Dünya ölkələri Azərbaycanın diplomatik nümayəndəliyinə hücumu qətiyyətlə pisləyir
Digər xəbərlər

Dünya ölkələri Azərbaycanın diplomatik nümayəndəliyinə hücumu qətiyyətlə pisləyir

Bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində baş verən terror aktı bir daha İranın ölkəmizin əleyhinə olduğunu sübut etdi. Hadisəyə səssiz qalanlarla yanaşı, bizə dəstək olan ölkələr də az olmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirliyimizə edilən hücumla bağlı "Tvitter" hesabında paylaşım etdi: "Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir".

Baş verən hadisəyə, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da münasibət bildirərək terror aktı zamanı həlak olmuş əməkdaşın ailəsinə başsağlığı verib. Qeyd edək ki, terror aktı Azərbaycanın Tehrandakı təhlükəsizlik hüquqlarının birbaşa pozulması kimi qiymətləndirilir.

Səfirliyimizə təşkil olunmuş hücuma növbəti reaksiya qardaş ölkə Türkiyədən gəlib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında hücumların erməni radikal qrupları tərəfindən keçirildiyini vurğulayaraq terror aktını pisləyib. Mövlud Çavuşoğlu, həmçinin daha əvvəl ölkəmizin London və Fransada yerləşən səfirliklərinə qarşı təşkil olunan hücumları bir daha ictimaiyyətin diqqətinə çatdırıb. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb: "Qonşumuz İrandan gözləntimiz bu terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməsidir. Bu, vacibdir. İkinci bir tərəfdən, bu hücumu təşkil edən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hər zaman deyirik: Can Azərbaycan tək deyil". Bununla ümummilli liderimiz Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamı qarşılıqlı etibar, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bir daha özünü təsdiqlədi.

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən hücumu qətiyyətlə pisləyən və dərhal hadisəyə reaksiya verən ölkələrdən biri də Macarıstan oldu. Bu addım Macarıstanın Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biri olduğunu sübut etdi. Hazırda iki ölkə arasındakı münasibətlər dostluq və strateji əməkdaşlıq əsasında inkişaf edir.

İran İslam Respublikasındakı səfirliyimizə qarşı təşkil olunan terror aktına İtaliyanın Tehrandakı səfirliyi də münasibət bildirib. Səfirlik baş verən terror aktına etiraz edərək onu qəddar hücum adlandırıb. İtaliyanın hadisəyə münasibəti ölkəmizin İtaliya ilə qarşılıqlı münasibətlərinin inkişafının göstəricisidir.

Moldova parlamentinin spikeri İqor Qrosu da Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktına qarşı çıxıb. İqor Qrosu terror aktı ilə bağlı ciddi araşdırma aparılmasını, məsuliyyət daşıyanların və hadisənin motivlərinin üzə çıxarılmasını tələb edib. O, istənilən ölkənin vətəndaşlarının özlərini təhlükəsiz və müdafiə olunduğunu hiss etməyə layiq olduğunu bildirib. Xatırladaq ki, həm Moldova, həm də Azərbaycan separatizmdən əziyyət çəkən ölkələrdəndir. İki dövlət hər zaman Qarabağ və Dnestryanı münaqişələrin həll yolunu tapmasında vahid mövqedən çıxış etmişlər. Moldova torpaqlarımız işğal altında olan zaman Qarabağ münaqişəsinin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipi daxilində həll edilməsinə tərəfdar olmuşdur.

Ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilmiş qanlı terroru kəskin tənqid edən ölkələrdən biri də Səudiyyə Ərəbistanı Krallığı oldu. Baş verən hadisə ilə bağlı məlumat yayan Səudiyyə Ərəbistanı XİN dost Azərbaycanla həmrəy olduqlarını bildirdi. Həmçinin, Səudiyyə Ərəbistanı XİN İranı diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmətlə yanaşmağa çağırıb.

Terror aktına münasibət bildirənlər arasında Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya Departamentinin direktoru Mattias Lüttenberq də yer alıb. Lüttenberq hadisənin təfərrüatının dərhal araşdırılmasını və ədalətin öz yerini tapmasını tələb edib.

Qeyd edək ki, Azərbaycana dəstək olan ölkələr sadəcə bunlarla yekunlaşmır. Yaponiya, Rumıniya XİN, İordaniya Krallığının Xarici İşlər Nazirliyi, Niderland Xarici İşlər Nazirliyi və Yaponiya səfirliyi, İsrail kimi ölkələr də hücumu qəti şəkildə pisləyib.

Nəzrin ELDARQIZI,

"Respublika".