DİALOQ ÜZRƏ TƏRƏFDAŞIN TƏŞKİLATA BÖYÜK TÖHFƏLƏRİ
Digər xəbərlər

DİALOQ ÜZRƏ TƏRƏFDAŞIN TƏŞKİLATA BÖYÜK TÖHFƏLƏRİ

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) regional əməkdaşlıq təşkilatı hesab olunur. Əsas məqsədi üzv ölkələr arasında təhlükəsizliyi qorumaq olan ŞƏT ilk dəfə 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən "Şanxay Beşliyi" adı ilə yaradılıb. 2001-ci ildə Özbəkistanın da qatılması ilə adı Şanxay Əməkdaşlıq Təşkilatı olaraq dəyişib. 2017-ci ildə isə Hindistan və Pakistan tam üzvlüyə keçiblər. Beləcə, təşkilatın üzv sayı səkkizə çatıb. Təşkilata üzvlük müqaviləsini 15 sentyabr 2022-ci ildə son Zirvə görüşündə imzalayan İran da 2023-cü ilin iyulun 4-də təşkilatın tam üzvü olub.

Azərbaycan isə bu təşkilatın dialoq tərəfdaşı hesab olunur. Ötən il sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Bu il Azərbaycanla əsl müttəfiqlik nümunəsi göstərən, həm də təşkilatın hazırkı dönəmdə sədrlik vəzifəsini icra edən Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevi ŞƏT-ə dialoq tərəfdaşı qismində dəvət etmişdi. Ölkəmizin başçısı bu dəvətə görə Şavkat Mirziyoyevə dərin təşəkkürünü bildirmiş və ilk öncə qonaqları salamlamışdı. Daha sonra cənab Prezident Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat verərək ölkəmizin son illər sürətli inkişaf və uğurlu islahatlar yolundan bəhs edib. Azərbaycanın 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olduğunu qeyd edən ölkə başçısı Bakı Gəmiqayırma Zavodunun bütün növ gəmiləri istehsal etmə qabiliyyətini həmkarlarının diqqətinə çatdırıb. Prezident İlham Əliyev 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həllinin regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını bildirərək Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinin nəqliyyat imkanlarının daha da artacağını və marşrut boyu yerləşən bütün ölkələr üçün də faydalı olacağını deyib.

Azərbaycanın bu qəbildən olan təşkilatlarda layiqli təmsil olunması nəticəsində artan nüfuzu İlham Əliyev siyasətinin bəhrəsidir. Belə ki, bu çıxışdan sonra təşkilata üzv ölkələr Azərbaycanla iqtisadi əlaqələri artırmağa, həmçinin Qarabağ ərazisində gedən bərpa-quruculuq işlərinə töhfə verməyə can atıblar. Bunun ən böyük nümunəsi kimi isə ötən ay Özbəkistanda yenidən prezident seçildikdən sonra ilk dəfə Azərbaycana səfər edən Şavkat Mirziyoyevin işğaldan azad olunan Füzulidə ölkəmizə məktəb hədiyyə etməsini göstərmək olar.

Onu da qeyd etmək lazımdır ki, bu əməkdaşlıq təşkilatı Azərbaycanı Asiya ilə bağlayan əsas körpülərdən biri hesab olunur. İqtisadiyyat, siyasət, təhlükəsizlik və insan haqları ilə bağlı məcburi mükəlləfiyyəti, üzv dövlətlərin millət vəkilləri tərəfindən təmsil olunan və qanunvericilik səlahiyyətinə malik parlamenti, məhkəməsi, himni və bütün üzv dövlətlərin bayraqları ilə yanaşı istifadə edilən bayrağı olmasına baxmayaraq ŞƏT-in hazırda 9 üzvü, 2 müşahidəçi üzvü (Monqolustan və Belarus), Azərbaycandan başqa 13 dialoq tərəfdaşı (Şri-Lanka, Türkiyə, Kamboca, Ermənistan, Nepal, Misir, Qətər, Küveyt, Maldiv adaları, Myanmar, Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ) var. Əsas məqsədləri mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılması olan bu təşkilat həm də Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsində fəal rol oynaya bilər. 10 iyul 2015-ci il tarixində ŞƏT Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də "dialoq üzrə tərəfdaş" statusunun verilməsi barədə qərar qəbul edilmişdir. 14 mart 2016-cı il tarixində ilk dəfə olaraq Pekində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan "Azərbaycan Respublikasına ŞƏT-in "dialoq üzrə tərəfdaşı" statusunun verilməsi haqqında Memorandum" imzalanmışdır.

12 aprel 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ŞƏT-in Baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 14 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ŞƏT-in Baş katibi Vladimir Norov ilə görüşmüşdür. 16-17 avqust 2022-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində keçirilən ŞƏT-in "İqtisadi Forum və Sənaye İnnovasiyaları Sərgisi"ndə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO təmsil olunmuşdur. "Beynəlxalq əməkdaşlığın xüsusiyyətləri və ticarət-iqtisadi əlaqələrin bərpası" panelində çıxış zamanı ŞƏT üzvləri ilə ticarət əlaqələri və ölkəmizdə yaradılan biznes və investisiya imkanları barədə məlumat verilmişdir. Bununla yanaşı, ŞƏT-in baş katibinin müavini ilə ixrac-idxal əməliyyatlarını artırmaq üçün məlumat mübadiləsi sisteminin yaradılması barədə fikir mübadiləsi də aparılmışdır. 16 sentyabr 2022-ci il tarixində isə Səmərqənddə ŞƏT üzv ölkələrinin Sammiti keçirilmişdir. Sammitdə Azərbaycan Respublikasının Prezidenti dialoq tərəfdaşı qismində iştirak və çıxış etmiş, Sammitin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilmişdir. Sammitin əsas sənədi olan Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişafı məsələləri, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə ŞƏT-ə üzv dövlətlərin vahid mövqeyini əks etdirir. Sənəddə praktiki əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də mədəni dialoqun dərinləşdirilməsinə dair birgə yanaşmalar əksini tapıb. Sammitin növbəti plenar iclasının isə 2024-cü ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilməsi planlaşdırılır. Azərbaycanın da bu iclasda iştirakı gözlənilir.

Ölkəmizin bu təşkilatda uğurlu iştirakının davam etməsinin siyasi səbəbləri də var. ŞƏT-in dialoq tərəfdaşı olan Ermənistanın iclaslarda hər cür təxribatçı və böhtan dolu çıxışlarına anında və qətiyyətlə cavab vermək bu təşkilatın nümunəsində Aİ və digər təşkilatlarda da olduqca vacib amildir. Həmçinin qərblə də uğurlu siyasəti davam etdirmək istəyən Azərbaycanın bu təşkilatda təmsil olunması heç bir əngəl törətmir. Çünki təşkilatın əsas üzvlərindən hesab olunan Çindən ixrac ediləcək malların son ünvanı Avropadır və Çin də bunda maraqlıdır.

Azərbaycanın bu təşkilatda əsas maraqlarından biri də ondan ibarətdir ki, "Bir Kəmər, bir Yol" layihəsi üzrə Çin mallarının bir hissəsinin Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşınmasında iştirak etmək ölkəmizə böyük kapitalın daxil olmasına səbəb ola bilər. Bu, Bakı-Tbilisi-Qars dəmiryolu üzrə yükdaşımalarının artması deməkdir. Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərmək, müşahidəçi statusu almaq və ya gələcəkdə üzv olmaqla bu prosesi sürətləndirər. Ölkəmiz də öz növbəsində bu təşkilat üçün səmərəli körpü rolunu oynaya bilər...

Tacir SADIQOV,

"Respublika".