Diplomatik korpus üzvləri Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar
Region

Diplomatik korpus üzvləri Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar

Ağdama səfər edən Azərbaycanda akkreditə edilmiş diplomatik korpus üzvləri və hərbi nümayəndələr burada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev nümayəndə heyətinin üzvlərinə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri barədə ətraflı məlumat verib. Bildirib ki, Böyük Qayıdış proqramına əsasən, 2026-cı ilədək Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün beş yaşayış məhəlləsi və rayonda 12 kənd tikiləcək.

Artıq şəhərdə Ağdam Konfrans Mərkəzinin və 1 nömrəli tam orta məktəbin tikintisi yekunlaşıb. İlk yaşayış məhəlləsinin, "Ağdam Residence" yaşayış kompleksinin, "City Hotel Agdam" mehmanxanasının, Ağdam Muğam Mərkəzinin, "Park Qarabağ" yaşayış kompleksinin tikintisi həyata keçirilir. Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işləri yekunlaşmaq üzrədir. Rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə sənaye parkı yaradılır. "Qafqazın Xirosiması" kimi tanınan Ağdam Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.