Dağlar diyarına köçümüz var...
Sosial həyat

Dağlar diyarına köçümüz var...

Bu il sakinlərinin geri dönəcəyi yurd yerlərimizdən biri də Xocavənddir

A dağlar, ulu dağlar... Əzəmətinə, gücünə arxalandığımız o dağlara söykənmək, onun qoynunda məskən salmaq necə də gözəldir. Ahımız yetən, ünümüz çatan dağlar bəzən bir obanı bütünlüklə əhatəsinə alır, onu əsən qara yellərdən, rüzgarlardan qoruyur.

Zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik olan Xocavənd rayonu da dağlara söykənib, relyefi də əsasən dağlıqdır. Qafqaz dağ silsiləsinə aid edilən Kirs, Ziyarət, Ərgünəş, Güllücə, Tuğ və Qaraçuğ dağları ilə əhatələnir, Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. Dağlarının çox hissəsi palıd, cökə, fıstıq, vələs meşələri ilə örtülən rayonun Qırmızı qəsəbəsində yaşı iki min və min il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində respublikanın "Qırmızı kitabı"na daxil olmuş III dövrün relikt növünə aid edilən, orta diametri 24 santimetr, hündürlüyü 12 metr, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə edilirdi. Bu diyarın üzlük daşı istehsalına yararlı Ediş, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı yataqları mövcuddur. Qozluçay, Çaxmaqçay, Alıçay, Atautçay, Binəçay, Köndələnçay, Xonaşen və Quruçay kimi çaylar ərazisindən keçir. Ümumi sahəsi 25,5 min hektar olan palıd meşəsi isə işğal dövründə ermənilər tərəfindən qırılaraq daşınıb. Xonaşen çayı kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazidəki 6 min hektara qədər sahədə olan ağaclar da qırılaraq məhv edilib.

Ümumiyyətlə, Xocavənd rayonu 1991-ci il noyabrın 26-da "Dağlıq Qarabağ Muxtar Vilayəti" ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Bakıdan 334 kilometr uzaqlıqdadır, ərazisi 1,46 min kvadratkilometr, əhalisi 2020-ci il yanvarın 1-nə olan məlumata görə 44,1 min nəfərdir. Ölkənin müxtəlif bölgələrində məskunlaşan xocavəndlilər vaxtilə Şerex, Şıx Dursun, Daşbaşı, Zərdanaşen, Müşkapat, Kiş, Köhnə Tağlar, Yemişcan, Qarqar, Sor, Qarazəmi və s. kimi 81 kənddə yaşayıb, yaradıb, özlərinə gün-güzəran qurublar. Qız köçürüb, oğul evləndirib, nəvə-nəticə böyüdüblər. Əsas məşğuliyyətləri üzümçülük, taxılçılıq və heyvandarlıq olub bu insanların. Ərazidə axan dağ çayları bu yerlərə gözəllik qatmaqla, həm də bağçılıq və bostançılıq üçün əlverişli şərait yaratmışdır. Bu yurdun insanlarının əsrlərdən bəri saldığı, hər ağacının nazını çəkib, qulluğunda durduğu meyvə bağlarında yetişdirdikləri meyvələr isə dadına-tamına görə adla deyilirdi. Çünki torpağı bərəkətli, insanları zəhmətkeşdir bu yerlərin. Hə, bir də gördükləri hər işə can qoymağı, əkdikləri hər fidana sevgi ilə qulluq etməyi yaxşı bilirlər bu torpaq adamları. Kolluq və seyrək meşəli çəmənləri bir aləm idi Xocavəndin. Heyvanların örüş yeri olan bu çəmənlərdə bitən bitkilər heyvandarlığın inkişafı üçün gözəl zəmin yaradırdı.

Xocavənd rayon kimi gənc olsa da, ərazisi qədim tarixə malikdir. Salakatin kəndinin yaxınlığında, Quruçay vadisində 1,5 milyon yaşı olan Azıx mağarası, həmçinin Tağlar mağaraları, Tuğ kəndi ərazisində V-VIII əsrə aid edilən "Ritiş" qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən "Ərgünəş" qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid "Rzaqulu bəy" türbəsi, Xocavənd kəndi yaxınlığında "Aşıqlı Qoşa" günbəzi, Böyük Tağlar kəndində "Alban" məbədi (1241-ci il), Tuğ kəndində "Qırmızı" məbəd adlı X əsrə aid tarixi-memarlıq, incəsənət abidələri və s. var.

Xocavəndlilərin faciəsi də Qarabağın başının üstünü dumanlar bürüyəndə, yurd yerlərimiz bir-bir yağmalananda başladı, təslim olmadılar, döyüşdülər, qüvvələr qeyri-bərabər olsa da. Lakin heç bir yerdən köməyi olmayan xocavəndlilər 1992-ci il oktyabrın 2-dək tab gətirə bildilər. Arxalarındakı köpəklərə güvənib təpədən-dırnağadək silahlanmış ermənilər Xocavəndi də əsir etdilər. Bu savaşda 13-ü qadın, 13-ü uşaq olmaqla 145 şəhid verdi bu yurdun camaatı.

Vətən müharibəsində, 2020-ci il oktyabrın 9-da qəhrəman Azərbaycan əsgəri Xocavəndin Hadrut qəsəbəsini azad etdi. Bu, İkinci Qarabağ müharibəsinin taleyində dönüş nöqtəsi oldu, növbəti qələbələrə zəmin yaratdı. Müharibənin gedişində əsgərlərimiz rayonun daha 35 kəndinə nəzarəti təmin etdilər. Xocavənd tam azadlığa 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror tədbirlərindən sonra qovuşdu. Oktyabrın 15-də Xocavənddə də Dövlət Bayrağımız ucaldıldı.

Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəd olan Xocavənd Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə məskən tutub. Vaxtilə rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə bulağı, Baba bulağı, Ballı bulaq və s. kimi onlarla istirahət zonaları fəaliyyət göstərib. Təəssüf ki, Xocavəndin təsərrüfatı, iqtisadiyyatı, insanları kimi, onun gözəl təbiəti də terrora, vandalizmə məruz qalıb...

"Qara günün ömrü az olar", - deyirlər, ancaq Qarabağın qara günləri o qədər də az olmadı. İllərlə bu münaqişənin həllinə məsul olan beynəlxalq təşkilatların vədlərinə inanıb, məsələnin sülh yolu ilə həll olunacağına ümid bəslədi Azərbaycan. O illərdə iqtisadiyyatını, ordusunu gücləndirdi. Bir gün dəmir yumruq günahkarın başına endirildi. Zərbəsi ağır oldu, əsir yurd yerlərimiz azadlığa qovuşdu. O ellərin toy-düyünü başladı. Köç karvanları geriyə üz tutdu, Zəngilana, Füzuliyə, Laçına həyat qayıtdı. Bu il daha beş rayon da öz sakinlərini qəbul edəcək ki, onlardan biri də Xocavənddir. Bu müjdəni yeni ilin ilk günlərində almışıq, indi geriyə sayım başlayıb, hər ötən gün ayrılığın sonunu yaxınlaşdırır. Bir-birinə söykək olan dağlar, axan bulaqlar da, o yerlərin çölü-çəməni, gülü-çiçəyi də görüşə hazırlaşır.

Qoy bütün dünya eşitsin: biz qayıtmışıq, doğma yurd yerlərimizə əbədi dönmüşük!..

Zümrüd QURBANQIZI,

"Respublika".