Dünyanın ən böyük şarj stansiyası quruldu
Dünya xəbərləri

Dünyanın ən böyük şarj stansiyası quruldu

Çinin elektrikli avtomobil istehsalçısı "BYD" və yanacaq şirkəti "Shell" elektrikli avtomobillər üçün dünyanın ən böyük şarj stansiyasını yaradıblar.

Qeyd edək ki, sözügedən enerji doldurma stansiyası Çinin Şençjen şəhərində, hava limanının yaxınlığında tikilib və bu məkan eyni vaxtda 258 avtomobili enerji ilə təmin etmək gücünə malikdir. Stansiyada enerji doldurma məntəqələri ilə yanaşı, elektrikli avtomobil sahiblərinin faydalana biləcəyi mağazalar, kafelər və istirahət məkanları da mövcuddur.

Verilən məlumata görə, sınaq istismarı mərhələsində stansiya gündə 3300-dən çox elektrik avtomobilinə xidmət göstərir. Gələcəkdə bu göstəricinin daha da artırılması nəzərdə tutulur. Stansiyasının damında quraşdırılan günəş panelləri ildə 300 min kilovatsaata qədər bərpa olunan enerji istehsal edə biləcək ki, bu da müştərilərin avtomobillərini doldurmaq üçün istifadə olunacaq.

Qeyd edək ki, hazırda "Shell"in dünya üzrə 40 mindən çox ictimai şarj nöqtəsi var ki, bunların da təxminən 25 mini Çində yerləşir. Yanacaq şirkətinin məqsədi 2030-cu ilə qədər bu rəqəmi 200 minə çatdırmaqdır. Daha əvvəl hidrogen yanacağına verdiyi dəstəyi sonlandıran şirkət, elektromobillərlə bağlı şarj stansiyası şəbəkəsinə yatırımlar etməkdə öndə gedən lider şirkətlərdən biridir. Xüsusilə, Çində ən çox satılan elektromobil brendi olan və batareya texnologiyalarından yararlanan "BYD" də bu sahədə yatırımlara ciddi maraq göstərir.