələrini də verib. Deyib ki, yerli sortlara daha çox üstünlük verilməlidir. Yəni kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirmək lazımdır. Çünki narımız, almamız, pomidorumuz, xurmamız, doğrudan da, xüsusi dada malikdir.

Azərbaycanın müvafiq dövlət qurumları, digər əlaqədar təşkilatlar, fermerlər, yaşıllıq sevənlər yeni bağ və giləmeyvə sahələrinin salınmasında, ərazilərin genişləndirilməsində bu tövsiyələri unutmurlar. Yəni ənənəvi meyvə tingləri və sortlarına üstünlük verilir. Bağ və giləmeyvə sahələri isə ildən-ilə genişlənir. Məsələn, 2021-ci ilin sonunda ölkədə bar verən yaşda olan bağ sahələri 167,7 min hektar idisə, keçən ilin sonunda bu rəqəm 224,4 min hektarı ötüb. Yəni cəmi bir ildə 55 min hektara yaxın artım var.

Xaçmaz (23,4 min hektar), Zaqatala (22,6 min hektar), Quba (19 min hektara yaxın) Azərbaycanın ən çox bağ sahələrinə malik olan bölgələridir. Bu ərazilərə aid göstəricilər Dövlət Statistika Komitəsinin 2021-ci ilin yekununa olan məlumatlarıdır. İndi isə bu ilin əvvəlinə həmin bağ sahələri Xaçmazda 1039,4, Qubada isə 232,3 hektar artıb.

Təbii, bağ sahələri genişləndikcə, məhsul istehsalının həcmi də artır. Ötən ilin yekununda ölkə üzrə isə bu rəqəm 1,2 milyon tonu keçib. Həm də bu, ondan əvvəlki ildəkindən 715 min ton artıqdır.

Bu isə (istehsal artımı) meyvələrin yetişdirilməsi və vaxtında yığılması ilə yanaşı, həm də onun növbəti fəsillər üçün quru və təravətli saxlanılmasını da aktuallaşdırır. Bu işdə dövlət sahibkarların köməyinə gəlir. Bölgələrimizdə bu məqsədlə dövlət vəsaiti hesabına kifayət qədər soyuducu anbarlar, saxlayıcı kameralar tikilib və fermerlərin istifadəsinə verilib.

Məsələn, 2022-ci il dekabrın 2-də bölgəyə səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəkinin Orta Zəyzid kəndində "Green Faktoru" Məhdud Məsuliyyətli Cəmiyyətin quru meyvə istehsalı müəssisələrində yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısına məlumat verilib ki, müəssisənin 100 hektar bağ sahəsi var. Bu ərazidə Fransa, Türkiyə və İtaliyadan gətirilmiş 55 min ədəd meyvə ağacından istifadə olunub. Ərik, şaftalı, nektarın, xurma, gilas, alma və alçanın bir neçə növündən istifadə olunmaqla gözəl bir bağ salınıb.

Müəssisədə meyvə ağaclarının suvarılması məqsədilə 8 artezian quyusu, istilik sistemi var, ümumi həcmi 15 min kubmetr olan sututarları tikilib. 2 ədəd su nasosu bağın fasiləsiz suvarılmasını təmin edir. 9 soyuducu kamera gündə 3 ton meyvəni qurutmağa, 9 ton məhsulu isə çeşidləməyə və qablaşdırmağa imkan verir. Bunun üçün təsərrüfatda bütün lazımi avadanlıq, bina, ofis və digər tikintilər var.

Bu müəssisənin yaradılmasına, əlbəttə ki, dövlət dəstək verib. Sahibkarlığın İnkişafı Fondu bu müəssisəyə 2,5 milyon manat güzəştli kredit ayırıb və təsərrüfat da bundan lazımınca bəhrələnib. Çünki ayrılan bu güzəştli vəsait müəssisənin cəmi xərcinin üçdəbirinə bərabərdir. Hazırda burada 40 nəfərə yaxın işçi daimi çalışır, mövsümi dövrlərdə isə onların sayı 3-4 dəfə artır.

Orta Zəyzid kəndində yaradılan bu müəssisənin nümunəsində biz dövlətin fermerlərə, onların istehsal etdiyi məhsulun keyfiyyətlə saxlanmasına nə qədər qayğı ilə yanaşdığının əyani şahidi oluruq. Fermerlər öz məhsullarını aylarla quru, saf, sağlam şəkildə saxlaya, qışda, erkən yazda isə bazarlarda baha qiymətə sata bilirlər.

Bütün bunlar isə ölkədə meyvə bolluğuna ilboyu təminat yaradır.

Nəriman CAVADOV,

"Respublika".