Dünya bu ölkənin törətdiyi qətliamları unutmayacaq
Siyasət

Dünya bu ölkənin törətdiyi qətliamları unutmayacaq

Fransa dövlətinin əsrlərdir davam etdirdiyi neokolonializm siyasəti heç kəsə sirr deyil. Lakin qeyd etməliyik ki, Makronun hakimiyyəti illərində Fransa bu mövqeyini daha açıq formada ifadə etməyə başladı.

Tarix boyu qətllər, mina terroru, qanlı əməllər törədən Fransa özünün müstəmləkəçilik siyasətindən bu gün də əl çəkmir. 50-dən artıq dövlətin ərazisini işğal edərək sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, bu ölkənin utancı olmaqla yanaşı, bəşər tarixi üçün də qara ləkədir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirdi. Ölkədə Makronun yürütdüyü irqçi siyasət daha da genişləndi.

Fransa ilə Ermənistanı terrorizm, işğalçılıq, separatçılıq, başqa xalqlara məxsus sərvətlərin mənimsənilməsi kimi dəyərlər birləşdirir. Fransa Ermənistanı müdafiə etməklə özünün də müstəmləkəçilik siyasətinə haqq qazandırır. Fransa Qarabağ münaqişəsi tarixə qovuşduğu andan etibarən regionda vəziyyəti gərginləşdirir. O, gah münaqişənin həll edilmədiyini bildirir, gah da utanmadan Azərbaycanı işğalçılıq siyasəti yürütməkdə ittiham edir.

Fransanın ölkəmizə qarşı belə əks mövqedə olmasının əsas səbəbi də odur ki, Azərbaycan daima neokolonizm siyasətinə qarşı çıxır. Belə ki, Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qalıb, Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilib. Əsrlərlə davam edən müstəmləkəçilik dövründə milyonlarla afrikalı həyatını itirib. Bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında da Fransanın rolu olduğu üzə çıxıb. Fransanın Əlcəzairdə törətdiyi soyqırımında 1,5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. Fransa özü unutsa da, dünya bu ölkənin törətdiyi qətliamları unutmayacaq.

Bundan başqa, Yeni Kaledoniya illərdir Fransanın ikiüzlü siyasəti ilə qarşı-qarşıyadır. Bu dövlət 1853-cü ildən Fransanın tabeliyindədir. Belə ki, 2021-ci il dekabrın 12-də keçirilən müstəqillik referendumu pandemiya ilə üst-üstə düşüb. Ona görə də Yeni Kaledoniya dövləti referendumun təxirə salınmasını xahiş edib. Lakin Fransa referendum keçirib və nəticədə Yeni Kaledoniya əhalisinin 57%-i referendumda iştirak edə bilməyib. Referendumun keçirilməsi Fransanın ikiüzlü siyasətinin təzahürüdür. Azərbaycan Respublikası bu məqsədlə əlindən gələni edir. Belə ki, haqları tapdanan, Fransa tərəfindən sıxışdırılan dövlətlərə öz sözünü rahatlıqla deyə bilməsi üçün tədbirlər təşkil olunur. Bu il iyun ayının 5-6-sı Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşü çərçivəsində "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfrans keçirilib. Burada bir çox ölkələrdən nümayəndələr iştirak edib. Öz səslərinin beynəlxalq aləmə çatdırılmasına belə bir şərait yaratdığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Konfransda iştirakçılar tərəfindən Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb. Qeyd edək ki, BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir. Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda konfrans da baş tutub.

Bundan əlavə, oktyabrın 20-də paytaxtda BTQ-nin təşkilatçılığı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçirilib. Toplantıda 14 ölkədən, eləcə də Fransanın Müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçiləri də iştirak edib. Konfransda çıxışında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva bildirib ki, özünü demokratiyanın beşiyi hesab etməsinə baxmayaraq, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir. Tədbirdə 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak ediblər.  "Corsica Libera" partiyasının nümayəndəsi Fransua Benedetti bildirib ki, Fransa korsikalıların hüquqlarını pozur, onlarla ədalətsiz davranır. Bunun ən bariz nümunəsi isə Korsikada hələ də insan haqlarına riayət olunmamasıdır. Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep də konfransda deyib ki, Qvadelupada müstəqillik tərəfdarı olan qruplar Fransa tərəfindən öldürülür.

Fransa tarixdə daima müstəmləkəçilik siyasətini həyata keçirən bir dövlət kimi mövcud olub. Bu ölkə hər zaman öz sərhədlərindən çox uzaq ərazilərə göz dikib. Fransanın bu siyasətinə qarşı çıxanların fikirlərini yüksək səslə ifadə etməsi gec də olsa ədalətin yerini tapacağını göstərir.

Röya RÜSTƏMLİ,

"Respublika".