DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN VƏ YUNANISTANIN BAŞ NAZİRİ ARASINDA GÖRÜŞ OLACAQ

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis dekabr ayında Afinada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. “Trend” agentliyinin məlumatına görə, baş nazir Almaniyanın paytaxtı Berlində təşkil edilən paneldə Türkiyə-Yunanıstan əlaqələri ilə bağlı açıqlamalar verib.

“Bir neçə ay ərzində münasibətlərimizdə ciddi yumşalma müşahidə etdik. Yaxın Şərqdəki son  böhrandan əvvəl prezident Ərdoğanla iki dəfə görüşdüm. Münasibətlərimizi normallaşdırmaq istəyirik”, - deyə Kiriakos Mitsotakis vurğulayıb.

Eyni zamanda, yunan baş nazir qeyd edib ki, prezident Ərdoğanın HƏMAS-la bağlı fikirlərilə razıdır. Kiriakos Mitsotakisin sözlərinə görə, Ərdoğanla görüş zamanı ikitərəfli və Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələr müzakirə olunacaq.

Qeyd edilir ki, Yunanıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Yunanıstan və Türkiyə arasında 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının iki ölkənin razılığı ilə dekabrın 7-də Afinada keçiriləcəyi açıqlanıb.

QƏZZA ZOLAĞINDAN TƏXLİYƏ OLUNANLARIN SAYI AÇIQLANIB

Qəzza zolağının şimalından quru əməliyyatı başlayandan bəri 1 milyondan çox dinc sakin təxliyə edilib. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə brifinq zamanı İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Piter Lerner bəyan edib.

“Təxliyə məsələsində bir neçə yüz min nəfərlə kifayət qədər böyük uğurlar əldə etmişik. Bəzi hesablamalara görə, 1 milyondan çox insan şimal rayonlarından təxliyə edilərək Qəzzanın cənubuna gedib”, - deyə İsrail rəsmisi bildirib.

Piter Lernerin sözlərinə görə, bu, quru əməliyyat zamanı düşmənin gizləndiyi yerləri müəyyən etmək üçün manevr imkanı verir.

Bundan başqa, İsrail Müdafiə Ordusu təkcə son üç gündə 200 minə yaxın insanın Qəzza şəhərini tərk etdiyi barədə məlumat verib.

Eyni zamanda, İsrail ordu qüvvələri rəsmilərinin açıqlamasına əsasən, quru qoşunları Qəzza zolağını şimal və cənub olmaqla iki hissəyə ayırıb və Qəzza şəhərini mühasirəyə alıblar.

ÜST “COVID-19”LA BAĞLI ARAŞDIRMALARI DAVAM ETDİRƏCƏK

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “COVID-19” pandemiyasının yaranma səbəblərini araşdırmağa davam edəcək. “Report” agentliyinin məlumatına görə, bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus yaranan təhlükəli patogenlər üzrə Ekspertlərin Elmi Məsləhət Qrupunun iclasında çıxışı zamanı bildirib.

Baş direktor xəstəliyin erkən hallarının daha hərtərəfli təhlilinə ehtiyac olduğunu, virusun heyvanlardan insanlara ötürülməsində Uhandakı “Huanan” bazarının rolunu, habelə yoluxmanın ilk qeydə alındığı laboratoriyalarda və digər yerlərdə "potensial biotəhlükəsizlik pozuntuları haqqında daha çox məlumat tələb olunduğunu qeyd edib.

Bununla yanaşı, Qebreyesus əmin edib ki, ÜST “COVID-19” pandemiyasının başlanğıcını başa düşmək üçün fəaliyyətini dayandırmayacaq: "Bu, təkcə gələcək pandemiyaların qarşısını almağımıza kömək edəcəyi üçün deyil, həm də bu virusdan ölən milyonlarla insana borclu olduğumuz üçün prioritet məsələdir”.

ERMƏNİSTAN Aİ İLƏ VİZA REJİMİ üzrƏ DANIŞIQLARA BAŞLAYACAQ

Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar bir neçə aya başlayacaq. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan məlumat verib.

Bu ərəfədə Avropa diplomatiyasının rəhbəri Jozep Borrel Aİ xarici işlər nazirlərinin görüşünün yekunu olaraq qeyd edib ki, Aİ Avropa Sülh Bondu çərçivəsində rəsmi Yerevana mümkün dəstəyi, eləcə də Ermənistan üçün viza rejiminin liberallaşdırılmasını nəzərdən keçirəcək.

Paruyr Ovannisyan qeyd edib ki, Jozep Borrelin bəyanatı viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq qərarından xəbər verir.

Ermənistanın XİN rəsmisi əlavə edib ki, Aİ ölkələrinin xarici işlər nazirlərinin mövqeyi bu məsələyə diqqəti cəlb etməyə kömək edəcək. Bununla yanaşı, Ovannisyan viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişin həyata keçirilməsində problemlərin olduğunu da gizlətməyib.

Xatırladaq ki, Ermənistan və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş, eləcə də Ermənistanla Aİ arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş 2014-cü il yanvarın 1-dən qüvvəyə minib.

İSVEÇİN NATO-YA ÜZVLÜYÜ MƏSƏLƏSİ TBMM-DƏ MÜZAKİRƏYƏ ÇIXARILIR

İsveçin Şimali Atlantika Alyansına üzvlüyünün təsdiqini nəzərdə tutan layihə noyabrın 16-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasında müzakirəyə çıxarılacaq. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, İsveçin NATO-ya üzvlüyünün təsdiqi ilə bağlı təklif ötən ay Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasına təqdim olunub.

Bildirilir ki, sözügedən layihə qəbul edilərsə, bu zaman parlamentdə səsverməyə çıxarılacaq. Həmçinin üzvlük protokolu qəbul ediləcəyi təqdirdə, prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq qüvvəyə minəcək.

Qeyd edilir ki, İsveç Parlamentinin Xarici Əlaqələr Komissiyasının ölkənin NATO-ya üzvlüyünün təsdiqlənməsi ilə bağlı qanunun müzakirəsinə başlaması barədə Türkiyənin qərarını alqışlayıb.

SEUL KOREYALARARASI RAZILAŞMANI QİSMƏN DAYANDIRMAQ İSTƏYİR

Cənubi Koreya 2018-ci ildə Koreyalararası hərbi sazişin qismən dayandırılmasını nəzərdən keçirir. Bu barədə məlumatlı mənbəyə istinadən “Yonhap” agentliyi xəbər yayıb.

“Şimali Koreyanın təxribatlarına qarşı ehtiyat tədbiri kimi Koreyalararası hərbi razılaşmanın bəzi müddəalarının dayandırılması imkanını nəzərdən keçirilir”, - deyə agentliyin mənbəsi bildirib.

Mənbənin sözlərinə görə, hazırda müzakirə olunan tədbirlərdən biri Şimali Koreyanın hərbi casus peykini orbitə buraxacağı təqdirdə sərhədyanı ərazilərə yaxın müşahidələrin bərpasını nəzərdə tutur.

Eyni zamanda, agentlik xatırladır ki, Koreyalararası saziş hərbi demarkasiya xəttinin qərb hissəsindən 10 kilometr və şərq hissəsindən 15 kilometr radiusda dronların uçuşlarını qadağan edir.

DÜNYANIN ƏN BÖYÜK RAKETİNİN TƏKRAR SINAQ BURAXILIŞI KEÇİRİLƏCƏK

Ay və Mars planetlərinə insanlı missiyalar üçün yaradılmış “Starship” raketinin orbital uçuşuna təkrar sınaq buraxılışının keçirilməsi noyabrın 17-nə planlaşdırılır. “Report” agentliyinin məlumatına görə, bu barədə raketi hazırlayan “SpaceX” şirkətinin açıqlamasında qeyd olunur.

Bildirilir ki, raketin pilotsuz rejimdə uçuşu bir saat yarım davam edəcək. Raket Yer ətrafında bir dövrə vurduqdan sonra, “Ship 24” gəmisi Sakit Okeanda, Havay adaları yaxınlığında idarə olunan suya enməni həyata keçirəcək. Raketin birinci hissəsinin Meksika körfəzinə düşməsi gözlənilir.

Yenidən istifadə edilə bilən raket sistemi “Ship 24” kosmik gəmisi və “Super Heavy” daşıyıcı aparatından ibarətdir. Onun hündürlüyü 120 metrə çatır. O, dünyada indiyə qədər hazırlanmış bütün digər raketlərdən daha hündürdür.

Xatırladaq ki, raketin aprel ayında həyata keçirilən ilk sınaq uçuşu uğursuzluqla başa çatıb. “Starship” superağır raketi birinci hissənin ayrılması zamanı parçalanıb. Videogörüntülərə görə, raket buraxılışdan bir neçə dəqiqə sonra nəzarətsiz şəkildə fırlanmağa başlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.