DAVOS FORUMUNUN NƏTİCƏLƏRİ: AZƏRBAYCANIN QLOBAL ÖNƏMİ GÜNDƏN-GÜNƏ ARTIR
Siyasət

DAVOS FORUMUNUN NƏTİCƏLƏRİ: AZƏRBAYCANIN QLOBAL ÖNƏMİ GÜNDƏN-GÜNƏ ARTIR

Bu, cənab Prezidentin şəxsi nüfuzunun əyani göstəricisi, həyata keçirdiyi uğurlu çoxvektorlu siyasətin nəticəsidir

İsveçrənin Davos şəhərində koronavirus pandemiyası ilə əlaqədar iki illik fasilədən sonra yanvarın 16-dan 20-dək Dünya İqtisadi Forumunun 53-cü iclası keçirilib. Məlum olduğu kimi, bu mötəbər beynəlxalq tədbir dünyanın müxtəlif ölkələrindən hökumət rəsmilərini, iri şirkətlərin rəhbərlərini, biznes sektorunun aparıcı nümayəndələrini bir araya gətirən qlobal forumdur.

Azərbaycan Prezidenti İlham Əliyev Davos Forumunda 15-ci dəfədir ki, iştirak edirdi və bu, dövlət başçımızın bütövlükdə İsveçrəyə 19-cu səfəri idi. Təsadüfi deyil ki, Azərbaycan lideri mütəmadi olaraq bu foruma dəvət olunur. Azərbaycan qlobal inteqrasiya, tərəfdaşlıq potensialının gücləndirilməsi və qlobal problemlərin həlli baxımından çox mühüm missiyanı yerinə yetirir. Bura enerji təhlükəsizliyinin təmin edilməsi, humanitar və mədəni məsələlərin həlli də daxildir. Və bütün bu istiqamətlərdə Azərbaycan öz əhəmiyyətli rolunu, prinsipiallığını, etibarlılığını nümayiş etdirir.

Azərbaycan Prezidentinin iştirakı ənənəvi olaraq çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalıb və bir qayda olaraq builki forum da istisna olmadı. Üstəlik, bu dəfə ölkəmizə xüsusi diqqət yetirildi, çünki Davos Forumunun Azərbaycana həmişəkindən çox ehtiyacı var idi.

Məsələ burasındadır ki, Davos Forumu dünya iqtisadiyyatına və siyasətinə birbaşa təsir edən mühüm strateji məsələləri və hadisələri müzakirə edir. Bu gün dünya qlobal tənəzzülün məngənəsindədir və onu kritik dönüş nöqtəsinə gətirir. Ukraynadakı müharibə onsuz da koronavirus pandemiyası ilə sarsılmış və hələ də özünə tam gələ bilməmiş qlobal iqtisadiyyata daha bir zərbə vurdu. Son vaxtlara qədər çox da real görünməyən dünyanın yeni geoiqtisadi parçalanması ssenarisi artıq getdikcə reallaşır. Bu, ona gətirib çıxarır ki, ərzaq və enerji qiymətləri durmadan bahalaşır və bu isə sadə insanların maraqlarına uyğun deyil. Üstəlik, bütün bunlar iqlim böhranı fonunda baş verir.

Bu amillər dünya iqtisadi və siyasi elitasını mövcud vəziyyətdən çıxış yolu axtarmağa, qısamüddətli perspektivdə az-çox proqnozlaşdırıla bilən fonu necə bərpa etmək barədə düşünməyə vadar edir. Təsadüfi deyil ki, bu dəfə Foruma rekord sayda dövlət və hökumət başçıları toplaşmış və bir çox ölkələrin maliyyə idarələrinin, ticarət nazirliklərinin rəhbərləri iştirak etmişlər. Qlobal etimad mühitinin zəifləməsi kontekstində hazırkı görüş kollektiv məsuliyyət hissini bərpa etmək yollarının axtarışına əsaslanırdı.

Bu baxımdan qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev Davos Forumunda müxtəlif mövzularda çıxış edərək, mövcud problemlərin birgə aradan qaldırılması üçün dünya ölkələrinin güclərinin birləşdirilməsinin vacibliyini qeyd edib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə atılan addımlar isə bu yanaşmanın səmərəliliyini göstərdi. Sirr deyil ki, dövlətimizin başçısı pandemiya dövründə dünyanın üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün səyləri birləşdirməyə çağıran azsaylı liderlərdən biri olmuşdur. Və bu çağırış əməli işlərlə, konkret fəaliyyət istiqamətlərində əldə olunan nailiyyətlərlə dəstəkləndi. Hətta, 2020-ci ilin möhtəşəm tarixi Zəfərindən, maliyyə nöqteyi-nəzərdən kifayət qədər böyük resursların cəlb edilməsi bahasına başa gəlmiş hərbi əməliyyatlardan, Azərbaycan Ermənistanın təcavüzünə son qoymaqla öz ərazi bütövlüyünü bərpa etdikdən sonra da rəsmi Bakı dünya birliyindən kömək istəmədi. Əksinə, dövlətimiz pandemiya dövründə koronavirusla mübarizədə inanılmaz dərəcədə çətin problemlərlə üzləşmiş 40-a yaxın ölkəyə yardım etdi. Bununla yanaşı, öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində işlərə başladı.

Forum çərçivəsində Prezident İlham Əliyev səkkiz qlobal şirkətin rəhbərləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin müvafiq Proqramının icraçı direktoru ilə görüşüb. Bundan əlavə, dövlət başçısı Latviya, Litva, Xorvatiya, Monteneqro, Niderlandın dövlət və hökumət başçıları ilə də görüşlər keçirib. Onlar ölkəmizlə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd etmişlər.

Bu, bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə olan marağın və rəğbətin göstəricisi, digər tərəfdən isə ölkəmizdə xarici investisiyalar üçün münbit şəraitin yaradıldığının əyani sübutudur.

Davos Forumunda Azərbaycanın Avropanın enerji təchizatında rolu bir daha yüksək dəyərləndirilmişdir. Forum çərçivəsində Prezident İlham Əliyevin görüşdüyü dövlət və hökumət başçıları Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını bildirmiş, ölkəmizi mühüm və etibarlı tərəfdaş adlandırmışlar.

Xüsusilə, dövlətimizin başçısı BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşündə Azərbaycanın enerji layihələrinin yeni mərhələyə yüksəlməsi, qaz həcmlərinin artırılması, BP-nin bərpaolunan enerji layihələrində daha fəal iştirakı, həyata keçirilən layihələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Bernard Luni də Azərbaycanda qazanılan böyük uğurlar və sürətli inkişaf prosesləri münasibətilə Prezident cənab İlham Əliyevə öz təbriklərini çatdırıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Avropaya ən azı 11,6 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırır. Bundan əlavə, Aİ ilə Azərbaycan arasında 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün ildə 20 milyard kubmetrə çatdırılması haqqında saziş - keçən ilin iyulunda imzalanmış əməkdaşlıq memorandumu var.

Azərbaycandan əlavə qaz tədarükü Avropa bazarında rəqabəti təmin edir və bununla da istehlakçılar üçün qiymətləri aşağı salmağa şərait yaradır. Bunun yaxşı nümunəsi Yunanıstan-Bolqarıstan İnterkonnektorudur ki, onun işə salınması ilə 2022-ci ilin oktyabr ayından ölkədə qiymətlər təqribən 34 faiz ucuzlaşıb. Bunun nəticəsidir ki, bu yaxınlarda Aİ-nin 5 ölkəsi Azərbaycan qazının tədarükünü artırmaq üçün konkret layihə hazırlayıb və fevralın 3-də Bakıda təqdim olunacaq. Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya da bu layihəyə qoşulub.

Neft və qaz ehtiyatları ilə yanaşı, Azərbaycan Avropanın yaşıl enerji bazarında da öz mövqeyini möhkəmləndirir və Azərbaycan Respublikası ilə Gürcüstan hökuməti arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş Rumıniya və Macarıstanla bu istiqamətdə əməkdaşlığın inkişafı üçün bir növ təməl oldu. Azərbaycandan elektrik enerjisinin tədarükü Avropanın enerji müstəqilliyinə töhfə verəcək və bununla da iqlim dəyişikliyi ilə mübarizəyə əvəzsiz kömək edəcək.

Davos Forumunda ölkəmizin Xəzər dənizində külək enerjisi potensialı, işğaldan azad edilmiş Azərbaycan ərazilərində günəş enerjisi, ümumiyyətlə bərpaolunan enerji potensialı da diqqət mərkəzində olub. Forum çərçivəsində aparılan müzakirələrdə ölkəmizin xarici investisiyalara açıq olması və ölkənin bu istiqamətdə cəlbediciliyi xüsusi olaraq vurğulanıb.

Davos Forumunda dünyanın aparıcı nəqliyyat və logistika şirkətləri də təmsil olunub. Bu iri şirkətlərin nümayəndələri Ukraynada davam edən müharibə səbəbindən qlobal ticarət sisteminin nəqliyyat və logistika sahəsində ciddi problemlərlə üzləşdiyini vurğulayıblar. Bu baxımdan, Azərbaycan ərazisindən keçən Orta Dəhlizin əhəmiyyəti daha da artır. Belə ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri yüklərin daşınması üçün həm məsafəyə, həm də vaxta qənaət baxımından əlverişlidir. Avropanın Mərkəzi Asiyaya çata biləcəyi marşrutlar çox məhduddur və buna görə də Çindən Avropaya ən qısa və ən ucuz marşrutu təklif edən Orta Dəhliz böyük əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev Forumda çıxışı zamanı Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub marşrutu üzərində yerləşməsinin ölkədə əlavə biznes imkanları yaratdığını da vurğulayıb. Eyni zamanda, dövlət başçısı yaxın vaxtlarda Bakıda dəniz limanının yaxınlığında azad iqtisadi zonanın açılacağını bəyan edib və onun genişmiqyaslı istehsal mərkəzinə, şirkətlərin investisiyalarını yönəldəcəyi bir məkana çevriləcəyinə ümidvar olduğunu bildirib.

İndiyədək ən çox diqqətin Çindən, Mərkəzi Asiyadan Avropaya malların necə çatdırılmasına yönəldildiyini qeyd edən Azərbaycan Prezidenti bildirib ki, yüklərin əks istiqamətdə daşınması barədə də düşünmək, yəni təkcə Şərq-Qərb deyil, həm də Qərb-Şərq marşrutunun daşınması və üstünlükləri üzərində də işləmək lazımdır.

Bütün bunların fonunda təbiidir ki, Forumda əsas müzakirə mövzularından biri Azərbaycan və Çin arasında əməkdaşlığın inkişafının davam etdirilməsi olub. İkitərəfli münasibətlərin genişlənməsində dövlət başçıları arasında dostluq münasibətlərinin xüsusi rolu var ki, bunu Prezident İlham Əliyevlə Si Cinpin arasında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən görüş və müzakirə olunan məsələlər bir daha sübut etdi.

Azərbaycan Prezidentinin Çinin CGTN telekanalına müsahibəsində səsləndirilən fikirlər iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. "Biz Sədr Si Cinpinin Orta Dəhlizlə bağlı təşəbbüslərini tam dəstəkləyirik. Biz Azərbaycanda ev tapşırığımızın bir hissəsini artıq yerinə yetirmişik", - deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini yaradıb.

Azərbaycan ilə Çinin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində uğurla əməkdaşlıq etdiyi, iki ölkənin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığı, münasibətlərin qarşılıqlı hörmətə əsaslandığı vurğulanıb. Prezident cənab İlham Əliyev Çinin iqtisadi və sosial inkişafda bundan sonra da uğurlar qazanacağına, bizi birləşdirən Orta Dəhlizin uğurla həyata keçiriləcəyinə əminliyini bildirib.

Beləliklə, bu il rekord sayda iştirakçının toplaşdığı Dünya İqtisadi Forumuna dəvət olunanlar arasında cənab İlham Əliyevin diqqət mərkəzində olması Azərbaycan rəhbərinin və dövlətimizin böyük nüfuzunu bir daha təsdiqlədi. Azərbaycan Prezidenti Davosa bütün məsələlərlə bağlı öz baxışını və mülahizələrini təqdim etməyə hazır şəkildə yollandı və bu gün dünyanın hazırkı gündəmində olan bütün əsas məsələləri müzakirə etdi. Məhz bunun nəticəsidir ki, Dünya İqtisadi Forumunun 53-cü iclası Azərbaycanın dünyanın aparıcı iqtisadiyyatları ilə əlaqələrinin daha böyük miqyasda genişləndirilməsinə zəmin yaratdı.

Emin QASIMOV,

"Respublika".