Ədalət mühakiməsinin səmərəli fəaliyyətində vəkillik təsisatı xüsusi önəm daşıyır
Digər xəbərlər

Ədalət mühakiməsinin səmərəli fəaliyyətində vəkillik təsisatı xüsusi önəm daşıyır

Respublikamızın hər yerində, həmçinin onun hüdudlarından kənarda hər kəsin dərin ehtiram və minnətdarlıq hissi ilə 100 illik yubileyini qeyd etdiyi siyasətçi, əbədiyaşar lider Heydər Əliyev milli dövlətçilik ideyalarının əsasını qoymuşdur.

Hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə Ümummilli lider Heydər Əliyevin qarşısında dayanan əsas vəzifə milli dövlətçiliyin inkişafı və gələcək müstəqilliyin təməlinin qoyulması idi. Ümummilli lider üçün qanunçuluğun, hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının təmin edilməsi mühüm, eyni zamanda həlli vacib məsələlərdən olmuşdur. Ulu öndər o dövrdə Azərbaycanda yeganə hüquqşünas kadrlar yetişdirən Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bütün insanların üzünə açmış, zəhmətkeş nəslin övladlarının həmin ixtisas üzrə təhsil almaları istiqamətində manelər aradan qaldırılmışdı.

Heydər Əliyevin əsas məqsədlərindən biri də hüquq təhsilinin möhkəm əsaslar üzərində qurulması, hüquqşünas kadrların seçilməsi və onların bir mütəxəssis kimi bilik, bacarıq və hazırlıq səviyyəsinin yüksəldilməsi idi. Təbii ki, insanların hüquq təhsili və mədəniyyətinin genişləndirilməsi, cəmiyyətdə hüquqi təfəkkürün, mədəniyyətin və düşüncə tərzinin inkişafı insan və azadlıqlarının təmin edilməsində mühüm rola malikdir. Heydər Əliyevin geniş dünyagörüşə malik olması, ədalət və humanist prinsipləri əsas götürməsi insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına gətirib çıxarmışdır.

Həmin dövrdə qəbul edilən mühüm sənədlər və normativ aktlar da insanların hüquqi biliyinin artırılmasında xüsusi əhəmiyyət kəsb edirdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 1970-ci il dekabr ayının 4-də qəbul edilmiş "Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında" qərar hüquq təhsili sahəsində xüsusi yer tuturdu. Qərarın verilməsində əsas məqsəd hüquqi biliklərin bütün insanlara çatdırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi idi. 1971-ci ildə Azərbaycan Dövlət Universitetində məhz hüquq fakültəsinin yardımı ilə ictimai əsaslarla işləyən hüquq məsləhətxanası açılmışdır. Bu dövrdən etibarən Hüquq fakültəsinin müəllim heyətinin davamlı olaraq respublikanın şəhər və rayonlarına ezam olunmasına başlanıldı. 1974-cü ildə Heydər Əliyevin birbaşa göstərişi ilə Bakı şəhəri İcraiyyə Komitəsi nəzdində yaradılan Hüquqi biliklər universiteti də hüquqi biliklərin yayılmasında mühüm rol oynadı. Televiziya və mətbuatda hüquqi verilişlərinin hazırlanması və bu sahədə informasiyaların artırılması da bilavasitə Heydər Əliyevin dövründə genişləndirildi.

Beləliklə, hazırda ali təhsil müəssisələrində yaradılan və aztəminatlı insanlara ödənişsiz hüquqi yardım göstərən hüquq klinikaları, o cümlədən Vəkillər Kollegiyası çərçivəsində həyata keçirilən bu istiqamət Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli liderimizin əsas xidmətlərindən biri də 1978-ci ildə yeni Azərbaycan Konstitusiyasının qəbul edilməsi olmuşdur. Burada da əsas istiqamət kimi insan hüquq və azadlıqlarının təmin edilməsi vurğulanmışdır. Konstitusiyanın 55-ci maddəsində göstərilir ki, vətəndaşların şəxsiyyətinə hörmət etmək, hüquq və azadlıqlarını qorumaq bütün dövlət orqanlarının, ictimai təşkilatların və vəzifəli şəxslərin borcudur. Azərbaycan vətəndaşları onların şərəfinə və ləyaqətinə, həyatına, sağlamlığına, şəxsi azadlığına, əmlakına qəsdlərdən məhkəmə yolu ilə müdafiə olunmaq hüququna malikdirlər. 56-cı maddənin tələblərinə görə isə "Azərbaycan vətəndaşları vəzifəli şəxslərin, dövlət orqanlarının və ictimai orqanların hərəkətlərindən şikayət etmək hüququna malikdirlər. Vəzifəli şəxslər qanunu pozmaqla və səlahiyyətini aşmaqla vətəndaşların hüquqlarına toxunan hərəkətləri etdikdə, bu hərəkətlərdən qanunla müəyyən olunmuş qaydada məhkəməyə şikayət verilə bilər. Azərbaycan vətəndaşları dövlət təşkilatlarının və ictimai təşkilatların, habelə xidmət vəzifələrini icra edərkən vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə dəymiş zərərin əvəzini almaq hüququna malikdirlər". Konstitusiyanın 47-ci maddəsində isə qeyd edilir ki, Azərbaycan SSR-in hər bir vətəndaşı dövlət orqanlarına və ictimai təşkilatlara onların fəaliyyətini yaxşılaşdırmaq barəsində təkliflər vermək, işdəki nöqsanları tənqid etmək hüququna malikdir. Vəzifəli şəxslər vətəndaşların təklif və ərizələrinə müəyyən edilmiş müddətdə baxmalı, onlara cavab verməli və lazımi tədbirlər görməlidirlər. Tənqid üstündə təqib qadağan edilir və həmin şəxslər məsuliyyətə cəlb olunurlar".

Göründüyü kimi, hələ sovetlər dönəmində insan hüquq və azadlıqlarının, o cümlədən hüquqi yardım almaq hüququnun təmin edilməsi ümummilli liderin əsas ideyalarından idi. Bundan başqa, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə ulu öndərin adı ilə bağlı olması danılmaz faktdır. Belə ki, hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapmış, bununla da vəkilliyə konstitusion status verilmişdir. Məhkəmə hakimiyyətinə ayrılan 21-ci fəsildə vəkilliklə bağlı mühüm müddəalar yer almışdır. 173-cü maddədə qeyd edilir ki, vətəndaşlara və təşkilatlara hüquqi yardım göstərilməsi üçün vəkillər kollegiyası fəaliyyət göstərir. Qanunvericiliklə nəzərdə tutulan hallarda vətəndaşlara pulsuz hüquqi yardım göstərilir.

Həmçinin Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə "Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə" təsdiq edilmişdir. Həmin dövrdə konstitusion status daşıyan Vəkillər Kollegiyası məhz bu Əsasnamə əsasında fəaliyyət göstərmişdir. Beləliklə də, Azərbaycan vəkilliyinin institusionallaşmasına start verilmişdir.

Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıtması çətin şəraitdə baş vermişdir. 1993-cü ildə Azərbaycan müstəqilliyini itirməsi təhlükəsi ilə üzləşmişdi. Ümummilli lider dövlətimizi nəinki bu təhlükədən qorudu, eyni zamanda Azərbaycan Respublikasını beynəlxalq cəmiyyətin tanınmış dövlətlərindən birinə çevirdi. Mühüm beynəlxalq təşkilatlara üzv olmaq və beynəlxalq müqavilələrin imzalanmasında iştirak etmək siyasətini çox yüksək səviyyədə həyata keçirən ümummilli lider müstəqil dövlətimizin hüquqi əsaslarının da qurulmasına nail oldu.

1995-ci ildə bilavasitə onun rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası bütövlükdə insan amili üzərində qurulmuş, insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilmiş, beynəlxalq müqavilələrin və beynəlxalq hüququn primatlığı tam şəkildə tanınmışdır. Konstitusiyamızın 10, 12, 148 və 151-ci maddələri bu zaman xüsusi qeyd edilməlidir. Eyni zamanda ən mühüm 2-ci bölmə əsas insan və vətəndaş hüquq, azadlıq və vəzifələrinə həsr edilmişdir.

Konstitusiyamızın 61-ci maddəsində müəyyən edilən "Hüquqi yardım almaq hüququ" beynəlxalq hüquq standartlarına tam uyğun olmaqla bərabər, bu sahədə bir sıra əhəmiyyətli ("Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun və s.) sahəvi normativ aktların qəbul edilməsinə gətirib çıxarmışdır. Konstitusiyada əksini tapmış strateji məqsədlər ilk növbədə, hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin realizəsini zəruri etmişdir.

Heydər Əliyev fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təcrübənin mənimsənilməsi və xarici dövlətlərlə qarşılıqlı əməkdaşlığın qurulması olmuşdur. Azərbaycan Respublikası insan hüquqları sahəsində yüzlərlə beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, UNESCO, Beynəlxalq Əmək Təşkilatı, MDB, İslam Konfransı Təşkilatı və s.) üzvü kimi bu missiyanı uğurla yerinə yetirmişdir.

Sonrakı addımlar sırasında Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan digər qanunvericilik islahatları da xüsusi qeyd edilməlidir. Beləliklə, Azərbaycan Respublikasında hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması prosesində milli qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılmış, ardıcıl surətdə köklü iqtisadi, sosial və hüquqi islahatlar aparılmışdır. Bu addımların mərkəzində isə əlbəttə ki, insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanmışdır. Qəbul edilən bütün normativ-hüquqi aktlarda insan hüquqları ideyası və onlara hörmət ön plana çəkilmişdir.

İslahatların davamı olaraq ümummilli lider Heydər Əliyev tərəfindən insan hüquqlarının qorunmasında mühüm addımlar kimi 22 fevral 1998-ci tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı mühüm yer tutur.

Ümummilli lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun imzalanmışdır. Bu Qanunla müstəqil Azərbaycan vəkilliyinin əsası qoyulmuş, ölkəmizin tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşmış və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdir. Peşə müstəqilliyinin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası təsis edilmişdir.

Ümummilli lider Heydər Əliyev hələ 1993-cü ildə çıxışlarının birində bəyan etmişdir ki, "Azərbaycan Respublikasında demokratik-hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur".

Ümummilli lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun imzalanmışdır. Bu Qanunla müstəqil Azərbaycan vəkilliyinin əsası qoyulmuş, ölkəmizin tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşmış və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdir. Peşə müstəqilliyinin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası təsis edilmişdir.

Bundan başqa, Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunmuşdur ki, bu da ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə" 11 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu sənədlərdən biridir. Həmin sərəncam Azərbaycan vəkilliyinin inkişafına dövlət tərəfindən verilmiş əməli dəstək kimi qiymətləndirilmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2017-ci il tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual məcəllələri və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununa dəyişikliklər təsdiq edilmişdir. Həmin sərəncamlar ilə vəkillik institutunun hüquq sistemində yerinin gücləndirilməsi, peşəkar və yüksək keyfiyyətli hüquqi yardımın məhz vəkillərə həvalə olunması, ölkədə vəkillərin sayının artırılması məsələsi Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur.

Hüquqi islahatlar sırasında vəkillik fəaliyyətinin yeni inkişaf mərhələsinə təkan vermiş və tarixi önəm daşıyan 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sərəncamın preambulasında qeyd olunur ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Bu sərəncamda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq binalar ilə təmin olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və s. məsələlər öz əksini tapmışdır. Eyni zamanda Sərəncamda ixtisas imtahanlarının müntəzəm keçirilməsi, üzvlüyə xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şəraitin yaradılması, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi və s. məsələlər öz əksini tapmışdır.

Sərəncama uyğun olaraq Kollegiya tərəfindən vəkilliyə qəbul müntəzəm həyata keçirilməyə başlanılmışdır. Belə ki, vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci illərdə (14 il ərzində) 5 yazılı test imtahanı, son 6 ildə isə 12 yazılı test imtahanı keçirilmiş və bunun nəticəsi olaraq vəkillərin sayı 3 dəfəyədək artmışdır. Bu il də vəkilliyə qəbulla bağlı 2 yazılı test imtahanı keçirilmişdir. 2023-cü ilin 25 may və 5 noyabr tarixlərində keçirilən ixtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 601 namizəd iştirak etmişdir ki, həmin namizədlər arasında müvəffəqiyyət qazanan 206 nəfər şifahi müsahibəyə buraxılmışdır. Bu gün ölkəmizdə vəkillərin sayı 2400-dən çoxdur.

Qeyd olunanlardan əlavə, 22 fevral 2018-ci il tarixli Sərəncama uyğun olaraq müasir informasiya kommunikasiyaları texnologiyalarının tətbiqi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi məsələləri üzrə də bir sıra işlər aparılır. 2023-cü ildən etibarən ölkəmizdə pilot layihə kimi "elektron order"dən istifadə olunmağa başlanılmışdır. Sərəncamdan irəli gələn məsələlərdən biri də vəkil qurumlarının artırılması, onların maddi-texniki şəraitinin yaxşılaşdırılması idi. Belə ki, regionlarla bağlı olaraq apellyasiya məhkəmələrinin yurisdiksiyasına uyğun Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının regional vəkil qurumları yaradılmış, müvafiq binalarla təmin edilmiş, müasir informasiya kommunikasiyaları texnologiyalarının imkanlarından yararlanmalarına dəstək göstərilmiş, bir çox bürolar əsaslı təmir olunmuş, maddi-texniki avadanlıqlarla təchiz edilmişdir.

Hazırda ölkəmizdə 130-dan çox vəkil qurumu fəaliyyət göstərir. Eyni zamanda son 15 ildə ilk dəfə Naxçıvan Muxtar Respublikasında ümummilli liderin 100 illik yubileyi çərçivəsində Vəkil Bürosu təsis edilmiş, 10 iyul 2023-cü il tarixində Şərur Rayon Vəkil Bürosunun rəsmi açılış mərasimi keçirilmişdir.

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı ilə 2020-ci ildən etibarən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin müvafiq icra hakimiyyətinə deyil, dövlət büdcəsində birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olunmuşdur.

Əsası ulu öndər tərəfindən qoyulan məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi kimi bu gün vəkillər məhkəmə hakimiyyətinin idarə edilməsi, habelə məhkəmə hakimiyyətinin formalaşdırılması, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin iş prosesində üzv kimi fəaliyyət göstərirlər. Həmçinin Vəkillərin İxtisas Komissiyasının işində həm məhkəmə hakimiyyətinin təmsilçiləri, həm də hüquqşünas alimlər iştirak edirlər.

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı vəkilliyin ölkəmizdə daha mütərəqqi quruma çevrilməsi baxımından tarixi sənəd olmaqla yanaşı, gələcək dövr üçün inkişaf istiqamətlərini müəyyən edən yol xəritəsidir. Sənəddə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının səmərəliliyinin artırılması, sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə digər qurumlarla birgə Vəkillər Kollegiyasına mülki-prosessual qanunvericiliyi kompleks şəkildə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflər hazırlanması, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verilməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi tövsiyə olunmuşdur. Habelə, Nazirlər Kabinetinə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması tapşırılmışdır. Hazırda bu istiqamətdə Kollegiya tərəfindən çevik və əməli tədbirlər görülməkdədir.

Prezident cənab İlham Əliyevin vəkilliyə diqqətinin daha bir təzahürü 25 dekabr 2019-cu il tarixli Sərəncam ilə "Vəkil günü" peşə bayramının təsis edilməsi olmuşdur. Sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycan Respublikasında "Vəkil günü" peşə bayramı kimi qeyd edilir. Xüsusilə qürurverici haldır ki, əziz xatirəsi daim yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilən ulu öndər Heydər Əliyevin cari ildə 100 illik yubileyinin qeyd olunması peşə bayramını vəkil korpusu üçün hər zamankından daha əlamətdar edir.

Yuxarıda sadaladığımız fəaliyyət istiqamətlərinin davamı olaraq insan hüquqları sahəsində görülən işlər də xüsusi qeyd edilməlidir. 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edilmişdir ki, hazırda Azərbaycanın yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Dövlət başçısı İlham Əliyevin 17 iyun 2007-ci il tarixli Fərmanı ilə 18 iyun tarixinin - "İnsan Hüquqları Günü" elan olunması ölkəmizdə insan amilinə həssas münasibətin bariz təcəssümüdür. Eyni zamanda 27 dekabr 2011-ci il "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı da bu məqsədlə atılmış addımlara ən bariz nümunədir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən "Heydər Əliyev İli" çərçivəsində görüləcək işlərlə bağlı tədbirlər planı təsdiqlənmişdir. Bu plan çərçivəsində Ulu Öndərin doğulduğu Naxçıvan şəhərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə birgə "Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Prezident İlham Əliyevin vəkilliyə diqqətinin daha bir təzahürü 25 dekabr 2019-cu il tarixli Sərəncam ilə "Vəkil günü" peşə bayramının təsis edilməsi olmuşdur. Sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycan Respublikasında "Vəkil günü" peşə bayramı kimi qeyd edilir. Xüsusilə qürurverici haldır ki, əziz xatirəsi daim yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilən ulu öndər Heydər Əliyevin cari ildə 100 illik yubileyinin qeyd olunması peşə bayramını vəkil korpusu üçün hər zamankından daha əlamətdar edir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən keçən illərin müsbət təcrübələri nəzərə alınaraq vəkillərin təşəbbüsü ilə müxtəlif hüquq sahələrində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Vəkillər Kollegiyasının nəzdində "Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi", "Fərdi vəkillərin koordinasiyası komitəsi", "Gənc Vəkillər Komitəsi" yaradılmış, Kollegiyanın nəzdində fəaliyyət göstərən digər Komitələrin birgə təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilmişdir.

Cari ildə Vəkillər Kollegiyası tərəfindən mövcud yerli və beynəlxalq qanunvericilik, habelə digər ölkələrin bu sahədəki mütərəqqi təcrübəsi nəzərə alınmaqla "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişikliklər edilməsi barədə təkliflər paketi hazırlanaraq aidiyyəti orqanlara son razılaşdırılma üçün təqdim edilmişdir. Razılaşdırılma mərhələsində olan layihədə stajor vəkil institutu, Vəkillər Kollegiyasının statusundan tutmuş vəkilliyə qəbul, vəkillərin intizam icraatı, Kollegiyanın funksiyaları və fəaliyyəti ilə bağlı bir sıra məsələlər öz əksini tapmışdır.

Həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatların davamı kimi cənab Prezident tərəfindən mülki işlərdə birinci və apellyasiya instansiyasında aztəminatlı şəxslərin dövlət hesabına vəkillə təmin edilməsini ehtiva edən Mülki-Prosessual Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi imzalanaraq qüvvəyə minmişdir. Dəyişikliklə mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da hüquqi yardıma ehtiyacı olan, amma vəsaiti olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları, bu hüquqdan istifadə edə biləcək şəxslərin dairəsi müəyyən edilmişdir.

Vəkillər Kollegiyası tərəfindən hər il olduğu kimi, bu il də Pro Bono - ödənişsiz hüquqi yardımlar həyata keçirilmişdir. Belə ki, 2023-cü ildə Respublikamızın bütün ərazilərində 1000-dən çox şəxsə ödənişsiz hüquqi yardım göstərilmiş, həmçinin hər ayın 10-da Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublikamızın bütün bölgələrində "Heydər Əliyev İli"nə həsr olunan ödənişsiz hüquqi yardım aksiyaları keçirilmişdir.

2023-cü il Azərbaycan Respublikası Vəkillər Kollegiyası üçün beynəlxalq arenada əlamətdar olmuş, görülən işlərin davamı kimi Kollegiya daha 2 yeni beynəlxalq nüfuzlu təşkilata üzv qəbul edilmişdir. Cari ilin aprel ayında Azərbaycan Respublikası Vəkillər Kollegiyası Avropa Gənc Vəkillər Assosiasiyasına (EYBA) iyun ayında isə Avropa Vəkillər Kollegiyaları Federasiyasına (FBE) tamhüquqlu üzv qəbul olunmuşdur. Bunlardan əlavə, Vəkillər Kollegiyası rəhbərliyi və üzvləri Avstriya, Serbiya, Türkiyə, Hindistan, Belçika, Portuqaliya, İngiltərə, Qazaxıstan, Türkmənistan, Gürcüstan və Yunanıstanda keçirilən tədbirlərə birbaşa qatılaraq Azərbaycan vəkilliyini layiqincə təmsil etmişlər.

Bundan başqa, ötən dövrdə vəkillərin maarifləndirilməsi, onların ixtisaslaşması istiqamətində də bir sıra işlər görülmüşdür. Vəkillər üçün davamlı tədrisin qurulması və vəkillik institutunun inkişafı məqsədilə Vəkillər Kollegiyasının Akademiyası təsis edilmişdir. Artıq Akademiya tərəfindən aktual mövzulara həsr olunan bir sıra uğurlu ixtisasartırma kursları, təlimlər, seminarlar, dəyirmi masalar və s. təşkil edilmişdir. Kollegiya tərəfindən təşkil olunan ixtisasartırma kurslarında cari ildə ümumilikdə 1500-dən çox vəkil iştirak etmişdir.

Məlum olduğu kimi, Kollegiya hər zaman gənclərə dəstək olur, onların vəkilliyə marağının artmasında bir sıra addımlar atır. Bu mənada, cari ildə gənclər və tələbələrlə iş sahəsində Kollegiya tərəfindən bir sıra mühüm işlər görülmüşdür. Bu mənada, Vəkillər Kollegiyası və respublikamızda bütün hüquq fakültələrinin mövcud olduğu ali təhsil müəssisələri arasında memorandumlar imzalanmışdır. Həmin memorandumlar çərçivəsində universitetlərlə birgə elmi-praktiki konfranslar keçirilmiş və müxtəlif layihələr və proqramlar icra edilmişdir. Beynəlxalq əməkdaşlıqlar nəticəsində universitetlərin fəaliyyətinə müxtəlif formalarda göstərilən dəstək çərçivəsində tələbələrin vəkil qurumlarında təcrübə keçmələri üçün hər cür şərait yaradılır. Cari il ərzində müvafiq vəkil bürolarında 198 tələbə istehsalat təcrübəsində, 168 nəfər isə könüllü qaydada təcrübə proqramlarında iştirak etmişdir. Ümumilikdə son 2 il ərzində müxtəlif vaxtlarda memorandumların bağlanmasından bu günədək 314 tələbə istehsalat formasında, 216 nəfər isə könüllü qaydada təcrübə keçmişdir. Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təhsildə fərqlənən tələbələr üçün "Heydər Əliyev adına tələbə təqaüd proqramı" təsis edilmişdir.

"Heydər Əliyev İli" ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən 6-7 may tarixlərində "Üçüncü Vəkil Şahmat" yarışı təşkil edilmişdir. Həmçinin hesabat ilində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və AFFA-nın birgə təşkilatçılığı ilə vəkillər arasında 4-cü Vəkil Futbol Liqası keçirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkil Klubu tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Vətənim Azərbaycan!" adlı 3-cü Vəkil bədii yaradıcılıq müsabiqəsi keçirilmişdir.

Qeyd olunanlardan əlavə, Kollegiya tərəfindən artıq ənənəvi hal almış yay və qış hüquq məktəbləri təşkil edilmişdir. Fevral ayında ulu öndərin 100 illik yubileyinə həsr olunan 400-dən çox tələbənin müraciət etdiyi "Vəkil olmaq istəyirəm" adlı növbəti qış hüquq məktəbi, iyul ayında isə Şəki şəhərində İkinci yay hüquq məktəbi təşkil olunmuşdur. Ümumilikdə 2023-cü ildə Kollegiya tərəfindən təşkil edilən hüquq məktəblərində 100-ə yaxın hüquqşünas tələbə iştirak etmişdir. Həmçinin Vəkillər Kollegiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq hüquq fakültələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ad gününə həsr edilən "Dəmir yumruq" intellektual müsabiqə keçirilmişdir.

Kollegiya və ELSA Azərbaycan arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, ELSA hər il üç instansiya məhkəmələrində Milli Məhkəmə, Arbitraj Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyaları və digər müxtəlif formatlarda məhkəmə müsabiqələri təşkil edilir və Ali Məhkəmədə final mərhələ təntənəli şəkildə keçirilir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası özündə kifayət qədər vəkil-hüquqşünas alimləri birləşdirir. Bunu nəzərə alaraq redaksiya heyəti tanınmış Azərbaycan, o cümlədən əcnəbi vəkil-hüquqşünas alimlərin birləşdiyi "Azərbaycan Vəkili" elmi-praktiki hüquq jurnalı yeni formatda və beynəlxalq qeydiyyat nömrələrini (ISSN, DOI) əldə etməklə dərc olunmuşdur.

Vəkillər Kollegiyası bundan sonra da öz missiyasına sadiq qalaraq qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini daha da möhkəmləndirəcəkdir.

Böyük qürur hissi ilə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası postsovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biridir. Hazırda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən və dövlətin mühüm öhdəliyi olan yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi kimi şərəfli missiya məhz Vəkillər Kollegiyası çərçivəsində həyata keçirilir ki, bu da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu nəticəsidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatları vəkillik sahəsində də uğurla davam etdirilir. Bütövlükdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda uğurlu və ideal fəaliyyəti dövlətimizin insan hüquqları istiqamətində düzgün siyasətini bir daha sübut edir.

Sonda Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, müzəffər xalqımızı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Anar BAĞIROV,

Azərbaycan Respublikası Vəkillər

Kollegiyası Rəyasət Heyətinin sədri,

hüquq üzrə fəlsəfə doktoru.