Siyasət

"Dəmir yumruq" haylarda "xoşməram" effekti yaradıb

Qüdrətli Azərbaycan dövləti üçün hər bir vətəndaşının taleyi önəmlidir

Əsgərimiz Ruslan Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı.

Ermənistan hərbçiləri tərəfindən saxlanılan Ruslan uydurma ittihamlarla, saxta məhkəmələr qurularaq həbs edilmişdi. Lakin Azərbaycan xalqı bilirdi ki, qüdrətli dövlətimiz vətəndaşına dayaqdır.

Hər bir azərbaycanlının Lideri olan Prezident İlham Əliyevin qətiyyətinə arxalanan insanlar əmin idi ki, bundan öncə də olduğu kimi, ermənilər məyus ediləcək. Martın 5-də Ruslan Pənahov Vətənə qaytarıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü ifadə edən Ruslan qeyd etdi ki, "Mən bilirdim ki, Prezident İlham Əliyev məni xilas edəcək".

Qeyd edək ki, beynəlxalq ictimaiyyətdə saxta rəy formalaşdırmağa çalışan ermənilər hərbçimizin təhvili məsələsindən "xal" qazanmaq istəyirdi. Düşmən ölkənin bunu "xoşməram" kimi qələmə verməsi riyakarlığın növbəti göstəricisidir. Onu həbs edən, ardınca müəyyən müddət əsir saxlayan rəsmi İrəvan növbəti dəfə möhtəkirliyə əl atdı. Bir məqamı da bildirək ki, Ermənistanla qarşılıqlı şifahi anlaşmaya əsasən, hava şəraitindən asılı olaraq azıb əsir düşən hərbçilər qısa zamanda, heç bir qeyd-şərt olmadan geri qaytarılmalı idi. Lakin proses bu xətt üzrə cərəyan etmədi.

Regiondakı bütün oyunçular yaxşı bilir ki, hayların əsgərimizi təhvilvermə səbəbi tam başqadır. "Dəmir yumruğ"un əzəməti düşməni buna məcbur etdi. Bununla yanaşı, haylara yaxşı bələddir ki, qüdrətli Azərbaycan dövləti heç bir vətəndaşını darda qoymaz, onlara sahib çıxmaq üçün nəyin bahasına olursa-olsun əlindən gələni edər. Regionda yaranan yeni reallıqlara uyğun olaraq artıq diktə edən tərəf Azərbaycandır. Son dörd ildə 2 dəfə kapitulyasiya aktını imzalamış hayların bunu dərk etməkdən başqa çıxış yolu yoxdur. Haylar artıq bundan sonra da imperativlərimizi qeyd-şərtsiz qəbul etməlidir.

Hərbçimiz Ruslan Pənahovun Vətənə qayıtması növbəti məntiqi sonluq idi. Xatırladaq ki, Ermənistanın daim bu qəbildən çirkin əməllərə əl atması təkcə regionda deyil, qlobal sferada da özünü göstərib. 2004-cü ildə Macarıstanın paytaxtı Budapeştdə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində kurs keçən zabitimiz Ramil Səfərovun başına gətirilən müsibətlərdən yəqin ki, hamımız xəbərdarıq. Ramil Səfərov düz 8 il həbsdə qaldı. Ona ömürlük həbs cəzası verilmişdi. Sağlam düşüncəli, istedadlı bir azərbaycanlının qərib eldə bu vəziyyətə salınması qəbuledilməz idi. Dövlətimiz isə bir an belə olsun öz dəstəyini əsirgəmədi. Zabitimiz həbsə düşdüyü ilk gündən dövlətimizin, xalqımızın qayğısını hər an hiss etdiyini dəfələrlə bildirib. O zamanlar Azərbaycanın nüfuz dairəsi bu gün qədər geniş olmasa da, cənab Prezident İlham Əliyevin sayəsində zabitimizi azadlığına qovuşdurmaq mümkün oldu. Ölkə başçımız Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlunun cəza çəkməkdən azad edilməsi haqqında Sərəncam imzaladı. Dövlətimizin başçısının humanist addımı Azərbaycan ictimaiyyətində böyük sevincə səbəb oldu. Paytaxt Bakıda və regionlarda insanlar küçələrə və meydanlara çıxaraq sevinclərini bölüşdülər.

Hayların əsir və girov götürülmüş vətəndaşlarımız üzərindən piar kampaniyası aparması yaxın keçmişdə özünü dəfələrlə büruzə verib. Xatırladaq ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən girov götürülmüşdülər. Düşmən ölkə bu hadisədən özləri üçün siyasi alət düzəltmək istəyirdi. Bununla yanaşı, girovlara daim işgəncələr verilmişdi. Hətta onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürüldü. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilmişdi. Yalnız işğal altındakı torpaqlarımızın azad olunması ilə birlikdə, dövlətimizin qətiyyəti və siyasi iradəsi, Prezident İlham Əliyevin səyləri nəticəsində soydaşlarımızın Vətənə qayıdışı mümkün oldu. Bir daha sübut olundu ki, hər bir Azərbaycan vətəndaşının taleyi Liderimiz üçün prioritet məsələdir.

Yeri gəlmişkən, ötən il dekabrın 13-də Qazax rayonunda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutdu. Azərbaycanın 2 hərbi qulluqçusu - Hüseyn Axundov və Aqşin Bəbirov azadlıqlarına qovuşdular. Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verdi. Qeyd etməliyik ki, bu prosesin pərdəarxasında da hayların vəhşiliyi və qəddarlığı öz yerini qoruyur. Ermənistan ərazilərinə azaraq keçən hərbçilərimizə qarşı əsirlik müddətində beynəlxalq humanitar hüquqa zidd əməllər törədilməsini heç bir zaman unutmayacağıq. Sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, Hüseynin Ermənistanda fiziki işgəncəyə və qeyri-insani rəftara məruz qalmasına bütün dünya şahidlik etdi. Bununla yanaşı, saxta ittihamlar irəli sürən, məhkəmə quran rəsmi İrəvan Aqşin Bəbirova da 11,5 il müddətinə həbs cəzası verdi. Lakin qüdrətli Azərbaycan dövləti bu şounun da çox çəkməsinə icazə vermədi. 32 erməni dığasına qarşılıq olaraq 2 əsgərimizi Vətənə qaytara bildik.

Bütün bunlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin bariz nümunəsidir. Dövlətimizin başçısı hər bir azərbaycanlının Prezidentidir. Sosioloji aspektdən baxdıqda bir daha əmin oluruq ki, Azərbaycan vətəndaşları hər bir situasiyada ölkə başçısına tam güvənirlər. Şübhəsiz ki, bu, dövlət rəhbərinə misli görülməmiş inam və etibarın nəticəsidir.

Nurlan ABDALOV,

"Respublika".