Dünya 5-dən böyükdür
Digər xəbərlər

Dünya 5-dən böyükdür

İkinci Dünya müharibəsindən sonra dünyada gərginliyin aradan qaldırılması, ölkələrarası diplomatiyanın yenidən qurulması prosesi başladılmışdı. Bu müddət ərzində iqtisadi-siyasi əlaqələrin gücləndirilməsi üçün mərkəz olaraq 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən "Ümumdünya Hökuməti" - BMT qurulmuşdur. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazisini özündə birləşdirsə də, BMT-nin əsas orqanlarından biri olan BMT Təhlükəsizlik Şurasına sadəcə 15 ölkə daxildir ki, onların da beşi - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa - daimi üzv statusuna və veto hüququna malikdirlər. Digər 10 qeyri-daimi üzv isə ikiillik müddətə seçilirlər. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.

XX əsrin ortalarında yaradılan qurumun fəaliyyəti artıq dövrün tələblərinə cavab vermir. Davamlı islahatların keçirilməməsi, dünyada baş verən hadisələrə birmənalı yanaşılmaması, qurumun tərkib hissəsinin inkişaf yönümlü olmaması və hadisələrə nüfuzetmə gücünü itirməsi beynəlxalq ictimaiyyətin gündəmindədir. Bu istiqamətdə tədbirlərin görülməsi proqnoz olunsa da, mövcud vəziyyətdə təşkilatın passivliyi davam edir. Qurumun yeni oyunçulara şərait yaratmaması, regiondakı digər dövlətlərin hegemoniyasına qarşı acizliyi və qlobal problem sayılan Rusiya-Ukrayna müharibəsinin həllinə yetərli səy göstərməməsi BMT-nin yeni dövrə uyğunlaşa bilmədiyini sübut edir. Üzvlük sayının genişləndirilməsi və yeni növ strategiyaların planlanması üçün heç bir addım atılmır. Belə ki, Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsi yalnız bir dəfə - 1963-cü ildə baş verib və TŞ-nin üzvlərinin sayı 11-dən 15-ə çatıb. Buna istinadən dünyada regional və beynəlxalq güclərdən biri sayılan Türkiyə və eləcə də, Almaniya, Yaponiya rəhbərləri zaman-zaman bu məsələni müzakirə mövzusuna çeviriblər. Güclü, nüfuzlu regional oyunçuların - Türkiyə, Hindistan və Yaponiyanın kənarda saxlanılması qlobal böhranlar və transmilli problemlərlə effektiv və təsirli üsullarla məşğul olmağa imkan vermədiyi açıq şəkildə görünür. Digər tərəfdən, qurumun tərkibində 1,7 milyard müsəlman əhalisini təmsil edən heç bir dövlətin olmaması etnik və milli ayrı-seçkiliyi də gündəmə gətirir. Təsadüfi deyil ki, beynəlxalq arenada bu hal ciddi narazılığa səbəb olur. BMT-nin ikili standartı və hadisələrə təsir gücünün azalması terror, qlobal sabitliyin pozulması üçün zəmin yaradır. Bununla yanaşı, son 60-70 ilin ən yüksək göstəricilərinə çatan qlobal inflyasiya, dünyada tətbiq edilən mövcud iqtisadi planın yetərsizliyi də məlumdur. Siyasi-iqtisadi, siyasi-diplomatiya, siyasi-təhlükəsizlik münasibətlərinin ölkələr üçün qarşılıqlı təsiri isə sorğulanmaqdadır.  

Daimi üzv statusuna sahib olan ölkələrin öz daxili və xarici mənafeləri üzündən müzakirə mövzusuna çevrilən məsələlər məntiqi həllini tapmır. Bu, ölkələrin üzv dövlətlər arasına qoşulacaq hər yeni oyunçunu özünə təhdid olaraq görməsindən qaynaqlanır. Bütün bunlar isə artıq təşkilatın beynəlxalq mənafeyə yox, individual maraqlara söykənən istəkləri reallaşdırdığını göstərir. Problemlərin həlli yolunda verilən təkliflərin qəbul olunmaması və səs çoxluğunun təmin olunmaması problemlərin həllini gecikdirir. Təsadüfi deyil ki, Təhlükəsizlik Şurasında bu günə qədər irəli sürülən 2446 qətnamə layihəsinə 249 dəfə veto qoyulub. Rusiya 112 veto ilə liderdir, daha sonra ABŞ - 81, Böyük Britaniya - 29, Fransa - 16, Çin - 11 veto qoyub. Bəzi təklif planları isə ölkələrdən birinin veto hüququndan istifadə ediləcəyi proqnozlaşdırıldığına görə ümumiyyətlə müzakirəyə çıxarılmır. Göründüyü kimi, inkişafın təməlinə ciddi zərər vuran siyasi çəkişmələr Avropada olduğu kimi, Cənubi Qafqazda və siyasi cəhətdən seysmik sayıla biləcək Mərkəzi Asiyada da problemlərin həllini yubatmaqdan başqa heç bir işə yaramır.

BMT-nin qlobal problemlərə laqeyd yanaşmasına Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hər zaman qarşı çıxmışdır. Onun ikili standartı tənqid edərkən dediyi "Dünya 5-dən böyükdür" ifadəsi dünyaya ilham qaynağı oldu. Haqsızlığa qarşı daim öz mövqeyini göstərən qardaş ölkə üzv olmayan dövlətlərin dəstəyini aldı. Bu istiqamətdə Türkiyə Prezidentinin təşəbbüsü ilə "Dünya Beşdən Böyükdür Dərnəyi" yaradıldı.  Rəcəb Tayyib Ərdoğan dünya məsələlərinin yalnız BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü tərəfindən müzakirəsinin və qərarların bu əsasda qəbul edilməsinin ədalətsiz olmasını yüksək tribunalardan səsləndirməyə davam edir. "Daha ədalətli bir dünya mümkündür" kitabının nəşr olunması da bu məqsədi daşıyır. Ərdoğan dünya məsələlərinin yalnız BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü tərəfindən müzakirəsinin və qərarların bu əsasda qəbul edilməsinin əleyhinədir. O, kitabında ədalətsizlik, qaçqın böhranı, beynəlxalq terrorizm və İslam əleyhdarlığına toxunaraq BMT-nin hökumət, funksionallıq, fəaliyyət, əhatəedicilik, təmsil və idarə problemlərinə diqqət çəkib, bu qurumda geniş islahatlara ehtiyac duyulduğunu bildirib və geniş, köklü islahatların vacibliyinə toxunub.

Nurlan ABDALOV,

"Respublika".