Diabeti tanı, onunla mübarizə apar
Səhiyyə

Diabeti tanı, onunla mübarizə apar

Diabet, mədəaltı vəzidə kifayət qədər insulin istehsal olunmadıqda və ya bədənin hasil etdiyi insulindən effektiv şəkildə istifadə edə bilməməsi zaman yaranan xroniki xəstəlikdir. İnsulin qandakı şəkəri tənzimləyən hormondur. Qan şəkərinin artması və ya yüksəlməsi də adlandırılan hiperqlikemiya zaman keçdikcə bədənin bir çox sistemlərinə, xüsusən də sinirlərə və qan damarlarına ciddi ziyan vurur. Şəkərli diabet korluq, böyrək çatışmazlığı, infarkt, insult və aşağı ətrafların amputasiyası ilə nəticələnən ciddi ağırlaşmalara gətirib çıxarır. Qeyd edək ki, bu xəstəlik hər il dünyada təxminən bir milyona yaxın insanın ölümünə səbəb olur.

Diabetin fərqli tipləri mövcuddur. 1-ci tip diabetdə mədəaltı vəzidə insulinin istehsal olunması dayanır və bu səbəblə qanda qlükozanın səviyyəsi yüksəlir. 2-ci tip diabetdə mədəaltı vəzi insulinin hasil olunmasını tam dayandırmır, lakin ya lazımlı insulin hasil etmir, ya da hormonun effektiv işləməsinə maneə yaradır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, şəkərli diabet xəstələrinin sayı 1980-ci ildə 108 milyon olub. Bu say 2014-cü ildə 422 milyona qədər yüksəlib. 2000-2019-cu illər arasında diabetdən ölüm nisbətində 3% artım yaşanıb. 2019-cu ildə diabet və diabet səbəbi ilə böyrək çatızmazlığı təxminən 2 milyon insanın ömrünə son qoyub. ÜST 2006-cı ildə bəyannamə qəbul edərək, xüsusi şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi təqdim edib.

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, BMT-nin Ümumdünya Diabet Günü noyabrın 14-də qeyd olunur. Bu, 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası (BDF) və ÜST tərəfindən 1-ci tip diabetin artması, sağlamlıq üçün təhlükəsi ilə bağlı narahatlıqlara əsasən yaradılıb. Günün məqsədi xəstəliyin qarşısının alınması və onunla mübarizə haqqında məlumatlılığı artırmaqdır.

2021-2023-cü illər üçün Ümumdünya Diabet Gününün mövzusu diabetli şəxslərə qulluq haqqında olub. Burada qeyd edilir ki, dünyada milyonlarla şəkərli diabet xəstəsi müalicə almaq imkanına malik deyil. Diabetli insanlar vəziyyətlərini idarə etmək və ağırlaşmaların qarşısını almaq üçün davamlı qayğı və dəstəyə ehtiyac duyurlar. Həmin bu dərman və texnologiyalar ehtiyacı olan bütün diabetli insanlara təqdim edilməli, hökumətlər diabetin qarşısının alınması üçün sərmayələri artırmalıdırlar. 2023-cü ildəki kampaniyada diabet riskini bilmək və tədbir görməyin vacibliyinə xüsusi diqqət çəkilir. Builki kampaniyanın şüarı belədir: "Riskinizi bilin, tədbirinizi alın".

Ümumdünya Diabet Günü 160-dan çox ölkədə, Beynəlxalq Diabet Federasiyasının 200 üzvü, o cümlədən assosiasiya və təşkilatlar, səhiyyə mütəxəssisləri, şəkər xəstələri və onların ailələri tərəfindən qeyd olunur. Kampaniya ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi haqqında məlumatlandırmaq məqsədi daşıyır. Bu gün milyonlarla insanı - şəkər xəstəsi olan və olmayan, uşaq və yetkin insanları, səhiyyə mütəxəssislərini, dövlət məmurlarını, mətbuatı bir yerə toplayır, diabetlə bağlı qlobal məlumatlılıq artırılır, bu xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır, beynəlxalq ictimaiyyət və beynəlxalq inkişaf agentlikləri inkişaf etməkdə olan ölkələri diabetin qarşısının alınmasına və səhiyyə xidmətindən istifadənin artırılmasına dəstək verməyə çağırış edilir.

Azərbaycan Respublikasında "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Qanun qəbul olunub. Bu, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyənləşdirir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir. AR Nazirlər Kabinetinin qərarı ilə "Şəkərli diabet üzrə Dövlət Proqramı" təsdiq edilib. Görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərmanla təmin olunması yaxşılaşıb və onların şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud çətinlik qismən aradan qaldırılıb. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi də həmçinin, şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb.

Sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət, normal bədən çəkisini saxlamaq, müntəzəm müayinə olunmaq və tütün istifadəsindən çəkinməklə diabetin qarşısını almaq və ya gecikdirmək olar.

Nurcan SÜLEYMANOVA,

"Respublika".