Əzəli yurda qayıdışımızı səbirsizliklə gözləyirik
Sosial həyat

Əzəli yurda qayıdışımızı səbirsizliklə gözləyirik

Bu, arzumuz olmaqla həm də haqqımızdır

Əsrarəngiz təbiəti, dağları, havası, suyu ilə seçilən kəndimizin ərazisində saysız-hesabsız bulaqlar vardı. Qoşa bulaq isə tarixən dillər əzbəri olmuşdu. Bu səbəbdən də kəndimiz Qoşabulaq adlanırdı. Əsrlər əvvəl təməli qoyulan kəndimiz rayon mərkəzi Basarkeçərdən 2 km məsafədə yerləşirdi. İndiki kimi yadımdadı, kəndimizə gələn hər qonaq dünyanın bu nemətindən ağızdolusu danışırdı. İndi uşaq vaxtı gəzdiyim əzəli yurd yerimizin hər qarışını, cığırını, yolunu xəyallarımda yaşatmaqla o torpaqlara qayıdacağım günü səbirsizliklə gözləyirəm. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlər hər birimizin ürəyincə oldu. Çünki sözü ilə əməli bir olan dövlət başçımızın bütün fikirləri kimi, bu istəyimizin də tezliklə reallaşacağına əminik.

Bu sözləri əməkdaşımızla söhbətində Ağsu Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Hacı Səfərov deyib. O, ali təhsil almaq üçün Bakıya gəldiyi vaxta qədər Göyçə mahalı Basarkeçər rayonunun Qoşabulaq kəndində yaşayıb. Dağlarını ayaqyalın gəzib, saf suyunu ürəyi istəyən qədər içib, təmiz havasını udub, təbiətindən və kənd həyatından ləzzət alıb. Yaylaqlarda keçirdiyi günlərin xoş xatirələrini hələ də unuda bilmir. Deyir ki, həmin anların tezliklə təkrarlanacağına və əzəli yurdumuza qayıdacağımıza əminəm. 44 günlük Vətən müharibəsi bu ümidimizi xeyli artırdı. 23 saatlıq antiterror tədbirləri, erməni separatçılarının qandallanaraq Bakıya gətirilməsi və qondarma rejimin özləri tərəfindən ləğv edilməsi arzularımızı zaman-zaman reallığa çevirir. Çünki bu ərazi tarixən Azərbaycan torpaqları olub və əsrlər boyu burada azərbaycanlılar yaşayıb.

Hacı həkim uşaqlıq illərindən danışaraq dedi ki, hər yay istirahət üçün dağa gedirdik. Xalqımıza məxsus el oyunları oynayar, şənlənər, tarixi yurdumuzun gözəl mənzərəli yerlərini gəzərdik. Bu, həm də tarixi kitablardan və dastanlardan öyrəndiklərimizlə əyani tanışlıq olurdu. Çünki "Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə mahalı boyunca hər tərəfdə tapmaq olar. Eposda rast gəldiyimiz toponimlər azərbaycanlıların bu ərazidə qədim yaddaşının və mədəniyyətinin izi olduğunu təsdiqləyir.

Bu ərazilər çox qədim zamanlardan bəri el şairlərinin vətəni olmuşdur. Buranın əhalisi şad günlərdə, çətin vaxtlarda qədim qopuzun varisi olan sazı kökləmiş və onun sədaları ilə ürək çırpıntısını, daxili sızıltısını ifadə etmişdir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Göyçə ərazisində olan qədim kəndlərimizin bir çoxu dağıdılmışdı. Bununla yanaşı, ermənilər imkan düşən kimi bizimkiləri sıxışdırmağa çalışırdılar.

1948-1953-cü illərdə də babalarımız köçkünlük həyatı yaşayıblar. Bir müddət Goranboy rayonunun Borsunlu kəndində qaldıqdan sonra yenidən geri dönüblər.

Həmsöhbətim qeyd etdi ki, 1988-ci ilin yayında məzuniyyət vaxtı kəndə getmişdim. Amma daha əvvəlki kimi rahat istirahət edə bilmədim. Hiss edirdim ki, vəziyyət getdikcə pisləşir və təxribatçı ermənilər bizə qarşı növbəti plan hazırlayırlar. Kəndimizin ağsaqqalları çox çalışsalar da düşməni bu hiyləsindən kənarlaşdıra bilmədilər və soydaşlarımız həmin ilin sonunda növbəti deportasiyanın qurbanı oldular. Valideynlərim və qohumlarım kütləvi şəkildə İsmayıllı rayonunun Qalagah kəndinə gəldilər. Ümumiyyətlə, kəndimizin əhalisinin 70 faizi orada məskunlaşdı.

Valideynlərimin əzəli yurdumuza qayıtmaqla bağlı böyük arzuları vardı. Söhbət düşən kimi kəndimizin havasından, suyundan, təbiətindən, mənzərəli və tarixi yerlərindən danışırdılar. Valideynləri orada dəfn olunmuşdu, məzarlarını ziyarət etmək istəyirdilər.

Kənd sakinləri ilə mütəmadi əlaqə saxladığını deyən Hacı həkim bildirdi ki, o torpaqlara getməyi çox arzulayırıq. Bu, bizim arzumuz olmaqla yanaşı, həm də haqqımızdır. Hə kəs kimi ermənilər də yaxşı bilirlər ki, Göyçə mahalı qədim Azərbaycan torpağıdır və bu ərazilərdə tarixən biz yaşamışıq və yaşamalıyıq. Övladlarım da, nəvələrim də qayıdış gününü səbirsizliklə gözləyirlər.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".