DÖVLƏTÇİLİK KONSEPSİYASINDA HÜQUQUN ALİLİYİ
Digər xəbərlər

DÖVLƏTÇİLİK KONSEPSİYASINDA HÜQUQUN ALİLİYİ

Ölkə Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-ci ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar ulu öndərin xatirəsinin əbədiləşdirilməsi, zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin daha geniş öyrənilməsi və təbliği istiqamətində silsilə tədbirlər həyata keçirilir.

Müvafiq sərəncamla təsdiq edilmiş "Tədbirlər Planı"na uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ötən il dekabr ayının 14-də "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilmişdir. Plana uyğun olaraq Nazirliyin bütün struktur və qurumlarında silsilə tədbirlər davam etməkdədir.

Heydər Əliyev siyasi fəlsəfəsinin əsasını dövlət müstəqilliyi, demokratiya, siyasi plüralizm, şəffaflıq, hüququn aliliyi və sosial ədalət təşkil edir.

1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ulu öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, liberallığı özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin reallaşmasına nail olmuşdur. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır", - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına səy göstərmişdir. Böyük siyasi xadim Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının təşəbbüskarı olmuşdur. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır.

 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur.

1995-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. İnsan hüquqlarının qorunması sahəsində əldə edilən ən mühüm nailiyyətlərdən biri də BMT ilə Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olmuşdur. Həmin memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalamış, bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilmişdir. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Proqrama əsasən Azərbaycanın qoşulduğu konvensiyalara və qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi artırılmışdır.

Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə, 21 fevral 1996-cı il tarixdə Hüquq İslahatları Komissiyası yaradılmış, Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının məntiqi yekunu olmuşdur.

1993-cü ildən tətbiqinə moratorium qoyulan ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan Şərqdə bu qətiyyətli və tarixi qərara imza atan ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.

Azərbaycanda Heydər Əliyevlə başlanan və ötən 20 il ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, daha da zənginləşdirilən inkişaf strategiyasının əsas göstəricisi əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsidir. Xalqımızın yeganə ağrılı probleminin aradan qaldırılması göstərdi ki, Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu siyasət Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələrlə davam etdirilir.

Bu gün Azərbaycanın tarixinə yeni reallıqlar hakimdir. İndi əsas hədəfimiz Qarabağ və Şərqi Zərgəzurun bərpası, Vətən müharibəsinin nəticələri fonunda milli maraqlarımızın təmin edilməsidir. Bu istiqamətlərin hər biri üzrə mənzərə isə qürurvericidir. Qazanılan hər bir uğur, hər bir qələbə göstərir ki, Heydər Əliyev ideyaları yaşayır.

Məmməd MÜSƏLLİMOV,

Bakı şəhəri, Pirallahı Rayon İcra Şöbəsinin icra məmuru,

I dərəcəli ədliyyə qulluqçusu.