İQTİSADİYYAT

"Mərkəzi Bank haqqında" qanuna edilən dəyişikliklər beynəlxalq standardlara əsaslanır

Dövlət müstəqilliyimizin bərpası həyatın bütün sahələrində böyük inkişaf proseslərinə təkan verdi. Hələ müstəqilliyimizin ilk illərində Azərbaycanda siyasi təlatümlərə, iqtisadi böhrana xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində son qoyuldu.

Beləliklə, gələcək inkişafa təminat verən yeni sosial-iqtisadi formasiyanın prinsipləri cəmiyyətdə bərqərar oldu. Ölkənin bank-maliyyə sektoru da inkişaf proseslərindən kənarda qala bilməzdi. Tarixə nəzər salsaq görərik ki, bazar iqtisadiyyatına keçidlə əlaqədar respublikada aparılan liberal islahatların mühüm bir hissəsi məhz bank-maliyyə sektorunun payına düşür. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin bank sahəsinin inkişafı istiqamətində atdığı addımlar da təqdirəlayiqdir. Bu sahədə görülən işlər, həyata keçirilən layihələr bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev iyulun 6-da "Mərkəzi Bank haqqında" qanuna dəyişiklik edilməsi barədə fərman imzalayıb. Həmin fərmanla quruma investisiya pul nişanlarının satışı qaydası, ödəniş xidmətləri təchizatçıları tərəfindən əməliyyatların aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydaları, lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forması və məzmunu və s. kimi aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verilməsi nəzərdə tutulub. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov qanuna dəyişikliklərin kifayət qədər ciddi olduğunu qeyd edib. Bu yeniliklər daha çox beynəlxalq normalara əsaslanır. Fərmana əsasən həm Mərkəzi Bankın səlahiyyətləri müəyyən istiqamətlər üzrə artırılıb. Həmçinin müəyyən öhdəliklərdən də azad olunub. Bütün bu dəyişikliklər, təbii olaraq bank sektoruna öz töhfəsini verəcək. Çünki beynəlxalq təcrübədə bu tip müddəaların əks olunduğu qanunvericilik hər zaman müsbət tərəfləri ilə xarakterizə edilir. O ki qaldı bu dəyişikliklərin ölkə iqtisadiyyatına təsirlərinə bank sektoru nə qədər doğru idarə edilərsə, qüsursuz fəaliyyət göstərərsə ölkə iqtisadiyyatına da bir o qədər öz müsbət təsirini göstərər. Bu mənada, bank sektoru ölkə iqtisadiyyatının inkişafında əsas rol oynasa da, ən başlıca sahələrdən hesab olunmur, ölkə iqtisadiyyatının bank sektoruna təsiri daha çoxdur.

Nəzrin ELDARQIZI,

"Respublika".