Dünya səyyahları Zəngilanda
Digər xəbərlər

Dünya səyyahları Zəngilanda "ağıllı kənd"lə tanış olublar

Azərbaycana səfər edən 10 ölkədən olan 24 səyyah Şərqi Zəngəzur iqtisadi rayonunda olublar.

Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan, İsveçdən olan səyyahlar Xocavənd, Şuşa, Ağdam, Kəlbəcər və Laçından sonra Zəngilan rayonuna gəliblər

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar səfər etdikləri digər rayonlarımızda olduğu kimi, Zəngilanda da işğal ərəfəsində törədilən dağıntıların, həmçinin hazırda Azərbaycan tərəfindən aparılan tikinti-quruculuq işlərinin şahidi olublar.

Dünya səyyahları Zəngilan rayonunun Ağalı kəndində olarkən qonaqlara burada aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb. Burada Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Belə ki, "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi burada fəaliyyət göstərəcək. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. Kənd sakinlərinin "ASAN" və ya "DOST" xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə "DOST" mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq.

Yaşayış məntəqəsində "ağıllı kənd" üçün "ağıllı həllər" də nəzərdə tutulub. Məqsəd istismar xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir. Əsas məsələ yüksək sürətli internetdir. Ağalı kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıqdır.

Həmçinin kənddə "Kapital Bank"ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri yaradılıb.

Diqqətə çatdırılıb ki, Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Kənddə "Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi də tikilib.

Tanışlıq zamanı kənddə tətbiq olunacaq "Ağıllı kənd" təsərrüfatı idarəetmə sistemi barədə də məlumat verildi. Bildirildi ki, kənddə ən müasir texnoloji yeniliklər tətbiq olunacaq. Belə ki, burada yaradılacaq iqlim stansiyaları bitki xəstəlikləri ilə bağlı erkən xəbərdarlıq əldə etməyə, suvarmanı planlı şəkildə aparmağa və hava məlumatını almağa imkan verəcək. Bundan başqa, burada zərərvericilərin uzaqdan izlənilməsinə və əkin ərazilərinin, araşdırma sahələrinin mövsümi olaraq yüksəkkeyfiyyətli fotoşəkillərini çəkə bilən sistemlər də quraşdırılacaq.

Həmçinin heç bir sahə məhdudiyyəti olmadan sərbəst hərəkət edən və ərazidə təhlil aparan skaner, əməliyyatları səmərəli şəkildə həyata keçirmək üçün süni intellekt və proqnozlaşdırıcı analizə sahib platforma, məhsulun yetişdirilməsi zamanı ortaya çıxa biləcək problemləri vaxtında aşkarlaya biləcək dron texnologiyaları da yüksək məhsuldarlığın əldə olunmasında mühüm rol oynayacaq.

Zəngilan pivot suvarma sistemləri də ən müasir texnoloji yeniliklərlə təchiz olunacaq. Burada 5 pivot sistemi quraşdırılacaq ki, bu da 157 hektar ərazinin suvarılmasına imkan verəcək.

Bir sözlə, Ağalı kəndində "Ağıllı kənd" konsepsiyasının hər üç komponenti - ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.

AZƏRTAC