Əbədiyyətə çevrilmiş şəhid ömrü
Sosial həyat

Əbədiyyətə çevrilmiş şəhid ömrü

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordsunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın yaddaşında sonsuz fəxarət və qürur hissləri ilə əbədi yaşayacaqdır. Doğma Qarabağımızı işğaldan azad edərək otuzillik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar.  Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən, Vətən torpağının işğaldan qurtarılmasında canından keçən minlərlə igidimizdən biri də əfsanəvi Xüsusi Təyinatlı Qüvvələrin şəhid əsgəri Aqil Mirzəliyevdir.

1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuş, 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. Fənn olimpiadaları, bilik yarışlarında dəfələrlə birinci olub. Musiqiyə də maraq göstərir, pianoda gözəl ifa etməyi bacarırdı. İsmayıllıda böyüyən şəhidimiz Azərbaycan Dövlət İqtisad Universitetinə 613 balla daxil olur. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Aqilin həqiqi hərbi xidməti İkinci Qarabağ müharibəsinə təsadüf edir. Müharibə dövründə ailəsindən döyüşlərdə olduğunu gizlin saxlamağa çalışır. Telefon danışıqlarının birində anasına "Murovu biz almışıq" deyir. Ailəsi Aqilin döyüşlərdə olduğunu belə öyrənir.

Döyüşçü yoldaşları və komandiri Aqillə bağlı xatirələrindən danışarkən qeyd edirlər ki, o, daim öndə gedir, yüksək savadı və çevik məntiqi ilə çətin vəziyyətlərdən rahatlıqla çıxa bilirdi. Aqil gözünün bir qədər zəif görməsini döyüş yoldaşlarından gizlədərək həmişə öndə olmağa çalışıb. Buna görə də silahdaşları onunla fəxr edirlər.

Şəhidin qardaşı Vüqar Mirzəliyev qeyd edir ki, Aqil telefon danışıqları zamanı hər dəfə nigaran qalmamalarını və tezliklə qələbə xəbərləri ilə qayıdacağını söyləyirdi: "Aqillə sonuncu dəfə şəhadətindən iki gün əvvəl-oktyabrın 18-də əlaqə saxladıq. Yenə hər şeyin yaxşı olduğunu, nigaran olmamağı dedi. Sonra anamla danışaraq belə təsəlli verirdi: "İndi bu Vətəni kim qorusun? Bu torpağı kim alsın? Burada bir rütbəli hərbçi var, bir dəfə yaralandı, getdi hospitala və sağalaraq geri qayıtdı. Sonra yenə yaralandı və dedi ki, Vətən sağ olsun! Mənim belə mərd, cəsur komandirlərin yanında heç nə deməyə haqqım yoxdur. Mənə nə tapşırıq verilsə, onu da edəcəyəm...".

Aqil Mirzəliyev Murov, Hadrut, Xocavənd, Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Aqil 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və oktyabr ayının 23-ü İsmayıllı Şəhidlər xiyabanında dəfn edilib. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Daha bir şəhid, daha bir qəhrəman oğulun ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da, əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək.

Azərbaycanın öz torpaqlarını düşməndən xilas etmək üçün apardığı müqəddəs savaşa, yazılan tarixə Aqil də öz ömrü ilə imza atdı. Qazanılan zəfərdə onun da xidməti var: Torpaq uğrunda ölən varsa Vətəndir.

Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.

Müşfiq MİRZƏ, 

"Respublika".