Dost seçilmir, tanınır
Siyasət

Dost seçilmir, tanınır

Vətən müharibəsi kimin kim olduğunu göstərdi

Deyirlər, dost seçilməz, tanınar darda, çətində. 30 il çəkən, dar, çətin günümüzdə biz də tanıdıq dostumuzu, əlbəttə ki, düşmənimizi də... O dar günümüzdə bəzi ölkələr arxa-dayaq oldular. Haqlı mübarizəmizə dəstək verdilər, xalqımızın taleyi ilə bağlı qərəzli qərarlar çıxarmaq istəyənlərin önünə keçdilər, onları ədalətli olmağa səslədilər.

Başımıza gələn müsibətləri, yaşadığımız faciələri tanımaqla dərdimizə şərik çıxdılar: "Azərbaycan tək deyil", - deyib barmaq silkələdilər: "Haqqınızı tələb edin, arxanızdayıq. Bizim də dünyaya söyləyəcək sözlərimiz var", - dedilər. Bütün bunlar güc, ümid verdi. Ağlamaq-sızlamaq yolunu tutmadı, özünü döyüşə hazırladı Azərbaycan. İqtisadiyyatını dirçəltdi, ordusunu qurdu, insanlarının rifahını yaxşılaşdırdı, qocasına, cavanına, körpəsinə sahib çıxdı, parçalanmış, yağmalanmış torpaqlarımızın azad olunacağına, dövlət, millət olaraq tapdalanmış şərəfimizin bir gün özümüzə qaytarılacağına ümidləri artırdı. Elə bu ümidlə də işlədi, əkib-becərdi, yollar çəkdi, qurub-yaratdı, öz əməli, işi ilə dövlətinə, onun liderinə dəstək oldu xalqımız. Ali Baş Komandanının əmrini gözlədi bu xalqın vuran qolları, döyüşkən övladları. Hər gecə "Qarabağ" deyib yuxuya getdi, hər səhərini "Qarabağ" kəlməsi ilə açdı hər bir vətəndaşımız. Qiblə deyəndə üzünü Qarabağa tutdu, əzilən, bağrı qana dönmüş torpaqlarımızı səcdəgah bildi... Gözlədi səbirlə, təmkinlə. Nəyi, nə vaxt, necə edəcəyini yaxşı bilən Prezidentinin, Ali Baş Komandanının əmrinə hazır oldu. Düşməndən qisas almaq üçün cəmi 44 gün lazım gəldi, qələbə təmin edildi.

"Qarabağ Ermənistandır, nöqtə!" - deyən, Cıdır düzündə yallı gedən Nikol gizlənməyə deşik axtardı, elə kapitulyasiya aktına da özünün yeni "qərərgahında" imza atdı.

Müharibə təkcə qələbəmizi təmin etmədi, həm də kimin kim olduğunu göstərdi, hamını necə deyərlər ələkdən keçirdi, çalxaladı, yağını-yağ, ayranını-ayran etdi. Simalar yırtıldı, təzə-təzə dostlar çıxdı meydana. Bizim də dostlarımızın, həm də düşmənlərimizin sayı çoxaldı. Bir sözlə, ya olduqları kimi göründülər, ya da göründükləri kimi oldular. İstər işğal, istərsə də müharibə dövründə bizə dəstək olan Türkiyəni, Pakistanı yenə də yanımızda gördük. Hilallı bayraqların altında birləşən bu üç qardaş qələbədən sonra da birgə addımladı, əlaqələr genişləndi, həyatın bütün sahələrini əhatə etdi, hərbi əməkdaşlıq intensiv xarakter aldı.

Müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Tarixi Zəfər sayəsində yaranmış reallıqlar Böyük Qayıdışın başlanğıcını təmin etməklə, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıtdı. Ölkənin siyasi, iqtisadi potensialı işğaldan azad edilmiş ərazilərin tam dirçəlişinə hədəfləndi. İşlər qurumlararası dəqiq koordinasiya ilə həyata keçirilməyə başlandı. Bu işlər öz doğma yurd-yuvalarına geri qayıdacaq vətəndaşlar üçün lazımi həyat şəraitinin yaradılmasını nəzərdə tutmaqla, həm də dövlətimizin strateji inkişaf prioritetlərinə uyğun aparıldı. Böyük Qayıdış baş tutdu. İndi üzü o torpaqlara sarı köç karvanı uzanır, insanlar uzun illərin həsrətindən sonra doğma yurdlarına qovuşur. Bütün dünya görür bunu. Dünya görür ki, Azərbaycan xalqı qurucu, yaradıcı xalqdır.

Vətən müharibəsində Ermənistanın biabırçı məğlubiyyətini də bütün dünya gördü. Güman etmək olardı ki, məğlub ölkə bundan nəticə çıxaracaq, reallıqla barışacaq, sülh müqaviləsinin imzalanması üçün lazımi addımlar atacaq. Təəssüf ki, belə olmadı, 2022-ci il 12-14 sentyabr hadisələrində başı növbəti dəfə əzilən ermənilər bir daha gördülər ki, Azərbaycana qarşı hər hansı bir revanşda məhv ediləcəklər. Ancaq bununla belə Ermənistanda hələ də bəzi qüvvələr müharibə çağırışları edir, sülh prosesinə əngəl yaradırlar.

Azərbaycan isə birmənalı olaraq Qarabağ məsələsini bitmiş hesab edir və üçüncü müharibəyə "yox!" deyir. Prezident İlham Əliyev bununla bağlı qəti şəkildə deyib: "Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki özündə əminlik olmalıdır... Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik... Hər kəs bilməlidir ki, bizimlə heç kim zarafat etməsin".

Bəli, Vətən müharibəsi kimin kim olduğunu göstərdi, Ermənistanın havadarları çoxaldı. Daha doğrusu hər zaman işğalçı dövlətin yanında olan, lakin bu fəaliyyətlərini bəlli etməməyə çalışan dövlətlər Azərbaycana qarşı açıq-aşkar mübarizəyə başladı: "Gözünün yaşını sil, sızlama, səni tək qoymayacağıq", - deyib Ermənistanı bağırlarına basdılar. Çünki maraqları vardı... Fransa fransızsayağı, İran iransayağı, kimisi "bacı", kimisi "qardaş" oldu terror dövlətinə. Çünki eyni bezin qırağıdırlar, o səbəbdən sözləri tutur. Yolları birdir...

Azərbaycanın isə öz yolu var. Bu, barış, əmin-amanlıq, sülh yoludur. Bu səbəbdən dünyanın sülhpərvər dövlətləri də üzünü Azərbaycana tutur, onun haqq işini, haqlı mübarizəsini dəstəkləyir. Biz dost seçmirik, dost özü bizi tapır. Misal var deyərlər: "Dostunu göstər, sənin kim olduğunu deyim!..".

Zümrüd QURBANQIZI,

"Respublika".