Diplomatiyaya yeni nəfəs
Siyasət

Diplomatiyaya yeni nəfəs

Türkiyənin qlobal proseslərdə fəallığı son illərdə əhəmiyyətli dərəcədə artıb. Qardaş ölkə problemlərin həlli istiqamətində gedən müzakirələrdə aktor rolu oynayır. Bu baxımdan, martın 1-3-də keçirilən III Antalya Diplomatiya Forumunda kifayət qədər aktual məsələlər müzakirə edilib. Əsas mövzusu "Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq" olan beynəlxalq tədbirdə qlobal böhranlar, terrorla mübarizə, enerji təhlükəsizliyi kimi bir çox məsələlərin həlli istiqamətində görüşlər keçirilib. Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə təşkil olunan foruma 148 ölkədən 4700 nəfər nümayəndə qatılıb. Tədbir böyük uğurla baş tutub, 19 dövlət və hökumət başçısı, 2 xüsusi administrasiya rəhbəri və 52 xarici işlər naziri iştirak edib.

 III Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr" mövzusunda panel iclası da keçirilib. İclasda Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan çıxış ediblər. Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqları, bu müstəvidə zəruri addımlar, Zəngəzur dəhlizi panel görüşlərinin əsas mövzuları olub. Prezidentin köməkçisi bildirib ki, regionumuzda militarizasiya siyasəti həyata keçirən, silah yarışmasına rəvac verən, regionda yeni ayırıcı və bölücü xətlərin yaradılmasına cəhd göstərən, eyni zamanda bölgənin xaricində olan geosiyasi intriqalarını bölgəyə daşımaq istəyən qüvvələr var: "Ermənistanla Azərbaycan arasında sərhədi sərhəd kimi deyil, bir növ konfrontasiya xətti kimi inkişaf etdirməyə çalışan müəyyən qüvvələr var ki, bütün bunlar da təəssüf doğurur. Biz gözləyirik ki, Ermənistan əvvəlki illərin səhvini təkrarlamayacaq, regionda davamlı sülhə xidmət edəcək bir siyasət yürüdəcək. Azərbaycanın niyyəti bundan ibarətdir". Həmçinin Azərbaycan tərəfi qeyd edib ki, regionda davamlı sülhün təmin edilməsi əsas məqsəddir. Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün qardaş Türkiyə də öz səylərini göstərir. Prezidentin köməkçisi Hikmət Hacıyev sülh müqaviləsinin hansısa kənar qüvvələrin təsiri olmadan Bakı ilə İrəvan arasında imzalanmasının və gələcəkdə bu müqavilənin şərtlərinə əməl olunmasının vacibliyini qeyd edib. O da vurğulanıb ki, Azərbaycan Cənubi Qafqazın transformasiyasını, sülh, təhlükəsizlik və əməkdaşlıq bölgəsi olmasını istəyir.

Qarşı tərəf də panel görüşlərdə çıxış edib. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan öz nitqində Ermənistanın Azərbaycan daxilində hansısa ərazi iddiasının olmadığını, iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıdığını, bunun Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasındakı müzakirələrdə də qeyd olunduğunu bildirib. 

Daha sonra ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov panel müzakirələrinə qoşulub. Nazir Azərbaycanın sülhsevər mövqeyini öz həmkarlarına və digər nümayəndələrin diqqətinə çatdırıb. Türkiyənin artan nüfuzunun Azərbaycanı da qürurlandırdığını bildirən Ceyhun Bayramov iştirakçı sayı, panel müzakirələri, dünya mediasında işıqlandırılması baxımından forumu kifayət qədər uğurlu hesab edib. Jurnalistlərə açıqlamasında Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma prosesinə toxunan nazir deyib ki, fevralın 28, 29-da iki ölkənin nümayəndə heyətləri Berlində görüşərək sülh müqaviləsi ilə bağlı danışıqları davam etdiriblər: "Bundan əvvəlki yeddi ay ərzində bu danışıqlar fiziki olaraq keçirilməyib. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var və son zamanlar bu istiqamətdə yüksək dinamikanı qeyd etmək olar".

Ümumilikdə, üç gün davam edən tədbirdə "Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT", "Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları", "Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə", "Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu", "İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq", "Qida təhlükəsizliyi: Artan çağırış", "Avropa İttifaqının qlobal dəyişiklikləri formalaşdırmaq qabiliyyəti", "Sülh və inkişafın təşviqində parlamentarilərin rolu", "Artan irqçilik, ksenofobiya və islamofobiya" kimi bir çox mövzu ətrafında fikir mübadilələri aparılıb.

Tacir SADIQOV,

"Respublika".