DƏLLƏR ŞƏMKİRİN  ABAD  QƏSƏBƏLƏRİNDƏNDİR
Region

DƏLLƏR ŞƏMKİRİN  ABAD  QƏSƏBƏLƏRİNDƏNDİR

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq olunmuş «Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları» ölkədə əhalinin maddi rifah halının yaxşılaşması, irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsi böyük şəhərlərlə yanaşı, kənd və qəsəbələrində  abadlaşmasına, əhalinin məşğulluğunun təmin olunmasına və s. hesablanmışdır.

Son 15 ildə aparılan məqsədyönlü siyasət nəticəsində hər tərəfdə yaşayış məntəqələri simasını gündən-günə dəyişir. Sahibkarlığa yaradılan münbit şərait özəl sektorun inkişafına stimul verir.

Respublikanın inkişaf etmiş  bölgələrindən biri olan Qazax-Tovuz iqtisadi rayonuna daxil Şəmkir hazırda özünün tərəqqi dövründədir. Rayonun heç də şəhərdən seçilməyən böyük yaşayış məntəqələrindən biri olan Dəllər qəsəbəsinin hazırkı durumu ilə tanış oluruq.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər qəsəbə İƏD üzrə nümayəndəsi Müseyib Vəliyevlə söhbət zamanı qəsəbə haqqında danışaraq bildirdi ki, sakinlərin problemsiz, rahat yaşamaları üçün qəsəbədə hərtərəfli şərait yaradılmışdır. Hazırda burada 1233 təsərrüfat mövcuddur.

Əhalinin sayı 5282 nəfər təşkil edir. Ərazisi 255 hektardır. Qəsəbə fasiləsiz qaz və elektrik enerjisi ilə təmin olunmuşdur. İçməli su ilə təminatda heç bir problem yaşanmır. Subartezian quyularından istifadə etməklə qrafikə uyğun olaraq vaxtlı-vaxtında su verilir. Burada küçə və məhəllələrdə xüsusi təmizlik diqqəti cəlb edir. Məişət tullantıları tərtib olunmuş qrafik əsasında hər gün birbaşa qapılardan götürülərək zibil poliqonuna daşınır.

Küçələrdə gecə lampaları axşamlar qəsəbəni daha da gözəlləşdirir, əsl şəhərə bənzədir. Sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün yollar ardıcıl olaraq asfaltlanır. Dəllərdə 1 tam, 1 ümumi orta məktəb, kimya-biologiya təmayyüllü lisey, 2 körpələr evi-uşaq bağçası və özəl uşaq bağçası fəaliyyət göstərir. Yaradılan münbit şəraitin nəticəsidir ki, sahibkarlığın inkişafı təmin olunmuşdur. Bundan başqa, 1 ədəd şənlik evi, 7 böyük supermarket, 4 tikinti malları mağazası, avtomobillərin təmiri üçün 2 ədəd avtoservis, əhalinin sağlamlığının qorunması üçün bütün zəruri tibbi avadanlıqlarla təchiz özəl sağlamlıq mərkəzi, Şəmkir RMX-nın Dəllər həkim məntəqəsi fəaliyyət göstərir. Hazırda qəsəbədə fəaliyyət göstərən 2 beton zavodun istehsal etdiyi məhsuldan təkcə Şəmkir deyil, qonşu rayonlar da bəhrələnir.

Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün 2 istirahət parkı mövcuddur.

M.Vəliyev qeyd etdi ki, Dəllərdə özəl müəssisələrlə yanaşı, dövlət idarələri də fəaliyyət göstərir. Burada dəmiryol vağzalı, Regional Qaz İstismar İdarəsi, Şəmkir Regional Meşə Təsərrüfat Mərkəzi, Şəmkir rayon DAİM fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, nümayəndəliyin inzibati binası əsaslı təmir olunmuşdur.

Qəsəbədə Mənzil İstismar İdarəsi fəaliyyət göstərir. Müəssisə 2 ədəd beşmərtəbəli, 10 ədəd ikimərtəbəli, 1 ədəd üçmərtəbəli, 91 ədəd fərdi yaşayış evlərinə xidmət göstərir. Çoxmənzilli binalarda cari təmir işləri aparılaraq dam örtüyü dəyişdirilmiş, fasad hissəsi rənglənmişdir. Eyni zamanda, fərdi yaşayış evlərində hər il növbəlilik əsasında dam örtükləri yenilənir. Qəsəbənin görməli yerlərindən birində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsini əbədiləşdirmək üçün abidə-kompleksi qurulmuşdur.

İcra nümayəndəsi bir məsələni də bildirdi ki, Dəllərdə bəzən elektrik verilişində fasilələr yaranırdı. Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərlə səyyar qəbul keçirərkən məsələ ilə bağlı rayon rəhbərinə müraciət olundu. İcra başçısının tapşırığına əsasən mövcud problem qısa zaman ərzində öz həllini tapdı. Qəsəbə sakinləri dövlətin göstərdiyi qayğıdan məmnundur.

Vəli VƏLİYEV,

«Respublika».