Dünya ermənilərin vəhşiliklərini görür
Siyasət

Dünya ermənilərin vəhşiliklərini görür

COP-un Bakı toplantısında Yer kürəsinin qorunması üçün çalınan həyəcan təbilinin səsi daha güclü olacaq

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbir bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı Azərbaycan Prezidenti 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Maraqlısı budur ki, bu tədbirin keçirilməsi üçün seçilən üç ölkədən biri olan Ermənistan öz namizədliyini Azərbaycanın xeyrinə geri çəkib. O Ermənistan ki, 30 il torpaqlarımızı işğal altında saxlayıb, genosid, ekosid, kultursid, urbusid törədib, yeraltı, yerüstü sərvətlərimizi qanunsuz şəkildə istismar edib ətraf mühitə külli miqdarda ziyan vurub...

Vəhşi qəbilə. Dövlət başçısı onları məhz belə adlandırıb, çünki bu torpaqlarda törətmədikləri vəhşiliklər qalmayıb. Torpaqlarımıza, tarixi-mədəni, dini-mənəvi abidələrə, təbiətə qarşı vəhşilik törədib, işğal altında saxladığı ərazilərdə şəhərləri, kəndləri yerlə-yeksan edib.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olub erməni vandalları tərəfindən dağıdılan yaşayış binalarını, mənəvi irsimizi görərkən deyib: “...Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilərin törətdiyi vəhşiliyi görərkən bir daha əmin oldum ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı”.

Minlərlə mədəniyyət obyekti, o cümlədən məscidlər, məbədlər, məqbərələr, muzeylər, rəsm qalereyaları, arxeoloji abidələr, kitabxana və teatrlar talan edilib. Bundan başqa, Azərbaycanın tarixini, mədəniyyətini və etnik kimliyini inkar və təhqir etmək üçün bir çox mədəni və dini obyektlərin orijinal memarlıq xüsusiyyətləri qəsdən və məqsədyönlü şəkildə dəyişdirilib.

Xalqımızın dini inanc yerləri tövlə kimi istifadə edilərkən onların dini simvolizmi təhrif olunub ki, bu da azərbaycanlılara qarşı xüsusi təhqir kimi nəzərdə tutulmuş və ənənəvi antimüsəlman davranışıdır.

Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə, Edilli və digər ərazilərdə kütləvi insan məzarlığına qədər, heç birinə Haaqada hüquqi qiymət verilməyib. 10 noyabr Bəyanatından sonra bütün dünya gördü ki, bu millət ələ keçirdiyi ərazilərdə son 30 ildə bir milyondan çox ölüm minası “əkib” və hərbi məğlubiyyətlə də bəhrəsini görür. Buna minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı Human Rights Watch-un 2011-ci ildə təsis etdiyi üzv dövlətlərdən ibarət koalisiyasından da hələ heç bir reaksiya verilməyib. Eləcə də, Roma statutusuna qoşulmamaq, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil olmaq dövlətləri məsuliyyətdən azad etmir. Ona görə də, Miloseviçi məhkəməyə çəkənlər nə vaxtsa Köçəryan və Sarkisyan üçün də eyni tribunalı qura bilər.

Ölkəmizin bu ərazilərinin hər qarışı qızıldır. İşğaldan azad edilmiş torpaqlarda təxminən 160 növ müxtəlif metal yatağı olub. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər təbii yataqlar mövcud idi. Düşmən Kəlbəcərdəki Zod, Ağdərədəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarını sonadək qanunsuz şəkildə istismar edib. Özü də çıxarılan xammalı dünyanın bir çox ermənipərəst ölkələrinə ixrac edib “arxasını möhkəmləndirib”.

Ermənilər çaylarımızı, sularımızı da zəhərləməkdə davam edir. Oxçuçayın hazırkı durumu təbiətə qarşı qəddarlığın, cinayətin ən yüksək formasını əks etdirir. Meşələrimiz, nadir ağaclarımız da kəsilib “dost ölkələrə” göndərilib. Maraqlıdır ki, ermənilərin vəhşilikləri onların elə özləri tərəfindən də ifşa edilir. Erməni hüquqşünas Ruben Vardazaryanın erməni saytlarından birində “Bizimkilər Ağdam və Zəngilanda hidrogen bombasından istifadə edibmi?” başlıqlı məqaləsi dərc olunub. O, Ağdamın Qafqazın Xirosiması olduğunu bir növ etiraf edib. Məqalədə erməni ictimaiyyətinə belə bir açıq sual ünvanlayıb: “Ağdam şəhəri yer üzündən niyə silinib?”, – deyən müəllif xalqının törətdiyi vəhşilikləri insanlığa sığmayan hərəkət kimi dəyərləndirib.

Amerikalı ekspert Piter Teys isə qeyd edib ki, Ermənistan terrorçu dövlətdir və öz Metsamor atom elektrik stansiyası ilə növbəti Çernobıl fəlakətinə səbəb olacaq bir rejimə külli miqdarda pul ayırmaq dəhşətli bir səhvdir: Erməni rejiminin rəhbərləri Azərbaycanın günahsız əhalisinə qarşı törətdikləri cinayətlərə, habelə Avrasiyanın ətraf mühitinə, su və meşə ehtiyatlarına ziyan vurduqlarına görə məsuliyyət daşımalı və beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır...”.

Bu mənada, COP-un Bakı toplantısından çox şey gözlənilir. Bəlkə buraya gələnlər Azərbaycanın hamının evi olan Yer kürəsinin qorunması uğrunda mübarizəsini, ermənilərin vəhşiliklərini gözləri ilə görüb ədalətli bir qərar qəbul edə bildilər...

Zümrüd QURBANQIZI,

“Respublika”.