İQTİSADİYYAT

"Altı bulaq içərlər, üstü zəmi biçərlər"...

Şifahi xalq ədəbiyyatında qoyun haqqında bir çox nağıllar, tapmacalar, rəvayətlər mövcuddur və zaman-zaman bu el yaradıcılığında heyvanlar haqqında bilməcələr geniş yayılıb. İslam dinində də qoyunla bağlı ibrətamiz misallar var, uca yaradan oğlunu Allah yolunda qurban deyən peyğəmbərimizə qoyunu qurbanlıq üçün göndərib. "Altı bulaq içərlər, üstü zəmi biçərlər" tapmacası qoyunla bağlıdır, bir bilməcədə isə deyilir ki, canavarlar ildə beş-on bala versələr də onların kökü kəsilmək üzrədir, qoyun isə bir, uzağı iki bala verir, sayı isə günü-gündən artır. Bu bərəkətlə bağlıdır, qoyun cinsi məhsuldar və artımlıdır.

Vaxtilə Qarabağda xalq seleksiya yolu ilə bir çox qoyun cinsləri yetişdirilib və inkişaf etdirilib. Onlardan biri də məşhur "Qaradolaq" qoyun cinsidir. Ağcabədi rayonunun Qaradolaq kəndində formalaşan qoyun cinsi hələ qədim dövrlərdən məşhur olub. Bu qoyunların başı kiçik, ayaqları və boynu uzundur. Boğazı, qarnı və ayaqları qısa tüklərlə örtülü olur. Rəngi bozumtul-ağ olan "Qaradolaq" qoyunlarının qulaqları çox qısadır. Qoçları isə buynuzsuzdur. Yaşlı çobanların dediyinə görə, "Qaradolaq" qoyun cinsi XIX əsrdə - XX əsrin əvvəllərində Qarabağda geniş yayılmış və bir sıra üstünlüklərinə görə şöhrət qazanıb. Qeyd edək ki, bu qoyun "Qarabağ" qoyun cinsinə xas olan əsas xüsusiyyətləri saxlasa da, lakin caydaq, çəkisinin ağırlığı, hündürlüyü və yununa görə onlardan fərqlənir. Ətlik-südlük "Qaradolaq" qoyunları böyüklüyünə, yaxşı xarici görkəminə, ətinin yüksək keyfiyyətinə görə diqqəti cəlb edir. "Qaradolaq" ana qoyunlarının çəkisi orta hesabla 60-70 kiloqram, erkəklərinin çəkisi isə 70-90 kiloqrama qədər olur. Lakin onların içərisində 90-110 kiloqram və daha artıq olanları da var. Qaradolaq kəndindən toplanan etnoqrafik materiallardan aydın olur ki, həmin cins qoyunların göstərilən üstünlükləri onların xalq empirik üsulu ilə seçilib bəslənilməsi və yerli şəraitin daha əlverişli olmasından irəli gəlir. Onu da qeyd etmək lazımdır ki, mütəxəssislərin bildirdiyinə görə "Qaradolaq" qoyununun formalaşmasında türkmən qoyununun da təsiri olub.

Hazırda bu qoyun cinsinə üstünlük verən fermerlər deyir ki, "Qaradolaq" qoyunlarının bir üstün cəhəti də kökəlməyə meyilli olmasıdır. Belə ki, ikiyaşlı erkək qoyun kökəlmə dövründə 100-110 kiloqram ət verə bilir. Yaxşı qulluq edildikdə, hətta çəkisi 120 kiloqramı ötür. Bunun da 30 kiloqrama qədəri quyruqdan ibarətdir. Bu cins qoyunlar adətən çöldə deyil, qapalı, tövlə şəraitində saxlanılmalıdır. Bu məşhur qoyunların əsas xüsusiyyətlərindən biri də çox bala verməsi, əkiz doğmaya tez-tez təsadüf olunmasıdır. Nə az, nə çox, digər qoyun cinslərindən 2-3 dəfə artıq gəlirlidir. "Qaradolaq" qoyunu il ərzində təxminən 3 bala verir. Bu heyvanların digərlərindən fərqi ondadır ki, digər cins qoyunlar 15 kiloqram ət verəndə, bunlardan 30-35 kiloqram ət götürmək olur. Bu qoyunların əti digərlərindən daha dadlı və faydalıdır. "Qaradolaq" qoyun cinsi eyni zamanda, xəstəliyə qarşı dözümlüdür. Bütün bu xüsusiyyətlərinə görə fermerlərin diqqətini cəlb edən "Qaradolaq" qoyun cinsi respublikamızda getdikcə daha geniş yayılır.

Salman ALIOĞLU,

"Respublika".